Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldə Avropa İttifaqının genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Yohannes Xanla keçirdiyi birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyevlə gözlənilən görüşü barədə suallara cavab verib.
Avropa.info xəbər verir ki, İlham Əliyevlə əvvəlki görüşlərin yekununa dair ictimaiyyətə açıqlanacaq yeniliklərin olmasına dair suala cavabında Paşinyan əvvəlki görüşlərin qeyri-rəsmi xarakter daşıdığını bildirib:
“Əslində biz, Qarabağ məsələsinin həlli variantlarını və incəlikləri haqda ümumiyyətlə danışmamışıq. Biz bunu hələ müzakirə etməyə başlamalıyıq. Hələ Tehranda olanda demişdim ki, bizim gələcək görüşümüz danışıqlar formatına həsr olunacaq. Belə ki, mövqeyimizin dəyişmədiyini hesab edirik. Məsələnin effektiv həlli üçün ilk növbədə “DQR”in danışıqlarda iştirakını təmin edəcək məhsuldar format yaratmaq lazımdır”.
Yohannes Xan isə Ermənistanın yeni baş nazirinin hakimiyyətdə olduğu müddət ərzində dövlət və XİN başçıları ilə yeni görüşlər keçirmək fürsətinin olduğunu qeyd edib.
Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirlməsi məsələsində Avropa İttifaqının necə yardım göstərməsi ilə bağlı suala cavabında Xan yeni heç nə yaratmadan mövcud formatı saxlamağı təklif edib. Onun sözlərinə görə, qarşılıqlı etibar vasitələrinin inkişafı çox vacibdir.


