Azərbaycanda parlament seçkilərinin başa çatmasına sayılı günlər qalıb. Bunu nəzərə alaraq müşahidə apardığımız seçki dairələrində baş verənləri, daha şanslı namizədləri nəzərinizə çatdırırıq.Beləliklə, “SÖZ” Araşdırmalar Mərkəzinin hesabatına diqqət ayıraq.
Müşahidə apardığımız dairələrə ciddi qanun pozuntularına rast gəlmədik. Amma müəyyən dairələrdə bəzi namizədlərin plakatları nəzərdə tutulmayan yerlərdə vurulmuşdu. Bundan başqa bəzi namizədlər rəqiblərinə qarşı qeyri-qanuni təbliğat aparır, KİV vasitəsiylə böhtanlar yaydırırdılar. Hələlik baş verən qanunsuzluqlar bunlardan ibarət idi. İndi isə müşahidə apardığımız dairələrdə namizədlərin durumuna aydınlıq gətirək.
“SÖZ” Araşdırmalar Mərkəzi 8 dairədə araşdırmalar aparıb və bu dairələrdən yalnız üçündə hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədləri fərqlənə bilib.
1. Yeni Azərbaycan Partiyası tərəfindən 62 saylı Saatlı seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Əziz Ələkbərli parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla aparan namizəd oldu. Seçicilərlə sıx təmas quran namizəd seçicilərinin inamını qazana bildi və hazırda mövcud dairədə tam üstünlüyə nail ola bilib.(Əziz Ələkbərli ilk dəfədir ki, seçkilərə qatılıb)
2. 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədov uğurlu təbliğat-təşiqat kampaniyası aparan namizədlərdəndir. İlk dəfə seçkilərə qatılan deputatlığa namizəd demək olarki tam üstünlüyünü təmin edib.
3. Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd olan Naqif Həmzəyevdə seçki kampaniyasını uğurla aparan namizədlərdəndir. Gəncləri ətrafında cəm edən Naqif Həmzəyev seçiciləri ilə ən çox görüş keçirən namizəd olub.
XÜSUSİ QEYD: Müşahidə apardığımız digər dairələrdə YAP namizədləri diqqəti cəlb edə bilmədi.
4. 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyev ilk gündən üstünlüyü ələ ala bilən namizəd kimi tanındı. YAP sıralarından seçkilərə qatılan Elnur Allahverdiyev yerli sakinlərlə sistemli görüşlər keçirtməklə layiqli deputat olacağını seçicilərinə izah edə bilib. Bu gün seçkilər keçirilərsə o çətinlik çəkmədən mandat qazana bilər.
İndi isə müstəqil şəkildə seçkilərə qatılan namizədlərin durumuna baxaq.
1. 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən deputatlığa namizəd Arzu Nağıyev rəqibləri üzərində indidən qələbə qazanan namizəd hesab oluna bilər. Hər kənddə bir neçə görüş keçirən Arzu Nağıyev seçicilərin inamını qazana bilib. Birinci dəfə seçkilərə qatılan namizəd uğurlu kampaniya apara bildi.
2. 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu uğurlu seçki kampaniyası aparan namizədlərdəndir. İqbal Ağazadə kimi ciddi rəqibi olan Rauf Arifoğlu ən müasir üsullardan istifadə etməklə rəqibini cüzi olsada üstələyə bilib və hazırkı durumda seçkilər olardısa o qələbəsini təmin edə bilərdi.
3. 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd olan Vüqar Bayramov indidən qələbəsini təmin edə bilən namizədlərdəndir. Əhali tərəfindən coşqu ilə qarşılanan namizəd rəqiblərin öndədir.
4. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd olan jurnalist Zaur Əhməddə fərqli seçki kampaniyası təşkil edə bildi. Ciddi rəqibləri olsada şəhid övladı və jurnalist olan Zaur Əhməd seçiciləri tərəfindən daha səmimi qarşılanır.
Beləliklə ilkin nəticələrlə Sizləri tanış etdik. Araşdırmalar davam etdirilir.


