Alternativ dünyanın naməlum sakini yazır ki, xəstələrlə, dirilər başa düşməsin deyə, ölü dildə (latın dili) danışan tibb qaçaqmalçıları insanın içalatını orqan bazarında ilkin qiymət olaraq bu məbləğə təklif edir: göz - əgər uzaqgörən olmaq istəyirsinizsə, 24 400, ürək – içi bomboş olanı, 997 700, Qaraciyər – cız-bızlıq, bir kq kartofla birlikdə beş AZN, sirrozdan bir il zəmanətlə 557 000, bir cüt böyrək – pivə mövsümündə 1.344 070 ABŞ dolları. İnsanın özünü isə bütövlükdə diri-diri irqindən, cinsindən, milliyətindən, peşəsindən, yaşından asılı olaraq, razılaşma yolu ilə müxtəlif qiymətlərə, hətta havayı və nisyə də almaq mümkündür. Fərq yalnız budur ki, diri insana heç bir zəmanət verilmir.
Ona görə də ölü insan diri insandan qat-qat baha və xeyirli əmtəədir, hətta ölü insanın içalatı istifadəyə yarasız olsa belə, cəsədi diriyə nisbətən yenə də iqtisadi cəhətdən rentabelli hesab olunur. Üç-dörd ilin söhbətidir, bir bölgəmizdə - adını çəkmirəm ki, bölgə gədələri tökülüşüb özümü döyməsinlər - gecələdiyimiz evdə sübh vaxtı həyətdən gələn külüng səsinə yuxudan oyandım. Pəncərədən baxdım ki, tumançaq ev sahibi qan-tər içində həyətdə vurhay qəbirə bənzəyən bir çuxur qazır.
Tez divin evində gecələyən Çırtdan kimi yol yoldaşlarımı oyatdım ki, qalxın qaçaq, deyəsən, evində gecələdiyimiz kişi soyqırıma hazırlaşır, bizi öldürüb həyətində basdırmaq istəyir, artıq kütləvi məzarlığı da yarıyacan qazıb. Bir-bir çardağa çıxıb qaçış fürsətini gözləməyə başladıq. Kişi məzarı qazıb qurtardı, indi o, yəqin ki, evə girib bizi yatdığımız yerdə ya tüfənglə, ya da əlindəki külünglə vurub öldürəcəkdi. Amma o, həyətdə ağaca söykədiyi düyü kisəsindən ağ kəfənə bükülüb iri düyü dənəsini xatırladan balaca bir kişi meyiti çıxardı, “düyünü” sürüyə-sürüyə gətirib qəbirə tulladı və üstünü torpaqlamağa başladı. İşini qurtarandan sonra dayanıb simvolik olaraq iki-üç damla ağlamsındı. Sonra qəbirin yan-yörəsini süpürüb səliqəyə saldı, iri bir televizor qutusunu gətirib başdaşının yerinə qoydu. Biz çardaqda qorxa-qorxa şifahi istintaq aparırdıq: ev sahibinin öldürdüyü adam kimdir, niyə öldürüb, nə üçün gizlində deyil, həyətin ortasında basdırdı, o televizor qutusu nədir və s.
Nəhayət, günorta, kənd adamları ağlaya-ağlaya həyətə doluşandan və gəlib məzarın baş ucundakı qutuya pul atmağa başlayandan sonra ölüm hadisəsinin üstü açıldı. Sən demə, ölən ev sahibin atası imiş. Rəhmətlik seyid olduğuna görə oğul onu ümumi qəbirstanlıqda basdırmayıb ki, qəbirə gətirilən nəzir-niyaz başqalarına qismət olmasın. Sevinə-sevinə çardaqdan düşüb, az qala, təbrik etmək həddində kişiyə ürəkdolusu başsağlığı verəndən sonra biz də mərhumun cəddinə hörmət əlaməti olaraq, çardaqda boyun olduğumuz nəzirlərimizi televizor qutusuna atdıq və aradan çıxdıq. İki ildən sonra həmin adamı Bakıda restoranların birində qarsonlara göstəriş verən yerdə gördük. Məlum oldu ki, adam bu iki il ərzində qəbirdən yığılan nəzirlə Bakıda özünə ev və restoran alıb paytaxta köçüb, qəbri isə kənddə kiçik oğlu işlədir.
Portuqaliya yazıçısı Joze Saramaqonun “Təxirə salınmış ölüm” adlı bir romanı var; bir məmləkətdə məlum olur ki, çoxdandır heç kim ölmür və xəbər idırım sürətilə yayılır: daha burada heç kim heç vaxt ölməyəcək – Tanrı bu yerin sakinlərini ölümsüzlüklə mükafatlandırıb. İnsanlar sevindiklərindən atılıb-düşürlər, Tanrıya dualar oxuyurlar. Daha heç kim ölməyəcək! Bundan böyük xoşbəxtlikmi var? Beləliklə, insanlar doğulurlar, böyüyüb, qocalırlar, nəhayət, xəstələnib ölümqabağı yatağa düşürlər, ancaq ölmürlər. Ömürləri yataqda əzablar və ağrılar içində uzandıqca uzanır. Bütün məmləkəti ölə bilməyən xəstə qocaların iniltisi, zarıltısı bürüyür və günlərin birində hamı başa düşür ki, Tanrı onlara ölümsüzlük bəxş edib, sağlamlıq yox. Bunu başa düşən əhali dəhşətə gəlir, gecə-gündüz Tanrıya yalvarır ki, onların ölümünü geri qaytarsın, onları bu gözəl sonluqdan, yoxolmadan məhrum etməsin...
Bu romanı yazmaqda Saramaqonun məqsədi, bəlkə də, insanın içindəki ölüm xofunu, yoxolma dəhşətini azaltmaq, ölümsüzlüyün ölümdən daha dəhşətli olduğunu göstərmək olub. Yazıçının fikrincə, təbii ölüm, xəstə ölümsüzlükdən yaxşıdır.
Şəhərdə ölüm dekorativ, memorial təzahürlüdür, rituallıq effektlərindən məhrumdur. Şəhərdə heyvan ölümü, insan ölümündən daha faciəvidir. Ümumiyyətlə, şəhərdə ölüm dini, rəmzi yox, inzibati-praktik məzmunludur. Şəhərdə ölüm təbii-mistik hadisə yox, tibbi-kriminal aktdır. Kənddən şəhərə doğru yaxınlaşdıqca, Allah ilahiliyini itirib, ictimailəşir, təşkilat, təriqət başçısına çevirilir. Şəhərdə ibadət inam-iman məsələsindən daha çox, gündəlik nizam-intizam öhdəliyinə, dəb, göstərgi vərdişinə bənzəyir.
Kənddəki “Allahu Əkbər” könüllü təslimolma çağırışıdırsa, şəhərdəki “Allahu Əkbər” elə bil, arxadan verilən “əllər yuxarı” əmridir. Kənddəki “Allahu Əkbər” yaşamaq üçün ilahi zəmanətdirsə, şəhərdəki “Allahu Əkbər”, sanki, edam himnidir. Allahın böyüklüyü insanın mənəvi yüksəliş hədəfi olmalıdır, onu aşağılayan, təhqir edən bədheybət güc obyekti yox. Kəndlərdə ölüm öz ilkinliyini, ilahiliyini daha yaxşı qoruyub saxlayıb və dini, mövhumi bir ayin kimi daha maraqlı, daha sehrlidir. Ölüm şəhərdə xəbər, kənddə əhvalatdır. Həyat şəhərdəki ölümlə başa çatırsa, kənddəki ölümlə yeni səhifəyə keçib başqalarının həyatında davam eləyir, məsələn, əyalətlərin bir çoxunda əri öləndən sonra başqa bir kişiyə ərə getmək istəməyən arvadın kəbinini mütləq həyətdəki erkək heyvanlardan birinə kəsmək, kənd mifologiyasına görə, vacib əməldir. Yəni qadının “xolostoy” qalması günah sayılır. Ölən ərin yeri onu əvəz edən bir erkəkliklə doldurulmalıdır.
Kəndlərdə əri öləndən sonra kəbini təndir küllüyündə öz hərəmləri ilə - toyuqlarla eşələnən xoruza kəsilən, ikinci əri xoruz olan nə qədər desən dul arvad var. Bu inancın mənası odur ki, dünyasını dəyişmiş ər başqa bir formada öz arvadının güzaranında yaşamalıdır, xoruz cildində də olsa, onun yalqızlığına erkəklik etməlidir.
Təssüf ki, bizdə ölüm bir mövzu kimi misteriyadan, poeziyadan nəsrə keçə bilməyib, lirik improvizasiya həddindən real həyat hadisəsinə çevirilə bilməyib, Joze Saramaqonun romanında olduğu kimi.


