Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı Ermənistanın Dağlıq Qarabağ probleminin həllini, status-kvonu dəyişmək istəməməsini xüsusi qeyd edərək həm təcavüzkara, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinə səslənib, onları Azərbaycan ərazilərinin işğalına, ikili standartlara son qoymağa çağırıb.
“Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur” deyən ölkə başçısı vurğulayıb ki, “keçən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib”.
Prezident xatırladıb ki, Minsk Qrupuna həmsədrlik edən dövlətlərin başçıları da dəfələrlə mövcud status-kvonun qəbuledilməz olduğunu bildiriblər: “Ermənistan buna məhəl qoymur və bu dövlətlər də bəyanatlardan başqa heç bir konkret addım atmırlar. Ona görə bəyanatlar havada qalır və münaqişə uzanır, öz həllini tapmır”.
Yada salaq ki, az öncə İlham Əliyev bildirmişdi ki, müasir dünyada yalnız güclü ilə hesablaşırlar, ona görə də Azərbaycan daim güclənməlidir. Məsələ də ondadır ki, Dağlıq Qarabağ konfliktinin həll olunmamış qalmasını arzulayan təkcə Ermənistan deyil. Eyni zamanda onun havadarları, daha dəqiqi, onun arxasında duran, işğalçını barmaqla göstərmək əvəzinə (necə ki, Ukrayna timsalında Rusiyaya münasibətdə bunu nümayiş etdirirlər) ona siyasi-hərbi, maliyyə dəstəyi verən qlobal güclərdir.
Həmin güclər gerçəkdən də Qarabağ münaqişəsini birdəfəlik və ədalətli şəkildə yoluna qoymaq istəsəydilər, buna çoxdan nail olardılar. Çünki cırtdan Ermənistan nüvə dövləti Rusiya deyil ki, onun cilovunu yığmaq çətin olsun, sanksiyalar ona təsir göstərməsin...
* * * * *
Bu mənada İlham Əliyevin Azərbaycan adına irad və narazılıqları, qınaqları təcavüzkarın havadarlarına da ünvanlanıb - ad çəkilməsə də. Yəni Dağlıq Qarabağda daimi sülhün bərqərar olmasını arzulamayan yalnızca təcavüzkar Ermənistan deyil, eyni zamanda, vasitəçi dövlətlərdir. Söhbət ən əvvəl Güney Qafqazda Ermənistanı 50 illiyə özünün forpostu elan eləmiş Rusiyadan gedir.
Bu gerçəyi dünyada hamı bilir. Rusiyanın özü də əla bilir ki, onun razılığı olmadan İrəvan Qarabağ məsələsində Bakı ilə simvolik anlaşmaya belə imza atmağa cürət eləməz. Di gəl, Moskva rəsmiləri daim bəyan edirlər ki, münaqişənin həllində əsas Ermənistan və Azərbaycandır, “tərəflər razılığa gəlsin, biz qarant olmağa hazırıq”, - deyə bəyan eləməkdən yorulmurlar.
Bu yerdə Moskvaya ünvanlı məntiqli sual ortaya çıxır: necə razılığa gəlsinlər, qoyursunuzmu ki, Ermənistan Azərbaycanla sərbəst şəkildə hansısa razılığa gəlsin? Yada salaq, 1998-ci ilə mərhələli həll planına görə sabiq prezident Levon Ter-Petrosyanın hakimiyyətdən zor gücünə uzaqlaşdırılması, 1999-cu ilin oktyabrında, Qarabağa dair anlaşmanın imzalanması ərəfəsində Ermənistan parlamentinin gülləbaran edilməsi məgər Rusiyanın əl işi deyildi?
Rusiyanın idi. Əfsuslar olsun ki, son illər ATƏT-in Minsk Qrupunun digər iki həmsədr ölkəsi - ABŞ və Fransa da bu məsələdə Rusiyadan bir elə geri qalmır, Ermənistanın işğalçı olduğunu bəyan eləmirlər. Problemin ədalətli və həmişəlik həlli isə müstəsna olaraq işğal faktına dürüst siyasi-hüquqi qiymət verməkdən başlayır. Bu da gözə dəymədiyindən təhlükəli status-kvonun nə vaxtsa geniş miqyaslı hərbi əməliyyatlara keçməsi riski sövq-təbii güclənir.
* * * * *
Yaranmış vəziyyətdə Azərbaycanın yeganə çıxış yolu, təbii ki, öz hərbi qüdrətini, silahlı qüvvələrini durmadan artırmaqdır. Güclənmək, güclənmək və yenə də güclənməkdir. Bu xüsusda son vaxtlar qardaş Türkiyə ilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın intensiv şəkildə inkişaf eləməyə başlaması, birgə genişmiqyaslı təlimlərin həyata keçirilməsi, yüksək çinli hərbçilərdən ibarət nümayəndə heyətlərinin artan qarşılıqlı səfərləri təqdir edilməyə bilməz.
Sonuncu belə ziyarət kimi, Türkiyə silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat rəisi, korpus generalı Mehmed Daysalın başçılıq elədiyi nümayəndə heyətinin Bakı səfərini və səfər çərçivəsində müdafiə naziri Zakir Həsənovla görüşün keçirilməsi, görüşdə isə Dağlıq Qarabağ, işğal məsələsinin əsas diqqət mərkəzində saxlanmasını qeyd eləmək olar.
* * * * *
Sözsüz ki, Azərbaycan tərəfi hərbi potensialını artırmaqla yanaşı, sülh prosesindən də kənarda deyil və bu yöndə ondan asılı olanları edir. Məsələn, bu arada bəlli olub ki, vasitəçilər və Azərbaycan, Ermənistan XİN başçıları prezidentlərin növbəti görüşünün vaxtını müəyyən edəcəklər. “Biz ümid edirik ki, cari il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq. Biz hər iki ölkənin xarici işlər nazirləri ilə prezidentlərin müzakirələrinin gündəliyini müəyyən eləmək üçün görüş imkanlarını nəzərdən keçirik” - amerikalı həmsədr Ceyms Uorlik qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü oktyabrın 27-də Parisdə prezident Fransua Ollandın təşəbbüsü ilə baş tutmuşdu. Qarabağa dair növbəti təşəbbüs də belə görünür Fransua Ollanddan gələcək. Belə ki, bu ayın sonlarında Fransa lideri İrəvan və Bakıya planlaşdırdığı səfərləri çərçivəsində bir daha Azərbaycan və Ermənistan prezidentlərini Parisdə bir araya gətirməyə çalışacaq.
* * * * *
Ancaq görüş naminə daha bir görüş nəyi dəyişəcək, əgər ədalətli sülhün bərqərar olmasında həmsədrlər dövlətlər, ilk növbədə də Rusiya maraqlı deyilsə. Əliyev-Sərkisyan təmaslarından o zaman real nəticə gözləmək olardı ki, işğalçı tərəf də Bakı kimi müstəqil iradə yiyəsi olaydı. Nə qədər ki, bu, baş verməyib, nə qədər ki, Ermənistan böyük güclərin əlində öz regional maraqlarını təmin eləməkdə vasitədir, prezidentlər səviyyəsində görüşlər də əvvəlkilər tək səmərəsiz olacaq. Fərq eləməz, təmaslar Parisdə - Yelisey Sarayında olsun, yoxsa Moskvada - Kremldə və ya Vaşinqtonda - Ağ Evdə...//musavat.com


