ABŞ hərbi qüvvələrinin Mərkəzi Komandanlığı “İslam Dövləti” qruplaşmasının İraqın ucqar bölgəsində gizləndiyi üç düşərgənin dağıdıldığını açıqlayıb.
“Yeni Müsavat”ın verdiyi xəbərə görə, Mərkəzi Komandanlığın bəyanatında İŞİD əleyhinə koalisiyanın təyyarələrinin İraq hökuməti ilə koordinasiya edilmiş şəkildə Kərkük vilayətinin ucqar Vadi Əl-Şay hissəsində düşərgələri dağıtdığı haqda məlumat verilir.
“İŞİD-in gizləndiyi yerlərin partladılması nəticədə şəhərlər və kəndlərdə təhlükəsizliyə gətirib çıxaracaq” - deyə, polkovnik Mayls Caqqins bildirib.
O, koalisiya qüvvələrinin zərbələrinin militantların tam məğlubiyyətinə nail olmaq üçün İraq hökumətinin müraciəti əsasında endirildiyini əlavə edib.
ABŞ-ın əks-terror rəsmilərinin bu yaxınlarda verdiyi qiymətləndirməyə əsasən, İŞİD döyüşçüləri və davamçıları terror qrupunun İraq və Suriyada özünün xilafəti elan etdiyi ərazilərdə süqutundan sonra daha təhlükəli olublar. ABŞ kimi Türkiyə ordusu da İraqın şimalında “Pəncə-Qaplan” əməliyyatı aparır.
Dünyada pandemiya dövrü olmasına baxmayaraq, İŞİD terrorçu qruplaşması təşkilatlanmağa, gizli düşərgələrə sığınaraq güclənməyə çalışır.
Koronavirus bəlası Yaxın Şərqdə terror və müharibələri səngitsə də, vaxtaşırı əməliyyatlar, döyüşlər olur.
İraqla yanaşı Suriyada da İŞİD-in mövqelərinin vurulması davam edir. Liviyada isə Sərrac hökuməti qiyamı Haftar qüvvələrini məğlubiyyətə uğratmaqdadır.
Yaxın Şərqin qara yaralarından olan Əfqanıstanda pandemiya dövründə terrora son qoyulmayıb.
Baxmayaraq ki, ABŞ Talibanla anlaşıb, qüvvələrini mərhələli şəkildə bu ölkədən çıxarmağa razılaşıb. Amma yenə də Əfqanıstana sakitlik gəlmir.

Kənan Rövşənoğlu: “BMT baş katibi xəbərdarlıq etmişdi ki, pandemiya dövründə terror təşkilatları fəallaşacaq”
Yaxın Şərq siyasəti üzrə yazar, şərhçi Kənan Rövşənoğlu “Yeni Müsavat”a bildirdi ki, apreldən sonra Suriyadakı nisbi sakitliyə son qoyulub.
Onun sözlərinə görə, İraqda vəziyyət Suriyadan da pisdir, bunun səbəbi İŞİD-in yenidən aktivləşməsidir: “BMT baş katibi xəbərdarlıq etmişdi ki, pandemiya dövründə terror təşkilatları fəallaşacaq, çünki dövlətlərin başı koronavirusa qarışı mübarizəyə qarışıb. Belə də oldu.
Yəməndə də atəşkəs elan olunsa da, əməl edən olmadı. Əksinə, Cənubi Yəmən qüvvələri muxtariyyət elan etdilər. Liviyada da yalnız Ramazan ayının sonunda bayram atəşkəsi elan olundu. Əfqanıstanda da elə oldu».

Azər Rəşidoğlu: “Pandemiyadan sonra Yaxın Şərqdə yeni münaqişə ocaqları yarana bilər”
Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə, koronavirusun ilk vaxtlarında münaqişə ocaqlarında nisbi sakitlik hökm sürürdü:
“Amma son həftələrdə Yaxın Şərq yenə pandemiyadan əvvəlki həyatına qayıdır - terror, savaş, qan, göz yaşı...
Çünki Yaxın Şərqdəki böhranlar həll olunmayıb, yarımçıq qalıb. Suriya məsələsi, İŞİD-in tamamilə məhv olunması üçün əməliyyatlar, Liviyada hakimiyyət uğrunda mübarizə davam edir. Mən ABŞ ordusunun tezliklə Əfqanıstanı tərk edəcəyinə də inanmıram.
Güman edirəm ki, pandemiyadan sonra Yaxın Şərqdə yeni münaqişə ocaqlarının yaranacağı gözləniləndir. ABŞ və İsrailin yeni həll planı Yaxın Şərqi təzədən qarışdıracaq".

Ramiyə Məmmədova: “Koronavirus həmin zəiflik ocaqlarını daha da dərinləşdirəcək”
Politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, dünyanın ən az sabit olan bölgəsində illərlə davam edən ixtilaflar zəiflik ocaqları yaradıb və pandemiya şübhəsiz ki, həmin zəiflikləri daha da dərinləşdirəcək.
“Bundan başqa, Səudiyyə Ərəbistanı və İran kimi regionun aparıcı dövlətləri Yaxın Şərqdə nüfuz dairələrinin genişlənməsi ilə bağlı öz planlarına yenidən baxmalı olacaqlar.
Koronavirusun iqtisadi fəsadları Fars körfəzində neft milyarderlərindən tutmuş Misirdəki günəmuzd fəhlələrədək hər kəsə təsir göstərir".
Qeyd edək ki, iyunun 17-də Türkiyə İraqın şimalındakı kürd yaraqlılarına qarşı hərbi hücumları gücləndirib, kommandos qrupları helikopterlə hərəkətə keçib.
İraq torpaqlarında illərdən bəri ən böyük əməliyyatla sərhəddən gələn təhdidlərin qarşısını almaq üçün bombalar belə atılıb. Müdaxilə Liviya və Suriyadan başqa, getdikcə artan təhdidlərə qarşı daha sərt hərbi siyasətin bir hissəsidir.
Liviya və İraqdan başqa, Türkiyə qüvvələri Suriyada da iştirak edir. Ötən il o, Suriyada kürd qüvvələrinə qarşı da əməliyyat keçirib. Bu, şimal-şərqdə İŞİD-ə qarşı mübarizədə Amerika əsgərləri ilə birlikdə döyüşən PKK-ya bağlı kürd qüvvələridir.


