Adil Allahverdiyev: “Ölkəmizin bugünkü texniki inkişafı bunu həyata keçirməyə imkan verir”
Dünyada hazırda bir vaksin irqçiliyi gedir. Bir çox ölkələr həddən artıq vaksin ehtiyatı yığıb, bəzi ölkələr vaksinasiyaya heç başlamayıb. Azərbaycana qarşı COVAX-ın ikili siyasətinə baxmayaraq, ölkəmiz hələ ki kifayət edəcək həddə vaksinə sahibdir. Bu arada digər ölkələrdə olduğu kimi, bizdə də vaksin olunanlara “SMS icazə” tətbiq olunmaya bilər. Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu da vurğulayıb.
Yada salaq ki, ölkəmizdə COVİD-19-a qarşı vaksinasiyaya yanvarın 18-də start verilib və hazırda tam sürətlə davam edir. Hazırda vaksinasiya prosesinin 3-cü mərhələsi həyata keçirilir və artıq 530 minə yaxın nəfər peyvənd olunub.
Yaxın vaxtlarda peyvənd olunan “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov bizimlə söhbətdə əhalini vaksinasiyada iştiraka səsləyib, bildirib ki, əhali yaradılan fürsəti əldən verməməlidir: "Vaksinlərlə bağlı sosial şəbəkələrdə gözdənsalma kampaniyası aparılır. Qəsdən belə informasiyalar yayırlar. Əslində hər şey qaydasındadır, vaksinlər gözəgörünməz bəla ilə mübarizədə yeganə vasitəmizdir. Koronavirus bəlası ilə mübarizədə başqa üsul yoxdur. Nə qədər qapanmalar, məhdudiyyətlər olsa belə, yenə də qarşısını almaq mümkün olmayacaq. Yeganə çıxış yolu vaksinasiyadır. Amma təəssüflər olsun ki, COVAX çərçivəsində Azərbaycan da güzəştli vaksinlər almalı idi.

Rafail Becanov
İkili standart, ikili yanaşma, böyük dövlətlərin hansısa bir qaranlıq siyasətinin nəticəsində bu proses əngəlləndi. Yaxşı ki, dövlət öz hesabına Çindən müəyyən miqdarda vaksin gətirmişdi və əhali bununla vaksin oluna bilir. Əgər pandemiyadırsa, dünyanı bürüyübsə, bununla bağlı bütün dövlətlər ÜST-lə birgə mübarizə taktikası fikirləşmişdisə, buna uyğun olaraq da yanaşmalar olmalı idi. ÜST bu proqram çərçivəsində dövlətlərin vaksinlərlə təmin olunması, bəşəriyyətin xilas olması üçün dəqiq bir konsepsiyaya malik olmalı idi. Təəssüf ki, biz bunun şahidi olmadıq. Əgər hansısa dövlət öz gücünə bunu edə bilməsə, deməli, COVAX işlək bir proqrama çevrilməyib. Dövlətlər məcbur olub öz hesabına bunu həll edirlər. O dövlətlər ki, bunu bacarır, əhalisini qoruyacaq. Bəs ölkəsini vaksinlə təmin edə bilməyən ölkələr nə etsin?! Bu, pandemiya ilə mübarizədə bəşəriyyətin aciz qalmasını göstərən bir amildir. Amma Azərbaycan dövləti sağlamlıq siyasətini düzgün qurub, Çindən vaksinləri gətirib, vaksinasiya uğurla aparılır. İnsanlar da bundan mütləq yararlanmalıdır. Fikrimcə, bu proses bizim üçün o qədər də ağrılı olmayacaq".

Adil Allahverdiyev
Ümumiyyətlə, son günlər vaksinlərlə bağlı dünyada yaranan böhran vəziyyətdən necə çıxmaq olar? Bizimlə söhbətdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev mövzu ilə bağlı fikirlərini bildirib: “Əksər insanlarımız bu xəstəliyi keçiriblər. Özləri də kollektiv immunitetin bəlli bir parçasını yaratmış olurlar. Digər insanlar da hazırda vaksin olunurlar. Onlar da burda rol oynamış olacaqlar. Amma əhalinin sayı 10 milyona yaxındırsa, heç olmasa 6-7 milyon insan ən azı vaksin olunmalıdır, yaxud xəstəliyi keçirmiş olmalıdır ki, kollektiv immunitet yaransın”.
Professor dünyada vaksinlərlə bağlı aparılan ikili siyasətlə barədə də fikirlərini bölüşüb: “Görürsünüz ki, bu gün dünyanın bir çox ölkələrində vaksinlərlə bağlı nə qədər böyük rəqabət gedir. Kanada əhalisinin sayından da qat-qat çox vaksin alıb, özündə saxlayır. Digər ölkələr də vaksini başqa ölkəyə vermək istəmir. Bu çox ciddi bir məsələdir. Bu gün COVİD-19, sabah başqa bir infeksiya ola bilər. Yeni dünyada artıq anlaşılır ki, hər bir ölkə öz vaksinini əldə etməyə çalışacaq. Bir ölkənin istehsal etdiyini bütün dünyaya çatdırmaqda problemlər olur. İkinci tərəfdən, ölkələr arasında rəqabət gedir, siyasi, iqtisadi rəqabət və sairə. Ölkələrdə vaksinlərə qarşı inamın da azalmasına səbəb olur. Ona görə də ən güvənli vaksin ölkənin öz vaksininin olmasıdır. Təəssüf ki, bu sahədə hələ ki yetərincə infrastrukturumuz yoxdur, bunun yenidən hazırlanmasına ehtiyac var. Bunlar olmadan olmaz. Amma mən 4-5 aydır çalışdığım müddətdə insanlarla görüşərkən, institut əməkdaşları ilə söhbət edərkən anlaşılır ki, əməkdaşların potensialı var. Bu potensialı ortaya qoymaq üçün bəlli bir düzənə ehtiyac var. Amma nə olursa-olsun, altını qırmızı xətlə cızaraq söyləmək istəyirəm ki, ölkəmizdə vaksinasiya ilə bağlı gələcəyə yönələn strategiya hazırlanmazsa, xeyli zaman itirmiş olacağıq. Nə qədər tez bu işə başlamış olarsaq, ölkəmiz üçün son dərəcə əhəmiyyətli olacaq. Çünki bir ölkədə vaksin istehsal edilirsə, həmin ölkənin sağlıq güvənliyi təmin edilmiş olacaq, digər tərəfdən, ölkəmizin başqa ölkələrdən asılılığının aradan qaldırılmasına səbəb olacaq. Eyni zamanda milli vaksinləri başqa ölkələrə satdıqda ölkəyə gəlir gətirmiş olacaqdır. Bir sözlə, ölkəmizdə tibbi texnologiyanı qurmuş olarıqsa, bu, böyük bir sərmayə qoyuluşu kimi dəyərləndirilə bilər. Yəni biz xarici ölkələrdən almarıq, özümüz istehsal edərik”.
A.Allahverdiyev milli vaksinlərin nə qədər müddətə hazırlanmasına da münasibət bildirib: “Mənim həyatımın 15 ili Moskvada, qalan illəri - 17 ilə yaxını Türkiyədə keçib. Bütün bu illərdə vaksinasiya ilə məşğul olmuşam, yeni vaksinlərin hazırlanması üçün çalışmış bir elm adamıyam. Bu sahədə çoxsaylı yeni layihələr də tamamlamışam. Bu işin içində olduğum üçün işimi tamamilə içdən görürəm, bunun Azərbaycanda reallaşmasına inanıram. Əgər yeni laboratoriyalar olarsa, texniki təchizat olarsa, kadr məsələlərini qısa müddətdə də həll etmək olar. 1- 3 il, maksimum 4 il ərzində bu Azərbaycanda şübhəsiz ki, reallaşa bilər. Azərbaycanda bugünkü texniki inkişaflar bunu həyata keçirməyə imkan verir. Sadəcə olaraq, bu işi reallaşdırmaq üçün doğru düşüncə, işə real olaraq baxmaq lazımdır. Çin vaksini burada hazırlamaq çətin deyil. Virusu izolya edirik, virusu laboratoriya şəraitində hüceyrə şəklində çoxaldırıq, çoxaldıqdan sonra o virusları təmizləyirik, daha sonra müxtəlif fiziki, kimyəvi metodlar vardır, onları orada inaktiv edirik, yəni öldürürük, zərərsziləşdiririk. Bundan sonra bəlli dozalarda hazırlanır. Xaricdə çalışan azərbaycanlı alimlərimiz də var, lazım olsa onlar da dəvət edilə bilər”.


