Deputat: “Türkiyə günahı olanı cəzasız qoymaz, günahsızı isə heç zaman cəzalandırmaz”
Martın 15-də “Palmali Şirkətləri Qrupu”nun təsisçisi, azərbaycanlı iş adamı Mübariz Mənsimov yaşadığı Türkiyədə həbs edilib. O, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Maliyyə Cinayətləri İdarəsi tərəfindən saxlanılıb.
Bundan əvvəl Fətullah Gülən hərəkatı ilə bağlı olduğu barədə tez-tez iddialar səslənən iş adamının məhz FETÖ araşdırmaları çərçivəsində həbs edildiyi bildirilsə də, bu xəbər hələ ki öz təsdiqini tapmayıb. Onun İstanbulun Beşiktaş rayonundakı evində və Leventdəki ofisində axtarış aparıldığı və İstanbul Polis İdarəsinin Maliyyə cinayətləri ilə mübarizə şöbəsində araşdırma aparıldığı da qeyd olunur. Bundan əlavə, istintaq çərçivəsində şirkətin meneceri Nuray Nurcihan Perkerin Mənsimovla birgə hərəkət etdiyi bəlli olub və onun haqqında da həbs qərarı verilib. Bütün bunlar da məsələnin nə qədər ciddi olduğunu göstərir.
Türkiyə hökumətinin 667 saylı qərarı ilə bağlanılan Türk-Rus Vəqfinin də qurucusu olan Mənsimovun telefon danışıqlarının araşdırılması nəticəsində FETÖ-nün yüksək səviyyəli idarəçilərindən olan Hamdi Akın İpək, Suat Yıldırım və Süleyman Uysalla telefon danışıqları apardığı, FETÖ ilə əlaqədə olduğu üçün Rusiya tərəfindən bağlanılan “Atlantic İnternational School”un idarə heyətində təmsil olunduğu iddia edilib.
Bundan başqa, Mənsimovun FETÖ-nün Rusiya imamı olan və haqqında axtarış elan olunan “Saffet” kod adlı Əhməd Hamdi Vuralla əlaqədə olduğu, Vuralın iş adamının şirkətinə tez-tez gəldiyi və gəlişi zaman danışıqların eşidilməsinin qarşısını alan “Jammer” cihazını tətbiq edərək təhlükəsizlik tədbirlərini gördükləri də iddialar arasındadır. Hətta Mənsimovun Vuralla birlikdə səyahətə çıxdığı da bildirilib.
Azərbaycanlı iş adamının haqqında axtarış elan olunan FETÖ-çü Müəmmər İhsan Kalkavan, FETÖ-nün Yüksəl-Karkın-Küçük (YKK) vəkillik bürosu ilə də sıx əlaqədə olduğu iddiası da var.
Yayılan məlumatları Axar.az-a şərh edən M.Mənsimovun dostu, tanınmış jurnalist Fuad Abbasov bildirib ki, mediada yayılan bütün bu ittihamlar hələlik rəsmi təsdiq olunmayıb: “Mübariz Mənsimovun FETÖ terror qruplaşmasının Rusiyadakı təmsilçiləri ilə yaxın əlaqələri olması iddia olaraq qalır. Hər şey məhkəmənin qərarından sonra bilinəcək”.
M.Mənsimov həbs edildikdən saatlar sonra onun azad edildiyi barədə xəbərlər yayılsa da, bu öz təsdiqini tapmayıb. Həbs olunduğu gün iş adamının aclığa başladığı məlum olub.
Bu barədə “Palmali”nin sözçüsü Fidan Quliyeva məlumat verib: “Mübariz bəy yemək və su içməkdən imtina edib. Baxmayaraq ki, bugünlərdə əməliyyat olunub. Onun ofisində və evində araşdırma aparılıb, ancaq FETÖ ilə ilgili heç bir dəlil tapılmayıb, heç tapıla da bilməz. Çünki onlarla heç zaman əlaqə olmayıb, ola da bilməz".
“Palmali Şirkətlər Qrupu” Mənsimovun saxlanılması ilə bağlı açıqlama yayıb. Fidan Quliyeva sosial şəbəkədə yaydığı məlumatda Mənsimovun ətrafında yaranmış son vəziyyətin tezliklə qanun çərçivəsində öz həllini tapacağını qeyd edib: ““Palmali Şirkətlər Qrupu”nun prezidenti Mübariz Mənsimovun uydurma ittihamlarla saxlanması ilə əlaqədar son günlər baş verən hadisələr hər birimizi məyus edir. Şirkətimizə bununla bağlı saysız-hesabsız dəstək xarakterli zənglər daxil olur, sosial şəbəkələrdə yazılar yazılır. Bütün bunlara görə sizin hər birinizə dərindən minnətdarıq və insanların narahatlığını başa düşürük. Vurğulamaq istəyirik ki, Türkiyə Respublikası, hər şeydən əvvəl, hüquqi dövlətdir. Əminik ki, burada qanunlar işləyir və yalnız qanunlara tabe olmaq hər bir vətəndaşın müqəddəs borcudur. Bu səbəbdən ümid edirik ki, Mübariz Mənsimov ətrafında yaranmış son vəziyyət tezliklə qanun çərçivəsində öz həllini tapacaq".
Məlumat üçün bildirək ki, iş adamının həbsi Azərbaycanda da ciddi gündəm olmaqla yanaşı, bu saxlanılma ilə bağlı ən müxtəlif versiyalar səsləndirilir, ehtimallar irəli sürülür. Rusiya hökuməti ilə münasibətləri heç də yaxşı olmayan iş adamının həbsində Kremlin izini axtaranlar da var. Hətta sosial şəbəkələrdə M.Mənsimovun bəzi Azərbaycan məmurları ilə konfliktlərinin olmasına da diqqətləri yönəldənlər var.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bu məsələyə dair “Yeni Müsavat”a açıqlamasında kifayət qədər sərt danışdı: “O, Türkiyədə həbs olunub. Onu kim və nə üçün həbs edib, bunu orada bilirlər. Məsələ araşdırılır, araşdırılan zaman bəraət qazanacaqmı, yaxud müəyyən faktlar ortaya qoyulacaqmı, bunu da Türkiyənin hüquq-mühafizə orqanları bilir. Əllərində müəyyən bir fakt olmasa, nəsə bir şübhələr yaranmasa, o vətəndaşı istintaqa cəlb etməzlər. Bu hay-həşiri indidən salmaqla, şübhələri Azərbaycanın üzərinə yönəltməklə nəyə nail olmaq istəyirlər? Heç elə bil bu vətən həmin insanların deyil, heç elə bil bu Azərbaycanın təmiz adının, imicinin bunlara dəxli yoxdur. Məndə ən çox təəssüf doğuran bu haldır. Türkiyə elə bir dövlət deyil ki, bizim sözümüzlə oturub dursun. Azərbaycan rəhbərliyi elə bir rəhbərlik deyil ki, Türkiyəyə desin ki, bu adamın qanunsuz işlərinin qarşısını almaqda çətinlik çəkirəm, bu işi siz görün. Bütün bu variantları götür-qoy edib araşdırandan sonra həmin insanlara həm gülməyim, həm də yazığım gəlir. Axı sizin də adınız azərbaycanlıdır. İndi gözləyin, bəlkə o şübhələr həqiqət olmadı, onu azadlığa buraxdılar. O şübhələr həqiqət olarsa, ortaya faktlar qoyulacaq, məhkəmə prosesi keçiriləcək və sonda məhkəmə hökmü veriləcək. O zaman utanacaqsınız ki, həqiqət bu imiş, biz onu ora-bura yozmuşuq. Ola bilər ki, elə insanlar utanmasınlar. Çünki o insanlar hər bir hadisə baş verəndə özlərini kiminsə təəssübkeşi kimi göstərirlər. Bu onların xəstəliyidir. Hər kəsi səbirli olmağa çağırıram. Türkiyə qanunun aliliyini təmin edən bir ölkədir. Biz dəfələrlə ən müxtəlif proseslərdə bunun şahidi olmuşuq. Günahı olanı cəzasız qoymaz. Günahsızı isə heç zaman cəzalandırmaz. Belə dedi-qodularla Azərbaycanın imicinə xələl gətirə biləcək bir söz-söhbətin yaranmasına gərək imkan verməyək”.


