Fəaliyyəti 10 ildir dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev bir vaxtlar bu təhsil müəssisəsini bazara çevirmişdi. İndi Fransa polisi də onun qanunsuz fəaliyyətini araşdırır.
Fransa milli polisinin baş müfəttişliyi tərəfindən təhqiqat başlayıb. S-2020/469 nömrəli iş KİV-də onun qanunsuz fəaliyyəti haqqında dərc edilmiş materiallardan sonra açılıb. Fransada olan siyasi mühacir Ramin Nağıyev “Turan” agentliyinə belə deyib.
Biz Musavat.com üçün bu xəbərin üzərindən sabiq rektorun sahibi olduğu ABU-ya yollandıq. Düz 10 ildir ki, qapıları bağlanmış universitetin binası və geniş həyəti istifadəsiz qalıb.
Təhsil ocağına aid ərazinin bir hissəsi metro deposuna çevrilsə də, yerdə qalan böyük massivə bu günə kimi insan ayağı dəyməyib. E.Abdullayevin şəxsi mülkü olan ABU-nun üzərindəki həbs indiyə qədər götürülməyib.
Bir ara başqa universitetin bura köçürüləcəyi gözlənilirdi, amma deyilənlər özünü doğrultmadı. Hazırda ABU necə buraxılıbsa, elə də qalıb. Hətta TQDK-nın çoxdankı elanı da girişdəki pəncərədədir.
Universitetin qapıları isə qıfıllanıb, həyətinə girmək mümkün deyil, içərini kol-kos, ot-alaf basıb. Halbuki, bir zamanlar universitetin qarşısında tələbə izdihamı yaşanırdı, onları daşıyan marşrutlar, ətrafdakı dönərxanalar, kafelər, internet klubları, şirniyyat dükanları gecə-gündüz işləyirdi.

Eks-rektorun barəsində qeyri-qanuni tələbə qəbulu, habelə müxtəlif bəhanələrlə tələbələrdən yığdığı külli miqdarda vəsaitlər, şəxsi kabinetindən götürülmüş qeyd vərəqləri ilə bağlı ittihamlar var.
Ara yerdə ABU-ya qanunsuz qəbul olunan yüzlərlə məzunun pulu batdı, diplomsuz qaldı. Vaxtilə bu universitetdə oxuyanlar şahidlik edirlər ki, burada tək-tük tələbə semestr imtahanlarından pulsuz qiymət alırmış.
Bu işi dekanlar və metodistlər həyata keçirirmiş, açıq şəkildə pul alır, tələbəni imtahandan kəsir, məzunlar dövlət imtahanına buraxılmır, buraxılana isə pul almamış diplom verilmiriş. O dövrdə semestr imtahanı 150-200 manata, diplom işi isə 1000-1500 manat civarında həllini tapırmış. Dərsə gecikənlərin “qayıb pulu” da ayrı haqq-hesab olub.
Bir sözlə, ABU nəhəng bir korrupsiya çarxını xatırladıb.
Keçmiş tələbələr danışır ki, bu universitetdə elə fakültənin elə kursu olmayıb ki, paralel qanunsuz tələbə qəbulu olmasın. “Həmin tələbələrdən 3000-5000 manat alaraq ABU-ya qəbul edirdilər”, - şahidlər deyir.
İndi isə bu böyük təhsil binası 10 ildir ki, istifadəsizdir. Hərçənd, ABU-nun binasından təhsil təyinatlı istifadə etmək olardı. Çünki hər bir şəraiti var.
Qeyd edək ki, Fransa polisi Elşad Abdullayevin Avropada qanunsuz fəaliyyəti haqqında məlumata malik olan şəxslərdən 30 Rue Antoine-Julien Hénard, 75012 Paris, France, [email protected] ünvanına məlumat vermələrini xahiş edir.
Xatırladaq ki, Elşad Abdullayev Azərbaycan Baş Prokurorluğu tərəfindən insan orqanlarının qanunsuz ticarəti və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur.
Azərbaycan Baş Prokurorluğunun məlumatında donorların böyrəklərinin qanunsuz şəkildə əcnəbi vətəndaşlara köçürülməsi faktı üzrə cinayət işi açıldığı bildirilirdi. Söhbət 2009-cu ilin martından dekabrına qədərki dövrdən gedir.
Prokurorluğun məlumatına görə, əməliyyatlar Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində keçirilirdi.
E.Abdullayev və mərkəzin baş həkimi Dilarə İsmayılovaya qarşı CM-in 137.3-cü (insan orqanlarının və ya toxumalarının alış-satışı) və 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.
Bakının Nəsimi rayon məhkəməsi Abdullayevi qiyabi olaraq həbsə məhkum edib və barəsində beynəlxalq axtarış elan edib.


