Mütəxəssis: “Neçə ki, rəqabət mühiti yoxdur, qiymətlər baha, xidmətlər keyfiyyətsiz olaraq qalacaq”
Dünyada bir çox ölkələr turizmdən on milyardlarla dollar gəlir əldə etməkdədirlər. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, 2018-ci ildə turizmdən ən çox gəlir əldə edən ölkə ABŞ olub - 214 milyard dollar gəlirlə. İkinci yerdə olan İspaniya turizmdən 74 milyard dollar qazanıb. Fransa ötən il turzimdən 67 milyard dollar, Tayland 63 milyard dollar, İingiltərə 52 milyard dollar, İtaliya 49 milyard dollar, Avstraliya 45 milyard dollar, Almaniya və Yaponiya isə müvafiq olaraq 43 və 41 milyard dollar əldə edə biliblər. Çin əhalisinin sayına görə dünyada birinci olsa da, turizm sektorunda 10-cu pillədədir. Bu ölkənin ötən il turizmdən əldə etdiyi gəlir 40 milyard dollar olub. Hər il milyonlarla turist qəbul edən qonşu Türkiyə 2018-ci ildə bu sahədən əldə etdiyi gəlir 25 milyard dollarla siyahının 13-cü pilləsində qərarlaşıb.
ÜTT-in hesablamalarına görə, dünyada turistik gəzintiyə çıxmaq istəyənlərin 35 faizə qədəri qış turizm növlərinə üstünlük verirlər. Elə dünyada ən bahalı turizm növləri də qış turizminə məxsusdur. Yəni qış turizmi dünyada bahalılığı ilə tanınır. Ölkəmizin yaxın qonşuları olan Rusiya, Gürcüstan, Türkiyə qış turizminin inkişafı sahəsində böyük irəliləyişlər əldə ediblər.
Azərbaycanda qış turizmi 2011-ci ildən etibarən inkişaf etdirilməyə başlayıb. Xüsusilə Qəbələ rayonunda Tufandağ, Qusar rayonunda Şahdağ turizm mərkəzləri istifadəyə verildikdən sonra bu sahədə göstəricilər xeyli yüksəlib. Lakin bu göstəricilərin ölkənin qış turizm potensialından qat-qat aşağıda olduğu göz önündədir. Məsələ burasındadır ki, ölkəmizdə Qəbələ və Qusardan başqa, Şəki, İsmayıllı, Daşkəsən, Gədəbəy, Lerik, Yardımlıda təbii iqlim şəraitinə, coğrafi mövqeyinə görə qış turizmi üçün əlverişli bölgələrdir. Lakin bu bölgələrdə qış turizminin tələblərinə cavab verən infrastruktur demək olar ki, mövcud deyil. Statistik göstəricilərdən aydın olur ki, 2018-ci ilin sonuna ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin sayı 22 192 olub ki, bunun da 10233-ü Bakı şəhərindədir. Bakı istisna edilməklə, rayonlar arasında birinci yerdə 2 405 nömrə ilə Xaçmaz rayonu, ikinci yerdə 1097 nömrə ilə Qəbələ rayonu, üçüncü yerdə 981 nömrə ilə Qusar rayonu, dördüncü yerdə 659 nömrə ilə Gəncə şəhəri gəlir. Qış turizmi üçün unikal imkanları olan Daşkəsəndə nömrə sayı 15, Gədəbəydə isə cəmi 21 ədəddir.
2018-ci ilin yekunlarına əsasən ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmə sayına görə Qəbələ rayonu bütün rayonları qabaqlayır - 311 min 591. Bakıdan sonra heç bir rayonda bu qədər gecələmə sayı qeydə alınmayıb. Rayonlar arasında gecələmə sayına görə ikinci yeri tutan Xaçmazda bu göstərici 2 dəfəyə yaxın azdır - 162 min 409. Daşkəsəndə bu göstərici 23, Gədəbəydə 1799, Şəkidə 15 942, Qubada 113 894, Lerikdə 10364-dür.
Mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələyənlərin arasında xarici ölkə vətəndaşlarının sayına görə də Qəbələ Bakıdan sonra ikinci yerdədir - 137,2 min nəfər. Qusarda gecələyənlər arasında xarici ölkə vətəndaşlarının sayı 34,5 min nəfər, Qubada 30,7 min nəfərdir. Ötən il Daşkəsəndə 0, Gədəbəydə 43, Lerikdə 51 nəfər, İsmayıllıda 171, Şəkidə 5374, İsmayıllı 9 437 xarici ölkə vətəndaşı gecələyib.
Daşkəsən, Lerik, Yardımlı, Gədəbəy kimi yüksək dağlıq ərazilərdə nəinki turizm üçün, heç yerli əhali üçün də bir sıra infrastruktur şəbəkəsi qurulmayıb. Bu rayonlar ərazi və əhalinin yarıdan çoxu təbii qazla təmin olunmayıb, elektrik şəbəkəsi 30-40 il əvvəl qurulandır. Belə infrastruktur olan yerlərdə turizm obyektlərinin tikilməməsi təbii sayılmalıdır.

Qış turizminin qızğın dövrü dekabr-yanvar-fevral ayları hesab olunur. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu dövrdə ölkədən gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 731,6 min nəfər təşkil edib. Ölkə vətəndaşlarının 36,5 faizi İrana, 26,2 faizi Gürcüstana, 18,4 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 7,0 faizi isə digər ölkələrə səfər edib.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2018-ci ilin dekabr ayı ərzində Azərbaycana dünyanın 196 ölkəsindən 216,1 min nəfər gəlib. Bu dövrdə ölkədən xaricə gedənlərin sayı isə bundan iki dəfədən də çox olub - 443,6 min nəfər. Yəni ötən qış turizmi mövsümü sayılan 3 ayda Azərbaycana gələnlərin sayı 580,3, ölkədən gedənlərin sayı isə 1 milyon 175,2 min nəfər olub. Düzdür, ölkəyə gələnlərin, yaxud gedənlərin heç də hamısı turizm məqsədli səfər sayılmır. Xüsusilə Azərbaycandan İrana səfərlərin böyük əksəriyyəti, Türkiyəyə olan səfərlərin xeyli hissəsi turizm deyil, ticarət və səhiyyə məqsədi daşıyır. Lakin hətta bunları kənara qoyduqda belə, Azərbaycandan turizm üçün xaricə gedənlərin sayının eyni məqsədlə ölkəyə gələnlərdən ikiqat çox olduğunu görmək mümkündür.
Ölkə vətəndaşlarının turizm üçün yerli mərkəzlərə deyil, xaricə üz tutmasının isə iki mühüm səbəbi var: mövcud turizm mərkəzlərində qiymətlərin hədsiz bahalığı, təklif olunan xidmətlərin isə keyfiyyətsizliyi. Bu gün Şahdağ və Tufandağda bir nəfərin 1 günlük xərcinə Türkiyədə, Gürcüstanda, hətta bəzi Avropa ölkələrində minimum 6 gün dincəlmək, xizək sürmək, qış turizminin gözəlliklərindən bəhrələnmək mümkündür. Azərbaycan turizm şirkətlərinin təkliflərinə nəzər yetirdikdə görürük ki, Praqaya dekabrın 24-dən yanvarın 5-dək olan turpaketin qiyməti 2 min manatdır, Gürcüstanın qış turizm bölgələrinə 6-7 günlük səfərlər 800-1200 manat arasında dəyişir.
Uşaqlarla birlikdə gedilməli olan əsas qış turizm məskəni Finlandiyanın Laplandiya bölgəsi sayılır - Yeni ili orada qarşılayıb 6 gün istirahət etmək 2900 manatadır. İki uşaqla gedən ailələrə güzəştli qiymətlər təklif olunur. Bir ailənin 6 günlük istirahəti 10 min manata başa gəlir. Bayram günlərindən sonra isə qiymət 1 nəfər üçün 1500 manata qədər düşəcək.
Azərbaycanda isə bir ailənin 6 gün Şahdağda qalması 20 min manatdan yuxarı başa gəlir. Bu şəraitdə təklif olunan baha aldığın xidmət qiymətə adekvat deyilsə, ölkə vətəndaşlarının turizm məqsədilə daha çox xaricə üz tutmasını təbii qarşılamaq lazımdır.
Onu da bildirək ki, Azərbaycanda qış turizminin inkişafının dəstəklənməsi 2016-cı ildə prezident fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin prioritetlərindən biridir.
Sənəddə qeyd olunur ki, region ölkələrində qış turizm növü üzrə bir sıra rəqib məkanl6arın olması Azərbaycanın bu turizm növü üzrə potensialından tam istifadəni çətinləşdirir: “Azərbaycanın qış idman komplekslərinin yalnız 4 və 5 ulduzlu mehmanxanalardan ibarət olması onu deməyə əsas verir ki, region ölkələrində olan alternativlərlə müqayisədə həmin mehmanxanalar həm say, həm də qiymət baxımından tam rəqabətqabiliyyətli deyildir (şəkil 22). Belə ki, bazar payının potensial artımı nəzərə alınaraq, qış turizm növünə tələbatın artırılması məqsədilə ölkə ərazisində qış idman komplekslərinə dəstək göstərilməsi, aidiyyəti üzrə qış turizmi məhsullarının çeşidinin artırılmasına şərait yaradılması və onların inkişaf etdirilməsi prioritetləşdirilməlidir”.

Turizm sahəsi üzrə mütəxəssis, Azərbaycan Turizm Assosiasiyası İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimovun “Yeni Müsavat”a dediyinə görə, sovet dövründə Azərbaycanda yalnız Şamaxıda - Pirquluda qış turizm mərkəzi olub: “İnsanlar iş yerlərindən şənbə-bazar günlərində gedib orada dincəlirdilər. Çox yaxşı ki, indi ölkədə iki böyük, beynəlxalq standartlara cavab verən qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlardan biri Şahdağda, digəri Tufandağdadır. Lakin bu mərkəzlərdə qiymətlər həddindən artıq yüksəkdir, insanların bununla bağlı narazılıqlarını biz də görürük. Xüsusilə bayramqabağı qiymətlər lap bahadır. Bir çox mütəxəssislər bunu təbii qarşılayırlar, deyirlər, qiymət siyasətinə qarışmaq olmaz. Əsaslandırırlar ki, bu baha qiymətlə o mərkəzlərdə yer tapmaq olmur. Həqiqətən mən də maraqlanmışam, hər iki mərkəzdə bayram günləri üçün bütün yerlər dolub”.
Müsahibimiz deyir ki, qış turizmi bütün dünyada bahalı turizm növü kimi tanınır: “Lakin buna baxmayaraq, müxtəlif əhali qrupları üçün qış turizminin müxtəlif seqmentləri var. Məsələn, Avropada ən bahalı qış turizmi Alp dağlarındadır - İsveçrə, Avstriya, İtaliya. Orta seqmentdə gedir Finlandiya, Norveç. Aşağı təbəqə - yəni azgəlirli insanlar üçün Polşa, Sloveniya və digər ölkələrdə qış turizm imkanları yaradılıb. Azərbaycanda da Qaxda, Zaqatalada, Lerikdə, Daşkəsəndə, Gədəbəydə aztəminatlı insanlar üçün nəzərdə tutulmuş mərkəzlər yaradılmalıdır. Bu, yalnız daxili turizmin inkişafı üçün deyil, xaricdən gələn aztəminatlı turistlər üçün əlverişli şərait demək olar. Bu rayonlarda 200-300 yerlik, 1-2-3 ulduzlu hotellər yaradılarsa, qiymətlər də aşağı olar. Bu olarsa, sağlam rəqabət yaranar və adını çəkdiyimiz Tufandağ və Şahdağda da qiymətlər tənzimlənər. Neçə ki, belə bir rəqabət mühiti yoxdur, qiymətlərin düşməsini gözləmək mümkün deyil. Özü də bu baha qiymətlərin müqabilində təklif olunan xidmət xüsusilə regionlarda çox aşağıdır”.
Qeyd edək ki, strateji yol xəritəsində ölkədə 2-3 ulduzlu hotellər, həmçinin daha ucuz hostellər şəbəkəsinin yaradılması üçün dəstəkləyici tədbirlərin hazırlanması nəzərdə tutulurdu. Lakin sənədin təsdiq olunmasından 3 ildən yuxarı vaxt keçsə də, bu sahədə ciddi addımlar hələ də atılmayıb. Bir çox mütəxəssislər bunu iri turizm mərkəzlərinin rəqabət yaranmaması üçün göstərdikləri müqavimətlə bağlı olduğunu deyirlər. M.Ağakərimov hesab edir ki, bu məsələdə qeyd olunan amil də rol oynayır: “Burada digər amillər də var. Obyekti tikmək istəyən sahibkarlar dövlətin dəstəyini real olaraq hiss etməlidilər. Dövlət adları çəkilən rayonlarda qış turizminin inkişafına nail olmaq üçün sahibkarlara ciddi güzəştlər müəyyənləşdirməlidir. Belə sahibkarlara torpaq pulsuz verilməlidir, bir neçə illik vergi güzəşti tətbiq olunmalıdır. Rəhmətlik Turqut Özalın dövründə bu cür addımlar atılmaqla ölkədə turizmin inkişafına çox böyük təkan verildi. O vaxt Alanya, Kəmər bölgələri qazma daxmalardan ibarət idi. Amma bir neçə ilin içərisində hotellər şəbəkəsi ilə tam əhatə olundu. Azərbaycan da bu uğurlu təcrübədən bəhrələnməlidir. Orta və aşağı seqmentli turizm mərkəzlərini yaratmaqla biz çox qısa müddətdə Gürcüstanı arxada qoya bilərik”.
Dünya SAKİT,
“


