banner
banner

Sosİal

İcra başçıları İtaliyada

İcra başçıları İtaliyada

Azərbaycan Respublikasının bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti İtaliyada işgüzar səfərdədir.

CİA.Az-ın AzərTAc-a istinadən məlumatına görə, səfərin məqsədi İtaliyanın yerli idarəetmə sistemi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirməkdir.

Ağdam, Ağsu, Babək, Bərdə, Füzuli, Xocavənd, Laçın, Şamaxı, Tərtər, Tovuz rayon icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti Roma şəhərinin parklar sistemi, tarixi abidələri, muzeyləri, sosial infrastrukturu və iqtisadi obyektləri ilə tanış olub.

Daha sonra İtaliyanın Nazirlər Şurası yanında Regional məsələlər, muxtariyyətlər və idman departamentinin regional məsələlər şöbəsinin direktoru Covanni Vetritto ilə keçirilən görüşdə ölkələrimizin regionları arasında əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə iştirak edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bildirib ki, ölkələrimiz arasında əlaqələr inkişaf edir. Siyasi, mədəni, iqtisadi sahədə genişlənməkdə olan münasibətlərimiz dərin tarixi köklərə əsaslanır. Bu gün də ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir.

Səfir dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, son illər Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf səviyyəsinə nail olması, ölkəmiz ilə İtaliya arasında münasibətlər, Prezident İlham Əliyevin cari ilin iyulunda İtaliyaya səfərinin nəticələri və əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi barədə məlumat verib. “İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır”, - deyən V.Sadıqov siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olmasının iqtisadi əməkdaşlığın da dinamik inkişafına müsbət təsir etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadi siyasətində İtaliyanın regionları ilə əlaqələrin genişləndirilməsi xüsusi yer tutur.

C.Vetritto Azərbaycan nümayəndə heyətinin İtaliyaya səfərindən məmnunluğunu bildirib. Səfərin iki ölkənin regionları arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb. O, ölkəsinin yerli idarəetmənin təşkil edilməsi, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarəsi və digər mövzularla bağlı ətraflı məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Niyaz Əliyev deyib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağıran qətnamələrinə hələ də əməl olunmur.

N.Əliyev ölkələrimizin bir sıra şəhərləri arasında qardaşlaşma münasibətlərinin olduğunu xatırladıb. O, gələcəkdə bir hissəsi işğal altında olan şəhər və rayonlarımızın İtaliyanın bölgələri ilə qardaşlaşmasının əhəmiyyətini vurğulayıb.

Oktyabrın 24-də başa çatacaq səfər çərçivəsində nümayəndə heyətinin İtaliyanın bir sıra şəhərlərinə səfərləri və merləri ilə görüşləri nəzərdə tutulub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.