banner
banner

Gündəm

“Erməni virusu” ilə döyüş koronavirusu unutdurdu

“Erməni virusu” ilə döyüş koronavirusu unutdurdu

Azad İsazadə: “Pandemiyanı unutmağa çalışırdıq, Tovuz hadisələri ikiqat təkan verdi”

Əgər dünya təkcə koronavirus pandemiyası ilə mübarizə aparırsa, Azərbaycan fərqli olaraq iki cəbhədə müharibə aparır: COVİD19 virusu və erməni virusu ilə... Hər iki düşmənə qarşı gücünü ortaya qoyan ölkə bu ağır sınaqlardan başıdik çıxmağa çalışır. Əlbəttə, gözünəgörünən və görünməz düşmənlərlə savaşda itkilərimiz də var.

Amma faktiki olaraq, iyulun 12-dən bəri Tovuz istiqamətində gedən döyüşlər, ardınca Bakıda 14 iyul yürüşü, Avropa və ABŞ-da ermənilərlə azərbaycanlılar arasında dava-dalaşlar koronavirus pandemiyasını unutdurub. Baxmayaraq ki, xəstəlik bütün gücü ilə hücumdadır, dünyada epidemiyanın qurbanları 650 mini ötüb, Azərbaycanda yoluxmada azalma olsa da, minimuma enməyib, ölənlər də var, sadəcə, pandemiya arxa plana keçməkdədir.

Artıq yoluxma ilə bağlı gündəlik statistika cəmiyyəti əvvəlki qədər maraqlandırmır, infeksiya haqda xəbərlər adi qarşılanır, Ümumdünya Səhiyyə Təşkilatının rəyləri qulaqardı edilir, bütün diqqət və nəzərlər erməni ilə savaşdadır.

İnsanların son iki həftədə həyəcan və entuziazmla izlədiyi informasiyalara diqqət edək: hər kəs “yutub”da, “facebook”da müharibə xəbərlərini izləyir, ermənilərlə azərbaycanlılar arasında əlbəyaxa davaların videolarına baxır, bazarlarda ermənilərə qoyulan embarqolar müzakirə olunur, bizimkilərin erməniləri necə döyməsinə dair kadrlar votsap üzərindən bir-birinə göndərilir, hamı cəbhədən müjdə etmək istəyir. Əlqərəz, erməni virusu ilə səngərdə və dünyada aparılan mübarizə koronavirusunu unutdurub, əhəmiyyətsiz edib.

Bu mənzərə təhlükə vəd edirmi? Erməni ilə müharibəyə görə epidemiyanı bir kənara qoymalıyıqmı?

Razi Nurullayev: "İnsanları inzibati yolla nəyəsə məcbur edəndə ...

Razi Nurullayev

Deputat Razi Nurullayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan xalqı üçün Qarabağdan daha əhəmiyyətli məsələ yoxdur.

Onun fikrincə, Tovuz hadisələri cəmiyyət də önəmli olaraq qalacaq. R.Nurullayev düşünür ki, koronavirus beş aydır insanların həyatındadır və artıq hamı yorulub, bu barədə xəbərlər eşitmək istəmir.

“Biz virusla yaşamağı öyrənmədik. Mən virusla yaşamağın, həyata belə davam etməyin tərəfdarıyam. Hesab edirəm ki, sərt karantin rejimi götürülməlidir, rayonlara gediş-gəliş bərpa olunmalıdır, həyat öz axarına qayıtmalıdır. Dünyada 40-50 milyon əhalisi olan ölkələr karantinləri ləğv edib, amma biz karantindən çıxmamışıq”, - deyə R.Nurullayev vurğuladı. Deputat təklif edir ki, karantin aradan qaldırıldıqdan sonra insanlar epidemiyanın təhlükəsini, məsuliyyəti dərk etməlidirlər, maska taxmağa davam etməlidirlər: “Biz iqtisadiyyatı açmalıyıq, insanları sərbəst buraxmalıyıq. Əhali koronavirus barəsində heç nə eşitmək istəmir”.

Hərbi ekspert, psixoloq Azad İsazadənin fikrincə, Tovuzda döyüşlər olmasaydı belə koronavirusla uzun müddət yaşamaq mümkün deyildi.

Azad İsazadə: “İnsanlar rəqəmləri eşitmək istəmirlər”

Azad İsazadə

A.İsazadə cəmiyyətin bir hissəsinin koronavirus təhlükəsinə öyrəşdiyini güman edir: “Biz uzun müddət qorxu altında yaşamağı sevmirik.

Digər tərəfdən, hansısa yeni əsgər səngərdə atəş səsinə əvvəlcə qorxur, sonra öyrəşir, atəş altında siqaret də çəkir, yemək də yeyir. Biz də virusa belə öyrəşirik və bilirik ki, epidemiya tezliklə sovrulmayacaq, hələ davam edəcək. Ona görə gündəlik problemlərlə pandemiyanı unutmağa çalışırdıq. Və Tovuz hadisələri koronavirusu unutdurmaq prosesinə ikiqat təkan verdi, daha vacib olan Qarabağ probleminə diqqəti yönəltdi".

Psixoloqun sözlərinə görə, minlərlə insan virusdan qorxmayaraq gecə yürüşünə çıxdılar, Avropadakı aksiyalarda ermənilərlə azərbaycanlılar heç bir sosial məsafə gözləmədilər, qarşıdurmalar yaşandı: “Halbuki, Avropa koronavirusla mübarizə daha ciddidir. Amma biz şəhid qanını yerdə qoymamaq, vətən sevgimizi nümayiş etdirmək üçün emosiyalarımızı cilovlamadıq, koronavirus təhlükəsini unudub mübarizəyə qoşulduq. Bu, bir reallığı nəzərimizə çatdırdı - genişmiqyaslı müharibə başlasa, bütün karantin şərtləri azaldılmalıdır. Artıq şüuraltı buna hazırıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.