Bu ilin əvvəlindən Bakı şəhərinin müxtəlif rayonlarında polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində paytaxt ərazisində dilənçiliklə məşğul olan şəxslər saxlanılıb. Xeyli sayda qadın, kişi və azyaşlı dilənçilər saxlanılaraq, onlarla fərdi söhbətlər aparılıb, barələrində inzibati qaydada protokol tərtib olunaraq, qeydiyyatda olduqları rayonlara göndərilib.
Lakin Bakı Avropa Oyunlarına ev sahibliyi edəcəyi bir vaxtda paytaxtın küçə və xiyabanlarında hələ də dilənçilərlə rastlaşmaq mümkündür. Onlar paytaxtın gediş-gəlişin sıx olduğu yerlərində, parklarda, metrostansiyaların yaxınlığında hər keçən gün daha da çoxalırlar.
Buradan da belə bir qənatə gəlmək olur ki, dilənçilər yenidən “vəzifə başına” dönüblər. Görünür, polis tərəfində xəbərdarlıq və cərimələr onları çox da qorxutmur. Avropa Oyunları ilə əlaqədar nəzarət güclənsə də, dilənçilər öz fəallıqlarını həmişəki qaydada davam etdirirlər.
İndi isə həmin dilənçiləri başqa sahədə - “salfet bazarlığı” edərkən görürük. 10 qəpiklik salfetkanı yalvararaq, 20 qəpiyə almağı xahiş edir, yalvarırlar. “Uşağım evdə xəstədir, yalvarıram, bu salfetkaları alın”, “Acından ölürəm, bir salfet alın”, “Sizə qurban olaram, bir salfet alın” deyə dilənçilər bəlkə də bu yolla polsilərdən canlarını qurtarmağa çalışırlar. Halbuki, bu salfet satanların bir müddət öncə yerlərdə sürünərək, diləndiklərinin şahidi idik. Hətta “Gənclik” metrosunun çıxışında 10 qəpiklik salfetin üçünü bir manata satan dilənçi hamilə qadını çoxları görüb. Gəlib, keçənlərədən yalvararaq, onlardan kömək diləyir.
Azyaşlı uşaqlar isə daha çox axşam saatlarında metro çıxışlarında, binaların arasında, tinlərdə oturaraq, diənirlər. Hətta eyni dilənçini gün ərzində başqa-başqa məkanlarda da görmək olur.
Xatrıladaq ki, 2012-ci ildə Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edən zaman həmin ərəfədə paytaxtdakı dilənçilər demək olar ki, tamamilə gözə görünmədilər. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki S.Bağırov müsabiqənin keçirilməsinə bir neçə ay qalmış açıqlama verərək bildirmişdi ki, “Eurovision” mahnı müsabiqəsinə kimi paytaxt küçələrindən dilənçilər yığışdırılacaq.
Müsabiqə başa çatana qədər dilənçilər demək olar ki, paytaxtda görünmədilər. Lakin müsabiqə bitər-bitməz dilənçilər yenidən fəaliyyətə keçdilər. //Musavat


