Baku.Tv xəbər verir ki, Qubada leysan yağışları nəticəsində dağ çaylarında əmələ gələn daşqınlar yol infrastrukturuna və şəxsi təsüərrüfatlara ciddi ziyan vurub.
Sel əsasən, Qudyalçay, Qaraçay, Ağçay, Cağacıq çaylarının keçdiyi ərazilərdə daha çox dağıntılarına səbəb olub.
Qaraçay Qubanın birinci və ikinci Nügədi kəndlərini birlşədirən körpü üçün təhlükə yaradıb. Kənd sakinlərinə məxsus bir neçə iribuynuzlu heyvanları da aparıb.
Rayonun Xanagah kəndinə gələn sel isə daha çox kəndə zərər vurub. Selin gətirdiyi ağac parçaları körpünün qarşısını kəsib. Nəticədə sel kəndin içinə doğru axmağa başlayıb.
Sel kəndin yolunu dağıdıb, bağ və bostanlara ciddi ziyan vurub. Xanagah kəndində də sakinlərin iri və xırdabuynuzlu heyvanları selin qurbanına çevrilib.
Bundan başqa, Yerfi, Qayadalı, Buduğ, Söhüb, Qalaxudat və çayların ərazisindən keçən digər yaşayış məntəqələri də zərər görüb.
Hazırda sakinlərə dəyən zərər araşdırılır və selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.


