Azərbaycanda dayəlik institutu uşaqların həyatına necə təhlükə yaradır
“Ayda cəmi 400 manat verir, üstəlik, evin də işlərini gördürür. Ana nazirlikdə şöbə müdiridir, ərinin də daş sexi var. Pula pul demirlər e. Amma gəl gör ki, axşam başlarını soyuducuya soxub, haqq-hesab aparırlar ki, pendir neçə qram azalıb, ətdən nə qədər yeyilib. Dayə yetimin də dayə işi var da, ay qızım. Mən bunlara qulluqçuluq edirəm e, oğlumun ölmüşünə...”
Bu sözləri deyən Mehparə Ələsgərovanın 54 yaşı var. 5 ildir ki, dayəlik edir. Danışdığına görə, əri öləndən sonra işləmək məcburiyyətində qalıb. Amma savadı olmadığı üçün iş tapmaq çətin olub: “Biri dedi ki, gəl kafedə xadimə işlə. O biri qonşu təklif elədi ki, həftədə 3 dəfə evimi təmizlə, filan qədər verim. Ürəyim götürmədi, ömür billah ərimdən, oğlanlarımdan başqasının paltarını yumamışam, evini təmizləməmişəm. Axırda bacım qızı bu işi tapdı mənə. Dedi ki, təmiz ailədir, səni incitməyəcəklər. 3 ildir bu ailənin evindəyəm. Həm razıyam, həm narazı...”
Son illər paytaxtda iş qadınlarının sayı artdıqca uşaqlara nəzarət məsələsi də qəlizləşir. Bağçalara güvənməyən və xüsusən də indi - pandemiya dönəmində uşağını bağçaya qoya bilməyən, istəməyən valideynlər daha çox dayə variantına üstünlük verirlər. Amma bu məsələdə də fəsadlar yaranır. Belə ki, etibarlı dayə tapmaq, ona güvənmək olduqca çətinləşib. Kriminal xronika zaman-zaman dayələrin dələduzluğu, adam oğurluğu xəbərləri ilə çalxalanır. Bəs bu halda “dayə sektoru” necə dolanır, inkişaf edir, yaşayır?
Ölkədə nə qədər dayə var?
“Yeni Müsavat” xəbər verir ki, dayəlik Azərbaycanda son 10-15 ildə yaranmış, ənənəsi olmayan yeni sahədir. Ölkəmizdə təxminən 30-40 min belə işçi var. Aidiyyəti orqanlar onlarla əmək münasibətlərini rəsmiləşdirmək istəsələr belə, bu, mümkünsüzdür. Çünki qanunvericilik buna imkan vermir. Biz bununla bağlı təklif etmişik ki, Əmək Məcəlləsinə sahibkar olmayan fiziki şəxs anlayışı gətirilsin.
Ev qulluğunda çalışan işçilərlə əmək münasibətinin tənzimlənməsi üçün Əmək Məcəlləsində xüsusi bir fəsil olmalıdır. Vergi orqanları bununla razılaşmayacaq. Amma biz hətta təklif edirik ki, ev qulluğunda çalışanlarla bağlı fərqli vergi sistemi tətbiq edilsin və bu fərqlilik 5-10 il, ev işlərini qeyri-formal sektordan formal sektora keçirənə qədər qalsın.

Bakıda MMC kimi qeydiyyatdan keçib dayə hazırlayan kurslar azdır, olanlarda isə qiymətləndirmə metodu, keyfiyyət göstəriciləri yoxdur. Yəni bu cür kurslarda necə dərs keçirilməsi sual altındadır. Çünki bu sahə üzrə nə Təhsil Nazirliyinin, nə digər aidiyyəti qurumların metodikası mövcuddur.
Amma Türkiyədə də dayəlik kursları mövcuddur. Bu kursları bitirənlər şirkətlər tərəfindən işə cəlb olunurlar. Onlarla əmək müqaviləsi bağlanır, şirkət ailəyə zəmanət verir, məsuliyyəti öz üzərinə götürür.
Azərbaycanda isə dayə peşəsi üzrə xüsusi məktəblər olmadığından nə valideynlər, nə də dayələr görəcəkləri işin mahiyyətini, hüquqlarını bilmirlər.
Dayə ilə valideynlər arasında əmək müqaviləsi imzalanmadıqda isə dayə uşağa qarşı hansısa zor, yaxud kobudluq tətbiq edərsə, onlar barəsində hüquqi ölçü götürmək çox vaxt mümkün olmur. Dayələr qeyri-rəsmi əməyə cəlb olunurlar. Dayənin əmək müqaviləsi olmur və o, dövlətdən də heç bir müavinət ala bilmir. Hətta qocalığa görə də pensiya almır. Xarici ölkələrdə xüsusi ixtisaslaşmış firmalar, şirkətlər var ki, kimə dayə lazım olsa, həmin şirkətlərə müraciət edir. O şirkətlər dayələrlə əmək müqaviləsi bağlayırlar. Onun hüquqlarını təmin edirlər. Həmçinin həmin şirkət ailə qarşısında məsuliyyət daşıyır.

Keçmişdə ancaq zadəgan övladları dayələrə - xüsusi mürəbbiyələrə həvalə olunarmış. Bu adət indi də Qərb ölkələrində qorunub saxlanır. Məsələn, İngiltərədə dayələr üçün xüsusi məktəblər var. Xarici ölkələrdə agentlik vasitəsilə çağırılan dayələr xüsusi kurs keçmiş olurlar.
“Ailələr bizə qul kimi yanaşırlar”
Yazının girişindəki dayə müsahibimiz danışır ki, çalışdığı ailədə bir az istismarçılıq ruhu var. Belə ki, əvvəl onlarla evin 2 qızına qulluq edəcəyi ilə bağlı anlaşıb. Amma aradan bir ay keçəndən sonra “utancaq sifarişlər” gəlməyə başlayıb: “Evin xanımı başladı ki, Mimi - mənə belə deyirlər - günorta uşaqlarçün sulu yemək bişir, mən çatdırmadım. Sonra dedi, paltarları paltaryuyana at, sonra onları ütülə. Get-gedə evin işlərini də atdı mənim boynuma. İndi də deyir ki, yoldaşım ancaq sən ütülədiyin köynəkləri xoşlayır. Boynuma qoyur hər şeyi... Amma verdikləri pul ayda cəmi 400 manatdır. 2 uşaq, özü də nə uşaqlar görəsiz... Ərköyün, kök, tənbəl... Onların corablarını da mən əyilib geyindirirəm. Rəqsə, üzgüçülüyə aparıram, dərsdən götürürəm. Evdə yedirib içirirəm, axşam 7-də də bunlar gəlib çıxırlar”.

Mehparə xanımın sözlərinə görə, dayə saxlayan ailələr çox vaxt onlara qul kimi yanaşırlar. Məsələn, tətilə gedəndə də özləri ilə aparırlar, qonaqlığa gedəndə də: “Yayda məni də özləri ilə Antalyaya apardılar, pulumu verdilər. Amma mən orada tətil üzü görmədim ki. Qulluqçu kimi. ”Mimi, baseynin yanında dur, Mimi, yedizdir, Mimi, uşaqları qurut..." Bütün günüm belə keçdi. Qonaq gedəndə də eyni şey. O dəfə evin kişisi mənə acıqlanır ki, bəs bu uşaqları niyə belə kökəltmisən? Başa sala bilmirəm ki, uşaqların yeyəndir, onların əlindən yemək almaq olar? Özləri də ər-arvad kökdülər, uşaqları da onlara çəkib".
54 yaşlı dayəni ən çox incidən məqam isə ərköyün varlı balalarının ona “Oyuncaq” filminin qəhrəmanı kimi yanaşmasıdır: “Uşaqlar o qədər ərköyündülər ki, elə bilirlər yanlarında çalışan adama hər şey deyə bilərlər. Ailənin bir sürücüsü var - Rəhman qardaş. Dul kişidir, arvadı 3 il qabaq ölüb. O gün balaca deyir ki, Mimi, sən Rəhmanla evlənsən, yaxşı olar. Bu, uşaq söhbəti deyil axı. Ata-anası da qulaq asır uşağa, amma ağzından vurmur ki, a bala, özündən böyüyə belə söz demə. Əksinə, baxıram, xoşlarına gəlir, gülürlər, əylənirlər... Evin dayəsi olmaq qulluqçusu olmaq demək deyil axı...”
Dayə Tatyana: “Uşaqdan xəbərçi kimi istifadə edirlər”
28 yaşlı Tatyana isə iki ildir ki, dayəlik edir. Dediyinə görə, çox da imkanlı olmayan ailənin tək uşağına baxır. Durumundan və aldığı 500 manatdan narazılıq etmir: “Mənim istədiyim odur ki, kənar adamların arasında işləməyim. Yəni bir evə girib-çıxım, gün ərzində də bir uşağa baxım. Uşağın yeməyi, gəzintisi və rəqsə aparılıb-gətirilməsi mənim öhdəmə düşüb. 5 yaşı var uşağın. Yemək bişirmək işinə mən baxmıram. Anası axşamdan bişirib soyuducuya qoyur, mən günorta isidib yedirdirəm. Narazı olduğum yeganə şey isə evin xanımının pinti olmasıdır. Ev-eşik elə pis vəziyyətdə olur ki, mən məcburən uşaqla yanaşı, yır-yığışla da məşğul oluram. Bu isə mənim yükümü artırır”.
Tatyana deyir ki, bəzən valideynlər uşaqdan xəbərçi kimi istifadə edirlər. Onun sözlərinə görə, axşamlar ondan gün ərzində baş verənləri soruşur, bəzən isə hətta uşağın yalanlarına da inanırlar: “Mən tələbkaram, uşağa baxmaqla yanaşı, onu məktəbə də hazırlaşdırıram. Məktəbəqədər hazırlıq kitabları ilə məntiq testləri etdirirəm, hərfləri öyrədirəm. Görürəm ki, uşaq bezir və məni çox sevmir. Mən gəlib-getməyim deyə anasına yalandan deyib ki, guya mən onu evdə təkbaşına qoyub gedirəm, bütün gün telefonla danışıram”.
Müsahibimizin sözlərinə görə, hazırda ailələrin ən böyük silahı evlərdə gizlədilən gizli səs qurğuları, kameralardır: “Məncə, işlədiyim evdə də gizli səs qurğusu var. Çünki bunu hərdən ev yiyələrinin mənə dedikləri sözlərdən hiss edirəm. Çox etibar edirlər mənə. Evin xanımı pulların, qızılların olduğu otağın qapısını açıq saxlayır. Amma hərdən nəzarət üçün uşağın ata nənəsi qəfil bizə gəlir. Başa düşürəm ki, bu, nəzarət məqsədilə edilir. Qorxacağım, çəkinəcəyim heç nə yoxdur, ona görə də istədikləri kimi nəzarət edə bilərlər”.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, dövlət səhiyyə müəssisələrində müalicə-profilaktik, sanitariya-profilaktik, sanitariya-epidemiologiya xidmətləri, həmçinin ixtisaslaşdırılmış tibbi xidmətlər göstərilir: “Həmçinin müvafiq qanunvericiliyə görə ölkədə uşaqların icbari dispanserizasiyası sahəsində müvafiq tədbirlər görülür. Dövlət səhiyyə müəssisələri əhalini peşə qruplarına ayırmadan tam tibbi xidmətlə təmin edir”.
“Dayə uşaqları” ailəyə bağlı olmurlar
Psixoloq Afaq Verdiyeva isə hesab edir ki, dayə yanında böyüyən uşaqlarla valideyn nəzarətində olan uşaqlar arasında xeyli fərq var. Sonunculardan fərqli olaraq “dayə uşaqları” ailəyə çox bağlı olmur: “Onlar ata-anasını axşamlar evə gedib-gələn qonaq kimi görür. Valideynlə uşaqlar arasında dayə bir vasitəçi, bəzən isə sədd rolunu oynayır. Uşaq valideynindən daha çox dayəsinin xasiyyətini, vərdişlərini mənimsəyir. Bu isə onların arasında bir qədər yadlıq yaradır”.
3 ildir uşağını dayəyə etibar edən bank işçisi Səbinə Ağayeva üçünsə dayə ən yaxşı seçimdir. Dediyinə görə, bağçalardakı epidemiya, tərbiyəçilərin xoşagəlməz rəftarı, qidalanma problemi onu bu variantı seçməyə məcbur edib: “Evimdə gizli kamera sistemi var. Hər şey nəzarət altındadır. Üzbəüz qonşum isə bacı kimidir mənə. Gündə 3-4 dəfə evə gəlib, dayəyə nəzarət edir. Onun gün ərzində nə yediyini, neçə dəfə gəzintiyə çıxdığını da bilirəm. Ürək rahatlığı ilə qoyuram uşağı dayəyə. Rəfiqələrimə də tövsiyə edirəm. Əsas odur ki, adamın qabağına pis dayə çıxmasın. Mən bu dayəni bir rəfiqəmin məsləhəti ilə tapmışam. Ayda 400 manat verirəm, amma ürəyim rahatdır. Bilirəm ki, uşaq nə yeyir, kim baxır, saat neçədə yatır. Düzdü, bir az məsrəfli işdir, amma valideyn kimi ürəyim rahatdır”.
S.Ağayevanın dediyinə görə, uşağına özü baxmayan ananın bir mənfi cəhəti var ki, o da uşağına “yox” deyə bilməməsidir: “Uşağa özümüz baxmırıq deyə həmişə içimdə yarımçıqlıq olur. Həmişə fikirləşirəm ki, mən bu uşağa yaxşı ana ola bilmədim. Ona görə də nə istəyirsə, alıram. Hara deyirsə, aparıram. Amma bilirəm ki, uşağı belə ərköyünləşdirmək olmaz”.
Amma dayələrlə bağlı ölkə və dünya mediasında çoxlu sayda neqativ materiallar, xəbərlər var. Belə ki, 2007-ci ildə Türkiyədə azərbaycanlı dayə Simuzər Rüstəmovanın baxdığı uşağa qarşı münasibəti gizli kamera ilə görüntülənib. Türkiyə mətbuatında yayılan xəbərdə deyilir ki, azərbaycanlı dayənin 19 aylıq körpəyə pis davranmağından şübhələnən valideynlər evin salonuna gizli kamera yerləşdirib və dəhşətli görüntülərlə qarşılaşıblar. Onlar dayəni məhkəməyə veriblər.
ABŞ-ın İndiana ştatının Vidersburq şəhərində isə dayəliklə məşğul olan ərlə arvad həbs edilib. 31 yaşlı Stefan Kvik və 25 yaşlı Samanta Layt dayəlik etdikləri körpələri zorlayaraq videoya çəkirmişlər.


