Yeni dövlət nəzarəti sistemi necə işləyəcək?
Prezident İlham Əliyev Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılması barədə fərman verib. Sənədə görə, Prezident Administrasiyasında qurulan sistem Prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edəcək. İş qaydasına əsasən, informasiya sisteminə dövlət sirrinə aid olan məlumatların daxil edilməsinə yol verilmir.
Prezident fərman və sərəncamlarının bəzi hallarda icra olunmadığı haqda şikayətlər var, xüsusilə mərkəzdən uzaq bölgələrdə. İndi bu sistem vasitəsilə qanun və qərarların icra vəziyyətinə tam nəzarət mümkün olacaq?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü. YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda dövlət nəzarət sistemi var: “Amma cənab Prezidentin son sərəncamı bunu daha da təkmilləşdirmək və vahid bir hala gətirmək məqsədi daşıyır. Məqsəd verilən qərarların, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi mexanizmini yaratmaqdan ibarətdir. Artıq hər hansı məsələnin icrası ilə bağlı uzun-uzadı axtarış etməyə ehtiyac qalmayacaq. Onun yerinə yetirilmə vaxtı, yerinə yetirilmə vəziyyəti barəsində istənilən an məlumat əldə etmək mümkün olacaq. O, həm yuxarı hakimiyyət orqanları üçün, eyni zamanda qarşısına tapşırıq qoyulan qurumlara məsələnin gedişatı ilə bağlı vaxtında tapşırıq verməyə, ehtiyac yarananda onlara yenilik edilməsinə şərait yaradacaq. Hesab edirəm ki, belə bir sistemin yaranması qərarların yerinə yetirilməsinə məsuliyyəti daha da artıracaq. Hansısa məmurun məsuliyyətsizliyini vaxtında görmək, onun qarşısını almaq mümkün olacaq. Ümumən götürdükdə səmərəli, ümumi işin xeyrinə və müasir tələblərə cavab verən bir sistemdir”.

Aydın Mirzəzadə
Bəs sistemə sıravi vətəndaşların məlumat verməsi mümkün olacaq, yoxsa ancaq rəsmi qurumlar, iş icraçıları və idarəçiləri üçün qurulmuş mexanizmdir?
Aydın Mirzəzadə qeyd etdi ki, hələlik söhbət rəsmi qurumların istifadə edəcəyindən gedir. Amma mümkündür ki, gələcəkdə artıq birbaşa vətəndaşlarla bağlı bu məsələni sistemə salmaq mümkün olsun: “Hazırda isə söhbət ümumən rəsmi qurumların qarşısına qoyulan vəzifələrin yerinə yetirilmə icrası vəziyyətindən gedir. Vətəndaşların müraciətləri ilə bağlı isə bu gün hər bir hökumət orqanının saytında qaynar xətt, müraciət formaları mövcuddur. Ən böyük nəzarət isə mətbuatdır. Azərbaycan mətbuatı ölkədə gedən reallıqları, işləri daim açıq şəkildə göstərə bilir. Cənab Prezidentin özü dəfələrlə müəyyən məlumatları mətbuatdan birbaşa aldığını da bildirir”.

Tural Abbaslı
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, iqtidar köhnə mexanizmlərin müasir idarəetmə sisteminə cavab vermədiyini özü üçün qətiləşdirib. Hər halda, istənilən yenilik alqışlanmalıdır: “Bu fərman həm də ölkə başçısının artıq indiyə qədər olan nəzarət mexanizmlərinə tam etibar etmədiyini də söyləməyə əsas verir. Nəzarət mexanizmi əsasən fərdlərin subyektiv yanaşmalarından asılı olduğu üçün ola bilsin həm də Prezidentə yanlış informasiyaların verildiyi faktları var. Ona görə də yeni nəzarət mexanizminin tətbiqi qərara alınıb. Adından anlaşılan odur ki, burada həm də yerli icra strukturlarının fəaliyyətinin qiymətləndirilməsi aparılacaq. Yəni qərar və tapşırıqların icrası sistemli şəkildə qiymətləndiriləcək. Artıq orada şəxslərin subyektiv yanaşması rol oynamayacaq. Görülən işlər, tapşırılan işlərin icrasının səviyyəsi elektronlaşdırılmış formada birbaşa Prezidentin diqqət mərkəzində olacaq. Yəni görülən işlər artıq kimlərinsə tərifli təqdimatı ilə deyil, yeni sistem vasitəsilə qiymətləndiriləcək. Yerli icra hakimiyyətlərinin fəaliyyətinə qiymət verilməsi baxımından xüsusilə bu, daha məqbul mexanizmdir. Burada daha tayfabazlıq, qohumbazlıq, qrupbazlıq rol oynaya bilməyəcək. Mən istərdim ki, yeni tətbiq olunacaq mexanizmdə həm də ictimai nəzarət məsələsi nəzərə alınsın, həm müxalifətin də ictimai nəzarət prosesində rolu təmin olunsun. Əgər Prezident Administrasiyası yerlərdəki strukturların işinin obyektiv qiymətləndirilməsini istəyirsə, təbii ki, yerlərdəki müxalifət təşkilatlarının da fikirləri qiymətləndirilməyə daxil edilsə işin xeyrinə olar. Görünən odur ki, əvvəlki kuratorluq, kurasiya metodundan imtina olunur”.


