Musa Quliyev: “Bu prosesi bir günün içərisində həll etmək mümkün deyil”
2020-ci il yanvarın 1-dən ölkə üzrə İcbari Tibbi Sığortanın tətbiq olunması gözlənilsə də, məlum olub ki, sistem ölkə ərazisində mərhələli şəkildə tətbiq ediləcək. Ötən həftənin altıncı günü Milli Məclisin Səhiyyə Komitəsinin iclasında bu barədə İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib. O təklif edib ki, icbari tibbi sığorta yanvarın 1-dən etibarən Azərbaycanın şimal bölgəsində başlansın: “Şimal bölgəsinə 20 rayon daxildir. Bundan 3 ay sonra, yəni aprelin 1-dən etibarən bu prosesə ölkənin qərb bölgəsindəki rayonlar qoşulacaq, söhbət daha 17 rayondan gedir. 3-cü rübdən etibarən bu prosesə cənub bölgəsindəki 14 rayon qoşulacaq. 4-cü rübdən isə bu prosesə Bakı və Sumqayıt rayonları da qoşulacaq. Nəticədə 2020-ci ilin sonunadək bütün ölkə əhalisi tibbi sığortadan yararlana biləcək”.
Qeyd edək ki, məsələ sosial şəbəkələrdə, mətbuatda müzakirə obyektinə çevrilib. Əsas suallar icbari tibbi sığortanın hansı səbəbdən mərhələli şəkildə keçiriləcəyi ilə bağlı olub. Eləcə də paytaxt Bakının son mərhələyə salınması da müzakirə edilib.
Mövzu ilə bağlı parlamentin Səhiyyə Komitəsinin üzvü, deputat Musa Quliyev “Yeni Müsavat”a danışıb:
“Heç yerdə göstərilməmişdi ki, icbari tibbi sığorta yanvarın 1-dən bütün ölkəni əhatə edəcək. Hər zaman deyilib ki, 2020-ci ildə icbari sığorta bütün ölkəni əhatə edəcək. Bu, bütün dünya praktikasında da belədir. Adətən icbari tibbi sığorta tədricən bölgələr üzrə həyata keçirilir.
Prosesin mərhələli şəkildə həyata keçirilməsinin səbəblərindən biri odur ki, bu günə qədər səhiyyə müəssisəsinin tərkibində çalışan müəssisələr yanvarın 1-dən TƏBİB-ə (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) keçəcək. Bu prosesi bir günün içərisində həll etmək mümkün deyil. Yüzlərlə bu cür müəssisə var. Həmin müəssisələri araşdırmaq lazımdır ki, attestasiyası varmı, nələr çatır, nələr çatışmır, kadr hazırlıqları nə yerdədir və sairə".
Deputat bu məsələdə vəsait çatışmamazlığı olmayacağını deyib:
“Vəsait tam çatacaq. Amma bir şey var, yanvarın 1-dən neft sektoru və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən insanlar 2 faiz, qeyri-neft sektorunda çalışanlar isə 1 faiz olmaqla vəsaiti ödəməyə başlayacaqlar. Büdcədən ödənilənlər elə yanvarın 1-dən keçəcək. Lakin burada müəyyən bir kapital da formalaşmalıdır ki, bu da il ərzində həyata keçəcək. Qeyd etdiyim kimi, bu problem maliyyə ilə bağlı deyil. Çünki prezident 2023-cü ilə qədər adambaşına 90 manat olmaqla, hər bir Azərbaycan vətəndaşının dövlət hesabına sığorta olunmasını qanunla tövsiyə edib. Bu da qəbul olunacaq. Yəni maliyyədə problem olmayacaq. Əgər bu il səhiyyəyə 1 milyard manat vəsait ayrılmışdısa, gələn il bu vəsait təxminən 1 milyard 600 milyon manata çatacaq.
Problem əsasən texniki məsələdir. Kadrların təminatı, müəssisələrin Səhiyyə Nazirliyinin sistemindən TƏBİB-ə keçməsi, bunların hamısını bir günün içində həll etmək mümkün deyil".

Musa Quliyev paytaxt Bakının hansı səbəbdən sonuncu mərhələyə saxlanılmasına da aydınlıq gətirib:
“Bakı şəhərində böyük klinikaların sayı çoxdur. İlk öncə paytaxtda bu işi görmək, yəni ağır yerdən başlamaq olmazdı. Yüngül rayonlardan, zonalardan başlamaq lazımdır ki, ortaya kəm-kəsir çıxacaqsa, onu dərhal aradan qaldıra bilək. Yəni Bakının əhalisi ilə Quba-Xaçmazın əhalisinin sayı eyni deyil, məsələ budur”.
Musa Quliyev onu da xatırladaraq qeyd edib ki, icbari tibbi sığortanın xidmətlər paketində 2000-ə yaxın xidmət var: “Hesab edirəm ki, bu, başlanğıc üçün yaxşıdır. Bura açıq ürək əməliyyatları, stent qoyma, böyük həcmli cərrahi əməliyyatlar daxil edilib. Növbəlilik qaydasında orqan transplantisayı da bura daxil ediləcək”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə məsələdən narazı qaldığını bildirib: “Ümumiyyətlə, bu məsələdə çox yanlışlıqlar oldu. Pilot layihələri və sairə, axı bunlar nəyə lazımdır? Dünyanın apardığı praktikalar var. Ən azından Türkiyə təcrübəsindən yararlanmaq olardı. Türkiyədə 2000-ci illərə qədər icbari tibbi sığorta müəyyən yerlərdə dövlətlə vətəndaş arasında bölünürdü. Daha sonrakı dövrdə dövlət bütün xərcləri tam öz üzərinə götürdü. Biz də bu cür mərhələli sistemlə işləyə bilərdik. Ən azından insanların əziyyət çəkdiyi onkoloji, təxirə salınmaz yardımları önə salıb, qalan işləri xərclərin bölünmə sistemi ilə həyata keçirmək olardı. Yəni variantlar çoxdur və işləri uğurla həll etmək olardı. Lakin təəssüf ki, bu baş vermədi. Əvvəlcə pilot rayonları elan etdilər, daha sonra qərar verdilər ki, 2020-ci il yanvarın 1-dən bütün respublikanın əhatə edəcəklər, indi isə məlum olur ki, buna keçmək mümkün deyil və prosesi mərhələli aparacaqlar. Bunu 5-6 ay əvvəl proqnozlaşdıra bilmirdilərsə, sonrakı 5-6 ayı necə proqnozlaşdıracaqlar?
Lazımdır ki, məsələ ilə bağlı mütəxəssislərə müraciət edilsin, məsələlər ətrafında toplaşaraq müzakirələr aparılsın. Bu məsələ ümumrespublika problemidir və buna görə birlikdə müzakirə edib, qərar vermək lazımıdır. Ən azından ictimaiyyətin də rəyi olmalıdır".

Adil Qeybulla qeyd etdi ki, əhalinin bu məsələdə maarifləndirilməsinə böyük ehtiyac var: “Bu məqamda ”bulanıq suda balıq tutmaq məsəli yada düşür. Yəni ilk növbədə, onların dedikləri ümumiyyətlə aydındırmı ki, əhali də nəsə başa düşsün? Bu səbəbdən əndirəbadi qərarlar verilir, əhali də çaşqınlıq içərisində qalır ki, “nə olacaq?” Hiss olunur ki, elə başlanğıcdan bu məsələ xaosa gedir. İcbari tibbi sığorta sosial müdafiənin çox mühüm elementidir. Məsələnin təbliğatına çox ciddi ehtiyac var. İşi məsuliyyətlə həyata keçirmək lazımdır. Təəssüflər olsun ki, bir qurum bu məsələni öz üzərinə götürüb və müxtəlif, icbari tibbi sığorta ilə daban-dabana zidd olan açıqlamalar verir, rəylər bildirir, sonda isə bu cür nəticə alınır".
Xatırladaq ki, ötən gün millət vəkili Siyavuş Novruzov da parlamentdəki çıxışında icbari tibbi sığorta üzrə sahənin mütəxəssislərinin əhaliyə ətraflı izahat verməli olduğunu deyib: “Çünki bu məsələ təkcə qanunla həll olunası deyil. İnsanlara tibbi sığorta sistemindən necə istifadə olunması izah edilməlidir. Bununla bağlı İctimai Televiziyada həftədə üç dəfə veriliş efirə getməli, mütəxəssislər dəvət olunaraq sistemin mahiyyəti izah edilməlidir. İnsanlar hesab edir ki, qanun qəbul edildi və hansı xəstəliyi olsa, sığorta kağızını göstərib müalicə olunub oradan çıxmalıdır. Ona görə də insanlara paketə nələr daxil olduğunu və prosesin necə olacağını izah etmək lazımdır.
Məlum olub ki, hələ də ən inkişaf etmiş ölkələrdə belə bu problemlər öz həllini tamamilə tapmayıb. Elə etmək lazımdır ki, ölkədə icbari tibbi sığortaya keçid vətəndaşlar arasında narazılıqlara səbəb olmasın. Əsas məsələ bu sistemin vətəndaşların sağlamlığına xidmət etməsidir".

S.Novruzov qeyd edib ki, Azərbaycanda kifayət qədər müasir tibbi avadanlıqlar olsa da, onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil: “Ona görə də bu avadanlıqları işlədə bilən kadrların olması vacibdir. İcbari tibbi sığortadan yararlanan vətəndaş gəlib deyəcək ki, pulumu ödəmişəm və mənə düzgün diaqnoz qoyun. Problem olanda da məhkəmə çəkişmələri başlayacaq.
Ona görə də ictimai müzakirəyə ciddi şəkildə ehtiyac var. Bir-iki rayonda bunu həyata keçirmək olar. Bütövlükdə respublikanı əhatə etmək üçün tam şəkildə əminlik olmalıdır. Əminlik olduqdan sonra sistemi ölkə üzrə tətbiq edə bilərik".


