Elman Nəsirov: “Azərbaycan prezidenti dünya səviyyəli lider olduğunu ortaya qoyur...”
Azərbaycan prezidenti İlham Əliyevin 10 martda VI Çağırış Milli Məclisin ilk iclasındakı geniş nitqi gündəmi zəbt etməkdədir. Dövlət başçısı həmin çıxışında çox ciddi məqamlara aydınlıq gətirib, xarici dairələrə öz mesajlarını çatdırıb. İlham Əliyevin çıxışından təqdim etdiyimiz hissə xüsusilə diqqət çəkir.
Azərbaycan prezidenti xarici təşkilatları nəzərdə tutaraq deyib: “O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır. Qərəzli yanaşmanı ifşa etmək lazımdır. Necə ki, mən daim bunu edirəm və kifayət qədər faktlar var. Bunu demək üçün siyasətçi olmaq lazım deyil. Adi vətəndaş bunu görür televiziyada. Baxın, bizə demokratiyadan dərs vermək istəyənlər hansı cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Jurnalistləri əsassız ittihamlarla həbs edirlər, çürüdürlər onları. Göz qabağındadır, dinc nümayişçiləri itlərlə, atlarla dağıdırlar. Bir ölkədə yox, iki ölkədə yox, demək olar ki, bu, indi bizi tənqid etmək istəyən məkanda kütləvi hal alıbdır. Müsəlman miqrantlara qarşı, baxın, necə münasibət göstərilir. Onları XXI əsrdə itlərlə əzirlər, qəfəsə salırlar. Sonra isə qəfəsə yemək parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?!
İndi də bütün vasitələrdən istifadə edib onları əzmək fikrindədirlər. Bəs o miqrantlar haradan yarandı? Nə üçün onlar yarandı? Nəyə görə öz ölkələrini tərk etdilər? Kim onların ölkələrinə basqın etdi? Kim o ölkələri məhv etdi? Kim sabitliyi pozdu? Kim milyonlarla qaçqının yaranmasına səbəbkar oldu? Ona görə kim bunu edibsə, qoy onun acısını da çəksin. Nə üçün Türkiyə, bizim qardaş ölkəmiz 4 milyon qaçqını qəbul etməlidir, yedirməlidir, içirməlidir, milyardlarla pul xərcləməlidir? Bunları Türkiyəmi didərgin salıb? Yox. Onları didərgin salanlar gəlib onlara sahib çıxsınlar.
Bütün bunları demək lazımdır. Mən bu gün bu kürsüdən bunu deyirəm, açıq, heç kimdən çəkinmədən. Çünki mən haqlıyam və həqiqətə qarşı heç kim heç nə deyə bilməz. Əlbəttə, bax, görərsiniz, bu sözlərdən bir neçə gündən sonra yenə çirkin məqalələr çıxacaq, yenə hansısa bir qondarma təşkilat nəsə bəyanat verəcək ki, Azərbaycanda o, pisdir, bu, pisdir. Eybi yox, qoy desinlər. Amma biz bu həqiqətləri deməsək, sabah bu, bizim başımızda sınacaq. Ona görə bunu deməliyik və siz də deməlisiniz. Mən bütün deputatlara deyirəm, heç bir sövdələşməyə getmək olmaz. Beynəlxalq təşkilatlarla işləmək lazımdır, biz də işləyirik, ancaq bizim maraqlarımız var və kifayət qədər arqumentlərimiz var. Ona görə mən sizi bu mübarizəyə çağırıram - həm Avropa Şurasında, həm ATƏT Parlament Assambleyasında, həm də bütün başqa təşkilatlarda. Beləliklə, hesab edirəm ki, bu istiqamətdə atılacaq addımlar bizim ölkəmizin mövqeyini daha da gücləndirəcək".
Deputat Elman Nəsirov “Yeni Müsavat”a dövlət başçısının çıxışını bu cür şərh etdi: “Ölkə prezidenti cənab İlham Əliyev çox geniş, əhatəli, parlaq nitq söylədi. Nitqində ölkəmizin daxili, xarici siyasət məsələləri, aparılan islahatlar, onun müxtəlif sferaları əhatə etməsi, eyni zamanda qanunvericilik sahəsində islahatların keçirilməsi kimi məsələlərə toxundu. Ölkə başçısı vurğuladı ki, bir çox hallarda Azərbaycanda gedən olduqca müsbət prosesləri özünü demokratiyanın beşiyi hesab edən Avropa dövlətləri görməməzliyə vururlar, təhrif olunmuş informasiyalar, yalanlar yayırlar, demokratiyadan dəm vururlar, amma ölkələrində insanların, jurnalistlərin hüquqları, azadlıqları tapdalanır. Cənab prezident onu da bildirdi ki, öz haqları uğrunda etiraza çıxan insanlara qarşı itlərdən, atlardan, dəyənəklərdən istifadə edirlər. Azərbaycana qarşı mövqelərində hər şeyin qara rəngdə təqdim olunduğunu da dövlət başçısı vurğuladı. Azərbaycanda bu qədər islahatların getməsinə, ən müxtəlif sahələr üzrə böyük addımların atılmasına baxmayaraq, bunların heç birini həmin Avropa dövlətlərinin görmədiyini cənab Prezident diqqətlərə çatdırdı. Əslində görürlər, sadəcə, görməzlikdən gəlirlər. Azərbaycana qarşı həmin dövlətlərin, bəzi beynəlxalq qurumların zaman-zaman ən müxtəlif təzyiq üsullarına əl atdıqlarını az görməmişik. Cənab Prezident haqlı olaraq onu da qeyd etdi ki, onlar Azərbaycana qarşı təzyiq göstərmək üçün öz daxilimizdəki ”Beşinci kolon"un funksiyalarından geniş şəkildə istifadə edirlər. Yaratdıqları bu “kolon”un fəaliyyətlərindən narazı olduqlarını da ölkə başçısı xüsusilə vurğuladı, onların inqilab edə bilmədiklərini söylədi, ölkədə sabitliyi pozmaq niyyətlərinin puça çıxdığını qeyd etdi. Onların yeni “Beşinci kolon” yaratmaq niyyətinə düşdüklərini də dövlətimizin başçısı önə çəkdi.
İlham Əliyev bir vacib məqama da toxundu ki, biz ölkəmizdə əmin-amanlığı, sabitliyi, təhlükəsizliyi göz bəbəyi kimi qorumalı, hər birimiz buna töhfə verməliyik. Bu baxımdan parlamentin üzərinə böyük vəzifələrin düşdüyünü Azərbaycan rəhbəri önə çəkdi. Bildirdi ki, hər bir deputat ilk növbədə, xalqının içərisində olmalı, onların qayğısı ilə yaşamalıdır. Deputatın seçicini maraqlandıran məsələni gündəmə gətirməsinin və müvafiq dövlət qurumlarının qarşısında qaldırmasının vacibliyindən də söz açıldı".
Deputat Prezidentin 4 milyon qaçqınla bağlı dediklərinə də toxundu: “Cənab Prezident elə qlobal məsələləri qaldırır ki, əslində bu günləri böyük dövlətlərin rəhbərləri buna qiymət verməlidirlər. Amma bunu edə bilmirlər. Sözün həqiqi mənasında Azərbaycan Prezidenti dünya səviyyəli lider olduğunu ortaya qoyur. Bu gün dünyada çoxmilyonlu qaçqın, miqrant ordusu yaranıb. Cənab prezident çıxışında çox ciddi suallar ortaya qoydu. Sual ünvanladı ki, bunları kim qaçqın salıb? O sualı da səsləndirdi ki, onların isti ocaqlarını tərk etmələrinə kim bais olub? Ölkə başçısı onu da söylədi ki, kim bunları edibsə, indi o qaçqınlara, miqrantlara sahib çıxsın. Dövlət başçısı bu baxımdan Türkiyənin siyasətini müdafiə etdi. Türkiyəyə gələn 4 milyon qaçqının gəlişində qardaş ölkənin heç bir günahının olmadığını söylədi. Türkiyənin günahı olmadığı halda nə üçün bu qədər qaçqını öz üzərinə götürməli olduğu barədə də sual ünvanlandı. Cənab Prezident bu məsələləri qaldırmaqla sözün həqiqi mənasında dünya səviyyəli lider olduğunu ortalığa qoyur və bir həyəcan təbili çalır ki, dünyanı gəlin beynəlxalq hüquq qaydaları ilə idarə edək, dünya kim güclüdür prinsipi ilə idarə olunmasın, dünyada ədalət təmin edilsin. Ölkə başçısı bu məsələləri xüsusilə qabartdı və söylədi ki, hər zaman açıq şəkildə fikirlərimi söyləyirəm, ən müxtəlif beynəlxalq tribunalardan mövqeyimi səsləndirirəm, tənqidi fikirlərimi dilə gətirirəm. Ölkə başçısı belə fikirlərinə görə Azərbaycana qarşı qarayaxma kampaniyalarının təşkilindən də söz açdı. Onu da bildirdi ki, bu çıxışından sonra bir neçə gün keçər-keçməz yenə də həmin qaragüruhçu, müəyyən beynəlxalq siyasi dairələr, onun yerli əlaltıları fikirlərini təhrif etməyə başlayacaqlar, iftira, yalanla dolu fikirlər səsləndirəcəklər, məqalələr çap edəcəklər. Bütün bunların Azərbaycanı mövqeyindən çəkindirməyəcəyi də qəti şəkildə bəyan edildi. Bizim işimiz haqq işidir, biz haqqın, ədalətin yanındayıq. Öz siyasətimizi həyata keçiririk. Bu siyasət də müstəqildir. Cənab Prezidentin fikirlərini əslində dünyanın nəhəng liderləri söyləməlidirlər. Ölkə başçısı çəkinmədən daim prinsipial, qətiyyətli mövqeyini ortalığa qoyur. Bunun da səbəbi məlumdur. Çünki onun arxasında xalqı dayanır”.


