Özünü “psixoloq” kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “cinayətkar” və “qatil” adlandırması cəmiyyətdə haqlı olaraq, kəskin reaksiyalara səbəb olub. Gənc qızın mövqeyinə olan reaksiyalar bir daha onu göstərdi ki, Azərbaycan xalqı Qarabağı güzəştə gedə bilməz. Ekspertlər bildirirlər ki, bu, eyni zamanda Qarabağı Ermənistana güzəştə getməyi düşünən xarici qüvvələrə də sərt mesajdır. Onlar da gedən proseslərdən anlayırlar ki, xalq başına gələnləri bağışlamaq, torpağını düşmənə güzəştə getmək fikrində deyil.
“Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirib ki, Nərim kimilər cəmiyyətdə var və onların müəyyən hissəsi həm də xaricdə yaşayır: “Onları antimilli insanlar adlandırardım. Mübariz İbrahimov kimi həyatını torpağın azad edilməsinə qurban verən, təkbaşına çoxsaylı işğalçı erməni əsgərlərini haqqına öldürən dəyərli övladımıza edilən həqarətin arxasında əxlaqsızlıq dayanır. Bu cür insanlar təbii ki, Azərbaycanla bağlı olmayan, daha çox kosmopolit, həm də erməni xalqı, dövləti ilə bu və ya digər tellərlə bağlı olan şəxslərdir. Ona görə də düşünürəm ki, hər halda, Nərmin kimi şəxslərin sosial şəbəkələrdəki fəaliyyətinə bizim vətənpərvər, millətini, torpağını sevən vətəndaşlarımız tərəfindən lazımi cavab verilir. Hesab edirəm ki, bu, kifayət deyil. Cəmiyyətdə yetərincə xoşagəlməz diskussiya açan, Mübariz İbrahimov kimi şəhidimizə təhqiramiz fikirlər söyləyən bir adamın əməllərinə Azərbaycan qanunları çərçivəsində hüquqi qiymət verilməlidir. Bu, heç bir halda fikir azadlığının qarşısının alınması, ona qarşı görülmüş tədbir kimi dəyərləndirilməli deyil. Çünki Mübariz İbrahimov sıradan bir insan deyil. O, Azərbaycan ordusunun, əsgərinin, ölkəmizin vətənpərvər övladlarının simvoludur. Ona qarşı göstərilən hörmətsizlik, bütün dediyim təbəqəyə, xalqımıza qarşı olan təhqirdir. Bu baxımdan məsələyə hüquqi qiymət verilməlidir”.

Deputat bildirib ki, hadisə Azərbaycan xalqının şəhidinə verdiyi yüksək qiyməti də ortaya qoydu: “Deyirsə ki, oradakı əsgərlər məsumdur və sairə, bunun sadə bir cavabı var. Bu əsgərin Azərbaycan torpağında nə işi var? O erməni əsgəri Azərbaycan torpağındadırsa, deməli, ölməyə məhkumdur. Bu, birmənalıdır. Mübariz İbrahimov əgər gedib, sülhün hökm sürdüyü zaman kəsiyində Ermənistanda dinc əhalini, qadınları, uşaqları öldürsəydi, o, haradasa bu və ya digər şəkildə qınaq obyektinə çevrilə bilərdi. Mübariz İbrahimov Azərbaycan torpağında işğalçı ordu olan Ermənistan əsgərlərini öldürüb və bunu tamamilə doğru edib. Məsələnin başqa bir izahı yoxdur. Kim bunun əleyhinə gedirsə, deməli, o, Mübariz İbrahimovun yanında deyil. Ümumiyyətlə, bu adamlar heç Azərbaycan xalqının da yanında deyillər. Heç şübhə etmirəm ki, onların damarlarından erməni qanı axır. Araşdırılsa, dediklərimin şahidi olacaqsınız. Ona görə də deyirəm ki, hər zaman belələri olub və gələcəkdə də olacaqlar. Onlara qarşı isə Azərbaycanın vətənpərvər insanları, gəncliyimiz dayana bilir. Biz aprel döyüşlərində ermənilərə çox ciddi və ağır zərbələr vurduq. Orada şəhid olanlar coşqunluqla dəfn edildi. Heç kim şəhidlərin dəfninə dəvət edilmədi. İnsanlarımız öz istəkləri ilə həmin mərasimlərə qatıldılar. Bu, Azərbaycan cəmiyyətinin, xalqının şəhid olmuş övladına olan münasibətinin parlaq ifadəsi idi. Ataların bir misalını deməyə məcburam. Xahiş edirəm ki, dəyərli soydaşlarım, bunu kobud ifadə kimi qəbul etməsinlər. İt hürər, karvan keçər. Biz Ali Baş Komandanımız, cənab prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənilərin də qanını bu torpaqlarda tökəcəyik. Bunun alternativi yoxdur”.

Məsələ ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu isə söylədi ki, hazırda yaranmış mənzərə xoşagələn deyil:“Birdən-birə tələbə qızın ortaya çıxıb belə yazı paylaşması özü şübhə doğurur ki, hadisə hansısa siyasi texnologiya ola bilər. Mümkündür ki, yazılanlar həmin qızın fikri deyil. Lakin bu da istisna deyil ki, o, elə öz fikrini ifadə edib. Əgər özü yazıbsa, bu da başqa bir problemdir. Deməli, biz hələ də gənclərimizdə lazımi vətənpərvərlik hisslərini aşılaya bilmirik. Özü də baxırıq ki, bu qız psixoloq adı ilə tirajlanır. Əslində isə həmin qız psixoloq deyil, tələbədir və psixologiyanı öyrənir. ”Azərbaycanlı psixoloq belə dedi" başlığı ilə məsələni dünyada tirajlamağın özü də yanlışdır. Psixologiya öyrənən adam sosial psixologiyanın tələblərini bilməlidir. Bilməlidir ki, onun bu fikri cəmiyyətdə hansı reaksiyanı doğurar, hansı mənzərə yaradar. Bu baxımdan onun psixologiya sahəsindəki biliyini aşağı qiymətləndirirəm. Sosial psixologiyanı bilmirsə, adam özünə necə psixoloq deyə bilər? İkincisi də lap psixoloqdur və belə bir düşüncədədir. O zaman anlamalıdır ki, fikir cəmiyyət üçün deyil. Sadəcə olaraq, hansısa seminarda deyilə bilər. Bunun indiki halda belə bir şəkildə ortaya çıxması nə elmi, nə də etik baxımdan doğru deyil. Yazının ortaya çıxması müəyyən yad siyasi texnoloqlara xidmət edə bilər. Yəni bunu kimsə bilərəkdən həyata keçirməyibsə belə, artıq müəyyən qüvvələr siyasi texnologiya vasitəsi kimi bundan bəhrələnə bilərlər. Azərbaycan cəmiyyətinin reaksiyasını yoxlayıb, müəyyən nəticələrə gələrlər. Təəssüf ki, müəyyən bir qrup həmin qızı dəstəkləyir. Bilə-bilə ki, ölkədə məsələyə münasibət nə dərəcədədir, ancaq yenə də dəstəkləyirlər. Bunun özü də təhlil üçün müəyyən bir materialdır. Ona görə də hadisənin olması heç də xoşagələn deyil. Təhsil müəssisələrimizdə vətənpərvərliklə bağlı təbliğat işlərini daha da gücləndirmək üçün işlər aparmaq lazımdır".


