Onlar özlərini müxtəlif cür təqdim edə bilərlər - “vəkil”, “general”, hətta “nazir müavini” kimi də ətrafa özlərini sırıyırlar. Əslində isə bu adamlar yalnız və yalnız bu rola 1 məqsədlə giriblər - dələduzluq. Niyyət budur: pullu və problemli şəxsi müəyyən eləmək, onu özünün “generallığına”, “vəkilliyinə” inandırmaq və pulları əlindən alıb aradan çıxmaq. Qalan məsələlər isə bu adamları düşündürmür. Əsas aldadıb pulu almaqdır. Qalan məsələləri isə taleyin ümidinə buraxıb, yox olurlar.
Dələduzluğun daha kiçik miqyaslı formaları da var. Kimisi özünü maşına toxundurub, sürücüdən pul alır, bir başqası maşını etibarnamə ilə satıb, sonra avtomobilin guya əlindən alındığını iddia edir, digəri həbsdə olan şəxsə kömək adı ilə dələduzluq edir...
Dələduzluq cinayətlərinin dinamikasına nəzər saldıqda, ilbəil cəmiyyətdə belələrinin sayının artdığını müşahidə edirik.
Bu ilin sentyabrında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində paytaxt sakini Firdovsi Ələkbərov ələ keçib. Bu şəxs general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib. Təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb. Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara “general”, “polkovnik” və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb. Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24 min 976 manat, T.Musayevdən 3 min manat və E.Axundzadədən 6 min manat pulu alıb. F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.
Bakı sakini Etibar Hüseynov da hazırda həyatının 8 ilini məhz dələduzluq əməlinə görə dəmir barmaqlıqlar arxasında keçirməkdədir. Özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilərək hakim qarşısına çıxarılan Əziz Hüseynov barəsində qərarı dəyişdirəcəyini vəd edib. İstintaqı aparan vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib və bu məqsədlə də ev dustaqlığında olan Ə.Hüseynovdan 3640 manat alıb. E.Hüseynov bundan başqa, digər təqsirləndirilən Çingiz İsmayılovla qabaqcadan əlbir olaraq Vəli Məmmədova qarşı dələduzluq edib həbsdə olan oğlunu azad edəcəyinə söz verməklə ondan 22 min manat pul alıblar. İttiham aktına əsasən, E.Hüseynov Zəhra Məmmədovanın həbsdə olan qızı barəsində bəraət hökmü çıxartdıracağını vəd edib ondan 18 min 600 manat, Ağatahir Zəkiyevə özünü vəkil kimi təqdim edərək Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilən A.Zəkiyevin cəzasını cərimə cəzası ilə əvəz edəcəyini vəd edib və onun yaxınlarından 7 min manat alıb.
Pulları alıb və aradan çıxan E.Hüseynov tezliklə müəyyən edilib və tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Hüseynov 8 il azadlıqdan məhrum edilib...
Bəs insanları bu cür cinayətlərə sövq edən nədir?

Psixoloq Azad İsazadə “Yeni Müsavat”a deyib ki, dələduzluq cinayətlərinin artması ümumilikdə sosial-iqtisadi durumla əlaqəli olsa da, bəzi hallarda psixi çatışmazlığın təzahürü kimi də qiymətləndirilir:
“Kleptomaniya adlı bir xəstəlik var. Buna oğurluq xəstəliyi də deyirlər. Belə şəxslər pulu, imkanları yaxşı olan, ehtiyacı olmadığı halda, dərhal istifadə etməyəcəyi və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürür, oğurlayırlar. Araşdırılanda məlum olur ki, bank kartında minlərlə manat var, amma supermarketə girəndə 3-4 manatlıq da olsa, oğurluq edir. Bu, adətən yeniyetməlik yaşında yaranır və belə şəxslər ömürlərinin sonuna qədər bu xəstəlikdən qurtula bilmirlər. Dələduzlar arasında belələri az deyil. Elə insanlar da var ki, bilirlər borc alıb qaytara bilməyəcək, amma borc alırlar. Problemi də öz axarına buraxırlar: ”Əşşi, sonra düzələr, sonra düzəldərəm" düşüncəsi ilə Əlinin papağını Vəlinin başına və əksinə gün keçirir. Bunu psixoloji bir problem kimi qiymətləndirmək olar. İnsan vəziyyəti düzgün və real qiymətləndirmir. Öz imkanlarını həddindən artıq hesab edir, vəziyyətdən çıxacağını düşünür. Reallıqda bu adamlar dələduzlar, cinayətkarlardır".
Azad İsazadə deyir ki, belələri istedad baxımından da seçilirlər: “Peşəkar dələduzlar yaxşı aktyor olur, insanı inandırmağı bacarır, insanlarla yaxşı ünsiyyət qurur. Dələduzluğu da bacarmaq lazımdır. Sözsüz ki, belə fəaliyyət növü ilə məşğul olub öz üzərində işləyən, peşəkar yalan danışmağa adət edənlərin gec-tez yolu həbsdən keçir. Bu cür həyat tərzi psixoloji patalogiya deyil, bu adamlar aldatma məqamında pul əldə etməkdən əlavə əməllərindən ləzzət də alırlar. ”Atdım", “aldatmağı bacardım”, “bunu da etdim” düşünürlər. Sanki fokus göstərirlər. Hamını inandırırlar ki, doğru danışırlar. Faktiki isə yalanla insanların var-dövlətlərin əllərindən alırlar".
Azad İsazadə Azərbaycanda dələduzluq meyllərinin artmasının səbəbinə də toxunub: “Sosial baxımdan qeyri-sabit zaman kəsiklərində dələduzların sayı çoxalır. Ekstrasenslər, fala baxanlar, cadugərlər, daha yüngül yolla iş düzəldənlər ortaya çıxır. Xatırlayırsınızsa, paytaxt sakini Firdovsi Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırmışdı. Yəni faktiki olmayan bir strukturun ”generalı" olduğuna xeyli insanı inandıra bilmişdi. Bunu da bacarmaq lazımdır. Formanı tikdirmək, geyinmək, özünü formaya uyğun aparmaq bir bacarıq tələb edir. Bu rola girən insan ətrafındakıları inandırır ki, pulla hansısa işləri görə bilir. Adamlardan pullarını alır və aradan çıxır".
Azad İsazadə özünə xəsarət yetirmək üzərindən də pul qoparanların olduğunu deyir: “Elələri var ki, özünü maşının altına atır, maşını ilə başqa maşını bilərəkdən əzir və sonra da adamı borclu çıxarıb pul alır. Maşının altına özünü atanlar bilirlər ki, polisə şikayət etməməyin müqabilində onlara nəsə verəcəklər. 1-2 həftə baxacaqlar, yedirdib içirəcəklər. Bu cür üsulla dələduzluq edib pullar əldə edirlər”.


