Birgə gedək bu yolları
Gün gün üste xəzəl kimi qalanır,
Kor bəxtimin darısqaldı xoş günü.
Zaman keçir, yaş üstə yaş calanır,
Canim gözüm, ömrümə qoş ömrünü...
Yollarına döşəmişəm sevgimi,
Sən də mənə ürəyini aç, barı.
Ömrümüzün qoy dəyişsin iqlimi,
Birgə gedək bu kəsəkli yolları...
Gəl yarışaq: çox sevəcək kim-kimi,
Təbəssümlər aşıb-daşsın dodaqdan.
Mizrabından ayrı düşən sim kimi,
Qərib-qərib baxışmayaq uzaqdan...
Zaman keçir, tez ötürür il-ili,
Düşün məni,sən də düşün azacıq.
Ömrümüzdən uzaq edək nisgili,
Uzaq dursun bu sevgidən ayrılıq...
Baxışlarım sənə salıb meylini,
Gözdən gözə körpü salmaq çətindi.
Bir dəfə sev, min dəfə gör xeyrini,
Bu dövrdə könül almaq çətindi...
Bu payızın duman çəni sovuşar,
Bir yuvanı isidərik ikimiz.
İki cığır bircə yolda qovuşar,
Bəlkə o cür qovuşarıq elə biz...
Tonnajı ağır iztirablar
Təsadüfi bir günün,uğursuz sabahından başladı hər şey..
Sən unutqanlıqla, mən darıxqanlıqla sınağa çəkildik..
Və ondan sonra..
Nankor darıxmaqlar, bakirə xəyallarımı zorlamağa başladı,
Halbuki əynimdəki ümidlər köhnəlməmişdi.
Halbuki ayaq izlərin, dəfn olunmamışdı asfalt küçələrimizdə.
Yoxluğunda oksigen bitdi bu şəhərdə, nikotini çox olan siqaretlərlə qidalanmağa başladı ciyərlərim..
Gülüşümün bünövrəsini,bir qəpik etməyən təsəllilərlə doldurdum.
Halbuki hələ boşanmamışdı əllərinin istiliyi saçlarımdan,dodaqlarınin istisi yanaqlarımdan.
Və ondan sonra...
Mərhəmət umdum, mürgülü gecələrin yuxulu səhərlərindən, kimsəsiz şəhərin daş tikililərindən, ümidsiz dodaqların sonbeşik gülümsəmələrindən...
Halbuki bədənimdə buzlaşma, ürəyimdə daşlaşma dövrü başlamamışdı hələ.
Və ondan sonra intizar yağdı başıma, qara pişiklər çıxdı qarşıma.
Yerə düşdü xoşbəxtliyim, öpüb gözlərimin üstünə qoymaq çıxdı yadımdan.
Kimsəsiz evdə, dumanlı pəncərədən küçələrə baxıb darıxdım bütün itlərə inad.
Yamaqlı düşüncələrimə bükülmüş təkliklərim, yerlə yeksandır indi..
Dənizə sarılmış bədbin qağayılarla böldüm, tonnajı ağır iztirablarımı.
İndi gözlərimə nəzərən bütün dünya ətalətdədir.
İndi bütün təbəssümlərə müxalifətəm..
Və sən, içimə gömülən xatirələr qəbristanlığının sonuncu qəhrəmani.
Və sən bir şeirin misralarında can verən şahzadə...
Unudulmuşluğundam öpürəm...
Sən gedəndən dağınığam
Bu taleyin nədir mənlə davası,
Ümidlərim zərrə-zərrə kiçilmiş.
Qəlbim olub intizarın yuvası,
Kədər sanki lap əynimə biçilmiş...
Möhürlüdür bircə şirin öpüşə,
Yad gözəlin dodağında dad olmur.
Xatirələr bağlı qalıb keçmişə,
O sevgi də,o öpüş də yad olmur...
Ətrin gələn bircə mektub yaz barı,
Gümanım yox başqa nəsə ummağa.
Xəyalların heç buraxmır yaxami,
Day qorxuram gözlərimi yummağa...
Qalmayıbdı daha o od,o həvəs,
Zaman ötub,o gedənsən o gedən.
Səndə sonra bir darıxmaq,bir qəfəs,
Unudulmur, unudulmur hər ötən...
Dönməyinə ümid qalıb azacıq,
Gündə yüz yol alovlanıb sönmüşəm.
Sən gedəndən dağınığam, dağınıq,
Qafiyəsiz şeirlərə dönmüşəm...
Təkcə şeirlərim yaşadar səni
Hər tərəf sənsizlik qoxuyur yenə,
Taleyin mənimlə davasına bax.
Qəlbim ayrıliqdan oxuyur yenə,
Fələyin çaldığı havasına bax...
Daha başa çatib mənli çağlarin,
İndi bir özgənin dad, öpüşünü.
Bir vaxt mənə bağli o dodağlarin,
Necə qəbul edir, yad öpüşünü...
Olmaya günahkar sayirsan məni??
Ünvani kimədir kəm baxişlarin???
Bilirəm, axtarir hər zaman məni,
Həsrətdən qızarmış,nəm baxişlarin....
Qırılmaz zəncirdi, bir vaxt eşqimiz.
Hanı əllərimdən tutanım, indi ?!
Yenə də günahkar biz olmuşuq, biz.
Gərək öz-özümdən utanım indi...
Unutmaq-özüdə böyük müəmma,
Bu kiçik beynimə sığışmır axı ?!
Mən səni unutmaq istərəm, amma-
Xəyalin gözümdən yığışmır axı ?!
Bağışla, deyəsən danişdim qəliz.
Çoxda fikir vermə, sözümə mənim,
Hani ?? bəs deyirdin ölərəm sənsiz?
Heçdə pis dəymirsən gözümə mənim...
Bir sevda nəğməsi qaldi yarımçıq,
Mən hesab etmirəm daha var, səni,
Mənimçün həyatda ölmüsən artıq.
Təkcə şeirlərim yaşadar səni...


