banner
banner

Sosİal

Müharibədən zərərçəkən əhaliyə ilkin dövlət yardımı başlayır

Müharibədən zərərçəkən əhaliyə ilkin dövlət yardımı başlayır

Maddi yardımla bərabər, erməni təcavüzü nəticəsində dağıdılmış evlərin və digər obyektlərin bərpası işlərinə də start veriləcək

Azərbaycan dövləti 44 günlük Vətən müharibəsi dövründə erməni vəhşiliyindən zərərçəkən mülki şəxslərə, biznesə yardım prosesini davam etdirir. Ölkə rəhbərliyinin birbaşa nəzarətində olan proses hələlik dəyən zərərin qiymətləndirilməsi mərhələsindədir. Lakin dövlət əhalinin zəruri ehtiyaclarını qarşılamaq, zərərçəkənlərin sosial müdafiəsini təmin etmək üçün zəruri addımlar atır.

Belə ki, Ermənistanın beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə, obyektlərinə qadağan olunmuş dağıdıcı silahlardan atəş açması nəticəsində həyatını itirən mülki şəxslərə şəhid statusu verilib. Bu isə onların ailələrinin şəhidlər üçün nəzərdə tutulan bütün sosial təminatları əldə etmələrinə səbəb olub. Eyni zamanda evləri dağıdılan şəxslər dövlət hesabına kirayə mənzillərlə, zəruri əşyalarla təmin olunub.

Rəsmi məlumatlara əsasən, müharibə dövründə 98 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb. Eyni zamanda 3326 yaşayış evi, 504 mülki obyekt, 120 çoxmənzilli yaşayış evi yararsız hala düşüb.

Prezidentin tapşırığı əsasında Ermənistanın vəhşi hücumlarına məruz qalmış ərazilərə gedən yüksək vəzifəli dövlət məmurları əhali ilə görüşlər keçirib, onların üzləşdikləri bütün zərərin dövlət tərəfindən qarşılanacağını, dağıdılan, xəsarət alan evlərin, obyektlərin dövlət hesabına təmir və bərpa olunacağını bəyan ediblər

Prezident İlham Əliyev tərəfindən noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Həmin sərəncama əsasən, baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Həmçinin bu sərəncamın icrasının təmin edilməsi üzrə baş nazir tərəfindən komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq sərəncam imzalanıb və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb.

Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış  ərazilərinə dəymiş ziyan müəyyənləşdi | Tan.Az

Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sərəncamda həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi həvalə olunub. Bu məlumat bazasına mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı müfəssəl məlumatlar daxil edilir. Burada eyni zamanda şəxsi, məkan və zaman informasiyaları, 10 ədədədək foto və 3 dəqiqəlik video, qiymətləndirmənin nəticəsini əks etdirən məbləğ və digər bu kimi məlumatlar da öz əksini tapacaq.

Hökumətdən verilən məlumata əsasən, Dövlət Komissiyası tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər təxirə salınmadan davam etdirilir. Proses hələ davam etdiyi üçün ölkə üzrə yekun məbləğ hələ açıqlanmayıb.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

İşçi qruplarında təmsil olunan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, 44 günlük müharibə ərzində Ermənistan silahlı qüvvələrinin həmlələri nəticəsində Azərbaycanın 9 şəhər və rayonu üzrə 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib. Bu ziyanın məbləği dəqiq hesablandıqdan sonra dövlət biznesə müvafiq həcmdə dəstək verəcək.

Dekabrın 14-də Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir sərəncam imzalanıb.

Sərəncama əsasən, təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Maliyyələşmənin həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıq da verilib.

Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin edəcəklər. Qeyd edək ki, bu, dövlətin müharibədən zərərçəkmiş mülki şəxslərə dəyən zərərin qarşılanması üçün atdığı ilkin addımdır. Növbəti mərhələdə isə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq. Bütün bu tədbirlərin nəzərdə tutulmuş müddətlərdə, tez bir zamanda həyata keçirilməsi təmin olunacaq.

Dövlətin hərbi əməliyyatlar dövründə zərərçəkən əhaliyə təqdim etdiyi ilkin dəstək nə qədər yetərlidir? Ayrılan vəsaitlər dəyən zərərin həcminə adekvatdırmı?

Oxu.az - Fikrət Yusifov: “Ermənistan dövlət kimi özünü qorumaq istəyirsə,  onu çökdürən bu müharibəni saxlamalıdır”

Fikrət Yusifov

Sualları cavablandıran iqtisadçı-alim, sabiq maliyyə naziri Fikrət Yusifov qeyd edir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına və sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və onun aradan qaldırılması ilə bağlı noyabr ayının 6-da dövlət başçısının imzaladığı sərəncamla yaradılmış komissiya tərəfindən intensiv işlər aparılır: “Dekabr ayının 14-də ölkə Prezidenti tərəfindən bununla bağlı ikinci bir sərəncam imzalandı. İndiki mərhələdə böyük önəm daşıyan bu sərəncam erməni təcavüzü nəticəsində ziyan çəkmiş insanlarımıza dövlətin təxirəsalınmaz dəstəyi kimi dəyərləndirilməlidir. Dövlət ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin  zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılmasının vacibliyini nəzərə alaraq bu addımı atdı. Təbii ki, noyabr ayının əvvəlində yaradılmış Dövlət Komissiyasının dəymiş ziyanın qiymətləndirilməsinə dair rəylər hazır olduqdan sonra, erməni təcavüzü nəticəsində dağıdılmış evlərin və digər obyektlərin bərpası işlərinə də başlanılacaqdır”. 

Ekspertin sözlərinə görə, bütün bu işlərin görülməsi kifayət qədər böyük maliyyə vəsaitlərinin istifadəsini nəzərdə tutur: “Koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərər fonunda bu işlərin maliyyələşdirilməsi dövlət üçün bir o qədər də asan deyil. Prezidentin bir neçə gün öncə imzaladığı sərəncam mülki əhaliyə dəymiş ziyanın bir qisminin ödənilməsini nəzərdə tutur. Ermənilərin atəşə tutduğu ərazilərdə əhalinin dağıdılmış evlərinin və obyektlərinin, həmçinin infrastrukturun bərpası işləri isə komissiyanın fəaliyyəti başa çatdıqdan sonra başlayacaqdır. Bu işlərin aparılması isə daha çox vəsait tələb edəcəkdir. Qarşıda bizi işğaldan azad edilmiş ərazilərdə böyük bərpa layihələrinin reallaşdırılması kimi iri maliyyə tutumlu işlər də gözləyir. Bu vəzifələrin uğurla icra edilməsi dövlətin mümkün maliyyə resurslarının düzgün qiymətləndirilməsindən və ayrılacaq vəsaitlərdən maksimum səmərəli istifadə olunmasından çox asılı olacaqdır. Bu dönəmdə dövlət vəsaitlərindən istifadə sahəsində hər hansı bir israfçılığın və digər yanlışlıqların qarşısı qətiyyətlə alınmalıdır”.

Xatırladaq ki, iyul ayında Ermənistanla dövlət sərhədinin Tovuz rayonu ərazisində baş vermiş hərbi toqquşma zamanı mülki əhaliyə dəyən zərərin qarşılanması prosesi qısa müddətə yekunlaşdırılıb. Artıq Ermənistan silahlı qüvvələrinin ağır silahlardan açdığı atəş nəticəsində dağıdılan, yaxud zərər görən yaşayış evlərinin, vətəndaşlara məxsus mülki obyektlərin yenidən tikilməsi, təmir və bərpası işləri yekunlaşmaq üzrədir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.