banner
banner

Sosİal

3 ölkənin milli qəhrəmanı olan azərbaycanlı

3 ölkənin milli qəhrəmanı olan azərbaycanlı

Dünya elminə adını qızıl hərflərlə yazan bir çox alimimizin varlığından və yoxluğundan çoxumuzun xəbəri yoxdur. Belə alimlərimizdən biri də akademik Eyyub Bəşirovdur. Hansı ki, Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Bəşirov elmi kəşflərinə görə, 70-ci illərdə Roma papası tərəfindən şəxsən təbrik edilib. 
Hazırda Türkiyədə müalicə alan akademikimizlə görüşmək imkanlarımız alınmadığından onun elmi fəaliyyətindən qısaca da olsa məlumat verib, unudulan Eyyub Bəşirovu bir daha tanıtmağa cəhd etməyə qərar verdik. 
Eyyub Bəşirovun elmi yaradıcılığı geniş və çoxşaxəlidir. Alimimizin yaradıcılığının coğrafiyası isə olduqca böyük bir ərazini, Cənubi Amerika, Şimali Afrika, Avropa və Asiya ölkələrini əhatə edir.

Eyyub Bəşirov heyvanların törəyib çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb, sanballı elmi nəticələr əldə edib. Məhz elmdə "Bəşirov metodu" onun adına verilib. Nədir bu “Bəşirov metodu”?

Kənd təsərrüfatı heyvanlarının çoxaldılmasına, bunların cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın 1000 dəfəyə qədər artırılmasına və s. kimi çox mühüm, böyük nəticələr əldə etməyə imkan verən bir metoddur. E.Bəşirov cərrahi yolla erkək heyvanların çoxalma üzvünü 30-45 dərəcə bucaq altında öz təbii yerindən kənara çəkməklə süni mayalamada istifadə etmək üçün yüksək keyfiyyətli toxum alınmasına, törədici-seçici-stimuləedici kimi istifadə edilməsinə, bununla da bir çox mühüm problemlərin aradan qaldırılmasına nail olub. 

Belə ki, əgər adi, təbii cütləşmədə naxırda 1 ildə 1 törədici ilə ən yaxşı halda, ən çoxu 20-25 inək mayalamaq mümkün olursa, dondurulmuş toxumla aparılan süni mayalamada "Bəşirov metodu"nu və hörmətli alimimizin işləyib hazırladığı yeni, orjinal texnologiyaları tətbiq etməklə, 25000 camış və inək mayalamaq mümkündür. XX yüzilliyin ortalarında işlənib hazırlanmış bu orijinal, mütərəqqi metod bu gün də dünyanın heyvandarlıq təcrübəsində geniş istifadə edilir və çox böyük uğur gətirir.

Eyyub Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xolqarabucaq kəndində doğulub. 

1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsinə qəbul olunan Eyyub Bəşirov iki il sonra əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının zootexnika fakültəsinin üçüncü kursuna köçürülür.

E.Bəşirov elmi yaradıcılığa ötən əsrin ortalarında, 1947-ci ildə başlamışdır. Alimin yaradıcılığı şərti olaraq üç dövrə bölünür. 

Birinci dövr- Moskva dövrüdür.1947-1954-cü illəri əhatə edir. Bu dövrə akademik K. A. Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasında oxuduğu illərdə yazılmış əsərlər, aparılmış elmi tədqiqatlar aiddir.

İkinci dövr - Azərbaycan dövrüdür. Bu dövr 1950-ci ildən başlayır və bu günün özündə də davam edir.
Üçüncü dövr - xarici ölkələrdəki ezamiyyətlər dövrüdür.

Hindistan - 1961-ci il (altı ay) İtaliya - 1964-cü il, 6-25 sentyabr, Əlcəzair - 1964-1966-cı, 1968-1970-ci illər, Çili - 1971-ci il (noyabr, dekabr), Əfqanıstan - 1981-1983-cü illər. 
«Əlcəzairin heyvandarlığı», «Çilinin heyvandarlığı» və «Milli Birlik hökuməti dövründə onun inkişaf perspektivləri», «Əfqanıstanın heyvandarlığı», «Hindistan və Bolqarıstanda camışçılıq» və «Yeni Bolqar mürrəhi camış cinsinin yaradılması» adlı əsərləri bu dövrdə yazılmışdır.
Alimin heyvandarlığın sürətli inkişafına, ekoloji baxımdan təmiz, yüksək keyfiyyətli, bioloji qiymətli məhsul 

Keçmiş sovet məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun yaradıcılığı ilə sıx bağlıdır. Fikrimizi başqa sözlərlə ifadə edib, - Daşüz damazlıq zavodu alimin yaradıcılığının xalqımıza bir töhfəsidir, - desək yanılmarıq. Eyyub Bəşirovun dünyada ilk dəfə elmə gətirdiyi süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin köklü sınaqları da burada aparılıb. 

1961-ci ildə Hindistanda, Heydərabad şəhərində alimimizin təklifi ilə «Ümumhindistan heyvandarlıq sərgisi» təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir. Bombey südçülük koloniyasından isə «Mürrəh» cinsindən olan damazlıq rekord camış kəllərini və düyələrini seçir. Azərbaycana gətiriləsi bu rekord cinsli heyvanlar ydi, son anda Moskvanın göstərişi ilə Bolqarıstana göndərilir. Həmin heyvanların əsasında da Eyyub Bəşirov bolqar alimi, professor Aleko Aliksiyevlə birgə «Bolqar mürrəhi» cinsini yaradır. Öz yüksək məhsuldarlığı, yüksək keyfiyyətilə «Bolqar mürrəhi» bu gün də dünyada seçilir.

2007-ci il iyunun 29-da Respublika Kənd Təsərrüfatı Nazirliyinin Damazlıq Şurası tərəfindən iki yeni qoyun cinsi təsdiq edildi. Bunlardan biri Morul Dəmirovun seleksiyası əsasında yaradılmış «Mil-Qarabağ», digəri isə Nəcəf Nəcəfovun «Abşeron» cinsləridir. Hər iki cinslərin yaradılmasının elmi rəhbəri və təşkilatçısı Eyyub Bəşirov olub. 

Eyyub müəllim müxtəlif dövrlərdə Hindistanda, Əlcəzairdə, Çilidə və Əfqanıstanda olarkən bu ölkələrin kənd təsərrüfatı sahəsinin, damazlıq-döllük sisteminin təşkilində, inkişaf etdirilməsində və möhkəmləndirilməsində, milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Elə buna görə də həmin dövlətlərin başçıları alimimizin şəxsən özünə və sovet dövlətinin lideri Leonid Brejnevə dərin minnətdarlığını bildirirdilər.

1971-ci ildə Sov.İKP Mk-nın katibi A.P. Kirilenko Çiliyə gedəcək iki nəfər mütəxəssisin, alimin, Smirnovun və bir də Eyyub Bəşirovun sənədlərini Baş katib Leonid İliç Brejnevə təqdim edir. O, - Azərbaycan elminin nəzəriyyəsi də var, təcrübəsi də, - deyib, Azərbaycan heyvandarlıq elmi məktəbinə üstünlük verir.
Məlumdur ki, Çilidə heyvandarlıq sahəsinin inkişafına böyük önəm verilir. Çünki ölkə əhalisinin heyvandarlığa, xüsusən də ətə, ət məhsullarına tələbatı olduqca böyükdür. Milli Birlik hökuməti dövründə, ötən əsrin 70-ci illərinin əvvəllərində sovet hökuməti tərəfindən bir ekspert-alim, mütəxəssis kimi Çiliyə ezam olunan Eyyub Bəşirov bu ölkənin iqlim şəraitini, otlaqların, çöl-çəmən, meşə, ot örtüklərini, su mənbələrini, yağan yağıntının miqdarını, heyvandarlığın ayrı-ayrı bölgələrdə inkişaf perspektivlərini, maddi-texniki bazasını, sahənin inkişafına lazım gələn bütün amilləri araşdırıb öyrənir, tədqiq edir. Aparılan tədqiqatların nəticəsi kimi «Çilinin heyvandarlığı» adlı fundamental əsər ortya qoyuldu.

Eyyub Bəşirov Çilidə elmi ezamiyyətdə olarkən bu ölkədə damazlıq heyvandarlığın inkişafı, proqressiv metod və texnologiyaların tətbiqi, kadr hazırlığı kimi bir çox elmi problemlərin həllini nəzərdə tutan 10 illik plan-proqram işləyib hazırlamışdır. Bu plan-proqram dərin elmi əsaslara söykənirdi. Həmin proqramın yerinə yetirilməsi isə Çilinin heyvandarlığının inkişafının təkanverici qüvvəsi, təminatı demək idi .
Prezident Salvador Alyendenin aşağıdakı sözləri isə azərbaycanlı alimin əməyinə verilən ən yüksək qiymətdir:

- «Mister Eyyub Bəşirovun 45 gündə gördüyü iş Çilinin birinci dərəcəli elmi-tədqiqat institutlarının altı ayda gördüyü işlərə bərabərdir».

Eyyub müəllim 1946-1966 və 1968-1970-ci illərdə Əlcəzairdə gördüyü işlər, apardığı elmi tədqiqatlar bu ölkənin kənd təsərrüfatının, heyvandarlığının inkişafında mühüm rol oynadı. Ölkədə damazlıq heyvandarlıq sistemi quruldu. Süni mayalama stansiyaları təşkil edildi. Süni mayalamanın geniş tətbiqi vasitəsilə məhsuldarlıq artırıldı. Müasir texnologiyalardan istifadə olunması, süni mayalamanın aparılması qısırlığı aradan qaldırdı. Həyata keçirilən tədbirlər hər 100 ana qoyundan 111, inəklərdən isə 100-102 bala almağa imkan verdi. O dövrdə bu rəqəmlər qoyunlar üzrə Şimali Afrika ölkələrində görünməmiş rekord bir göstərici idi. İnəklərdən alınan balaların sayı isə dünya rekordu idi. Həm də həmin bölgədə, həmin ölkələr arasında ilk dəfə olaraq Əlcəzairdə damazlıq -seleksiya, damazlıq-döllük, süni mayalama stansiyalarında, məntəqələrində çalışacaq, altı aylıq kurslarda 200 nəfərlik mütəxəssislər korpusu yaradıldı.

1966-cı ilin yayında Fransanın Kənd Təsərrüfatı nazirinin, baytarlıq xidməti generalının Əlcəzairə gəlməsi, Eyyub Bəşirovla görüşməsi, onun bu ölkədə apardığı təcrübələr və əldə etdiyi elmi -təcrübəvi nailiyyətlərlə tanışlığı və ondan aldığı məsləhətlər nəticəsində, sonralar Fransada yeni bir texnologiya-fransız süni mayalama texnologiyası yaradıldı. Hazırda ən mütərəqqi, ən proqressiv texnologiya kimi bundan dünyanın bütün qabaqcıl ölkələrində istifadə edilir.

Ötən əsrin səksəninci illərində Əfqanıstanda gedən dərin, mürəkkəb tarixi proseslərin ən qızğın çağında Eyyub Bəşirov bu ölkədə işləməli olur. Kənd Təsərrüfatı nazirinin müşaviri vəzifəsində çalışan alim bu ölkənin aqrar sektorunun dirçəlməsinə, məhsul istehsalının artırılmasına, sahənin elmi əsaslarının yaradılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nail oldu.

Həmin dövrdə Əfqanıstanda bir-birinə qənim kəsilən hər iki tərəf - Şürəvilər və «düşmənlər» Eyyub müəllimin qarşısında əyildilər. Silah qarşısında əyilməyənləri onun nüfuzu əyirdi. «Düşmənlər» deyirdilər ki, sən bizə, bizim ölkəyə müharibənin odunu, alovunu yarıb həyat gətirmisən, viran qalmış torpaqlarımızı dirildirsən.

1964-cü ilin sentyabrın 6-dan 13-ə kimi İtaliyanın Trento şəhərində V Beynəlxalq Elmi Konqres keçirildi. Bu böyük elmi məclisdə 64 ölkədən 1200 nəfər alim iştirak edirdi. Həmin elmi məclisdə Eyyub Bəşirov «Camışların törəyib çoxalmasının biologiyası və süni mayalandırılması» mövzusunda elmi məruzə etdi. Böyük maraqla dinlənilən elmi məruzə bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutdu və qızıl medala layiq görüldü. Roma Papası VI Pavel şəxsən özü alimimizi böyük uğur münasibətilə təbrik etdi və öz portretini hədiyyə verdi.

Eyyub Bəşirov Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidentidir. O, bu ictimai quruma rəhbərlik etməklə yanaşı, Azərbaycan Camışçılar Assosiasiyası, Azərbaycan Arıçılar İttifaqının fəaliyyətinin istiqamətləndirilməsində fəal iştirak edir. O, səkkiz dildə yazır, oxuyur və danışır.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin fərmanı ilə bu il kənd təsərrüfatı ili elan olunub. Məqsəd kənd təsərrüfatında inkişafa nail olmaq və bu sahənin iqtisadiyyatda payını artırmaqdır. 

İnanırıq ki, kənd təsərrüfatı ilində bütün dünyanı heyrətləndirən akademikimizin məsləhətlərindən istifadə ediləcək...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah Sumqayıtda su kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah, iyunun 8-də bir sıra yaşayış məntəqələrində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Anormal istilər gəlir — 12:00-dan 16:00-a qədər çölə çıxmayın!

Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.