Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur. Od çərşənbəsində od rəmzi məna daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs məfhum kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Alimlərin araşdırmasına görə, türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.
Adətə görə Od çərşənbəsində bayram tonqalı həyət qapısının sonunda qalanar ki, evə daxil olan özü ilə birgə ağırlıq, pis niyyəti gətirməsin, nə varsa odda yansın.
Beləliklə, Od çərşənbəsi əsəsən, ağırlığın məhv olduğu çərşənbə kimi xarakterizə olunur. Türk dünyagörüşünün mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Od çərşənbəsi həm də onların məhvi baxımından vacib ritual sayılıb. Belə bir deyim də var: “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”.
Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqının inancına görə işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər. Həçinin adətə görə qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.
Qədimdə Od çərşənbəsində sübh tezdən Günəşə qurban aparmaq adəti olub. İnanca görə, Günəşi nə qədər əzizləsələr, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilər.
Bəzi bölgələrdə ikinci çərşənbəni Torpaq və yaxud Yel çərşənbəsi kimi qeyd edənlər də var. Bu sıralama daim müzakirə mövzu olaraq qalmaqdadır.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli bu və digər məsələlər ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Bəzən görürük ki, bölgələrdə çərşənbələrin yeri dəyişik keçirilir. Məsələn, Naxçıvan bölgəsi bu gün Od çərşənbəsini deyil, Torpaq çərşənbəsini qeyd edir. O bölgənin camaatı sonuncu, dördüncü çərşənbəni Od çərşənbəsi kimi qeyd edir. Lakin ölkəmizdə rəsmi olaraq ikinci çərşənbə Od çərşənbəsi kim qəbul olunub.
Məsələ belədir ki, insanlar bu çərşənbələri dünyanın yaranmasında iştirak edən ünsürlərin hər birinin oyanmasına görə əziz tutub və bayram kimi qeyd edib ki, bu da ənənələrdən gəlir.
Araşdıranda görürük ki, vaxtilə keçirilən çərşənbələrin arasında ayrıca Od çərşənbəsi olmayıb. 1928-ci ildə dərc edilən bir jurnalda maraqlı bir məlumata rast gəlmişdim, orada qeyd edilirdi ki, Şimal bölgəsində, o cümlədən Göyçay və ətraf yerlərdə, məsələn, Şəki, Qəbələ, Ağdaşda çərşənbələrin sıralanması belə idi - birinci çərşənbə havaya, ikincisi suya, üçüncüsü torpağa, dördüncüsü isə ağaca həsr olunardı. Lakin bütün çərşənbələrdə tonqal yandırılar və insanlar onun üzərindən atlanardılar.
Ümumiyyətlə, Novruz mərasimlərində, çərşənbələrində ən vacib elementi odla bağlıdır. Çünki odun, istiliyin artması, getdikcə havaların qızması və sairə məsələlərlə bağlı idi. Novruzun əsas da gəlişi bilirik ki, Günəşin cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi anda baş verir, hansı ki, bu, mart ayının 20-də gündüz saatlarında 13:37 dəqiqədə baş verəcək. Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçən zaman yaz bərabərliyi nöqtəsi deyilən yer var, orada Günəşin Azərbaycana düşmə bucağı 50 faiz təşkil edir. Bu o deməkdir ki, gecə-gündüz bərabərliyi yaranır. Gecə və gündüzün 12 saat olması faktı həmin bu bərabərlik məsələsinə işarədir.
Beləliklə, vurğulamaq istəyirəm ki, burada aparıcı element Günəş, oddur. Təbii ki, odun da, Günəşin də yerdəki rəmzi tonqaldır.
Tonqaldan başqa xalq arasında şam yandırmaq ənənəsi də var. Məsələn, xatırlayıram ki, uşaq ikən Şirvan ərazisində lopa, şamal düzəldilərdi. Burada şam- yanmaq, al-qırmızı mənasındadır. Qərb bölgəsində, o cümlədən Qazax, Tovuzda şamala lopa deyirlər. Gecədən əski parçalarını neftə qoyub, səhəri günü onu sarıyıb, bağlayar, yandırardıq. Lopalar uzun müddət yanırdı və əlimizdə onu fırladıb səmaya atırdıq. Bu lopalar həm Günəşin, istiliyin əlaməti, həm də Günəşi arzulamaq anlayışı kimi qəbul edilir. Bütün bunların hamısı təbii ki, gətirib istiliyə çıxarır.
Əvvəllər deyirdilər ki, guya şam yandırmaq xristianlıqla bağlıdır. Amma qətiyyən belə deyil. Hər bir evdə ya hər ailə üzvünün adına, ya da ümumi olaraq bir şam yandırılır. Bütün bunların hamısı odu, Günəşi simvolizə edir.
Odun, istiliyin artması eyni zamanda əkinci həyatının başlanmasına gətirib çıxarır. Bildiyimiz kimi, yaz aylarında tarlalarda əkin işləri başlayır. Bununla da yaz bayramı həm də əkinçilik bayramıdır. Çünki əkinçilik xalqın çörəyidir. Çörəyin bolluğu xalqın yaşamasıdır, inkişafıdır, gələcəyidir.
Hesab edirəm ki, vaxtilə Şimal bölgəsində ayrıca Od çərşənbəsinin olmamasının göstərilməsinin səbəbi odun ayrıca aparıcı element kimi qəbul edilməsi ilə bağlı olub".
Qeyd edək ki, xalq təqviminə əsasən Azərbaycanda bu Od çərşənbəsi martın 2-nə, Yel çərşənbəsi martın 9-na, sonuncu ilaxır, Torpaq çərşənbəsi isə martın 16-na təsadüf edir.
Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-si isə bayram günü kimi qeyd ediləcək.


