“Bu gün Ermənistanın daxilində ”şıdırğı alver" gedir"
Növbədənkənar seçki qərarı verildikdən sonra Ermənistanda siyasi hərarət günbəgün artmaqdadır. Artıq baş nazir Nikol Paşinyan aprel ayında istefaya gedəcəyi barədə fikrini açıqlayıb. Ancaq belə görünür ki, Paşinyan hakimiyyət olimpindən birdəfəlik imtina etmək niyyətində deyil, sadəcə, qanunvericiliyə uyğun olaraq postundan uzaqlaşacaq, rəhbərlik edəcəyi seçki bloku ilə qayıtmaq üçün mübarizə aparacaq. Hətta o, seçkinin keçirilməsinə qədər baş nazir səlahiyyətlərini yerinə yetirməkdə davam edəcəyini də açıqlayıb.
Belə bir ərəfədə N.Paşinyanın Rusiya paytaxtına səfər edəcəyi, prezident Vladimir Putinlə görüşəcəyi, işgüzar səfərin 7 aprel tarixində reallaşacağı bildirilsə də, Kremlin reaksiyası erməni baş naziri pərt vəziyyətə salıb. Kreml sözçüsü Dmitri Peskov martın 29-da deyib ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla dərhal danışığa başlaması vacib deyil. Onun sözlərinə görə, Nikol Paşinyanın aprel ayında istefa verəcəyi barədə qərar Vladimir Putinlə görüşün dərhal keçirilməsini vacib etmir. D.Peskov liderlər arasında təmasların davam etdiyini də əlavə edib: “O, (Nikol Paşinyanı nəzərdə tutur - red.) vəzifəsini icra edəcək, ona görə də görüşlə bağlı ictimaiyyətə açıqlanan qərarın müzakirəsinə ehtiyac yoxdur”.
N.Paşinyanın seçki hazırlıqları ərəfəsində eks-prezident Robert Köçəryanla bağlı verilən qərar gözləniməz oldu. 2018-ci ildən bəri Rusiya Paşinyanın Köçəryandan əl çəkməsini tələb edirdi. Yalnız bugünlərdə Konstitusiya Məhkəməsi Köçəryanın ittiham olunduğu Respublika Cinayət Məcəlləsinin maddəsini antikonstitusion olduğu barədə qərar çıxardı. Bu da Putinə xoş gəmək üçün düşünülə bilərdi.
Bu ərəfədə iddialar səslənir ki, Rusiya prezidenti Azərbaycan lideri ilə də görüşə bilər. Qeyd edək ki, martın 12-də Putin Prezident Əliyevə zəng etmişdi. Bir neçə gün sonra isə Paşinyanla da telefon danışığı oldu. Bu mənada 11 yanvar görüşündən sonra növbəti üçtərəfli görüşün ola biləcəyi ehtimalı ortaya çıxır. Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında öncə liderlərin üçtərəfli görüş ehtimalı ilə bağlı sualı cavablandırdı:
- Mənə elə gəlir ki, indiki halda bu, qeyri-real görünür. Çünki bir neçə gün bundan qabaq Ermənistanın baş naziri Nikol Paşinyanın Putinlə telefon söhbəti oldu. Ondan bir az keçər-keçməz artıq Ermənistanın rəhbəri dedi ki, o, aprel ayında istefaya gedir. Bəllidir ki, bütün bu çalışmalar-çabalar hamısı qarşıdakı iyun seçkiləri ilə bağlıdır. İndi biz artıq Ermənistanın daxili reallıqlarının yeni bir mərhələyə keçməsinin şahidi oluruq. Görürük ki, indi tək iqtidar-müxalifət səviyyəsində ortada olan mübarizə, oradakı dəyişikliklər yox, həm də Nikol Paşinyanın ətrafında olan qüvvələrin də dairəsində artıq yerdəyişmələr, hərəkətlənmələr müşahidə olunur. Bilirsiniz ki, Nikol Paşinyan belə bir mesaj ötürüb ki, “Mənim addımım” blokunun siyahısı artıq məndə var, ancaq hələ o, həmin siyahını açıqlamır. Niyə? Çünki əgər o siyahı işıq üzü görərsə, orada kimlərsə özlərinin adlarını görməzlərsə, deməli, onlar da potensial rəqibə, hətta düşmənə çevrilə bilər. Ona görə də indi mən elə başa düşürəm ki, hələ Ermənistanın baş naziri bir o qədər də özünə əmin deyil. Düzdür, nəzarəti az-çox əlində saxlaya bilir, amma bütün vəziyyətə hakim kəsilə bilmir. Mən görürəm ki, Serj Sərkisyan kiçicik bir şansdan da istifadə edir ki, özünün mesajlarını ötürsün. Məsələn, cinayət işi ilə bağlı məhkəməyə çağırırlar, dərhal gəlir və dərhal da jurnalistləri ətrafına yığır. Onlara mesajlar verir ki, biz Qarabağı Azərbaycana verməyəcəyik, bu, bizim haqq işimizdir və sair. Biz görürük ki, bütün səviyyələrdə hamı oynayır, mübarizə aparır. Seçkilər yaxınlaşdıqca təbii ki, bütün siyasi qüvvələr hamısı elektoral ova çıxıblar. Yəni elektoratın uğrunda ova çıxıblar ki, özlərinin mövqelərini bərkitsinlər. Bu baxımdan hesab edirəm ki, bəli, bu ərəfədə liderlərin görüşü olmaya da bilər.
“Rusiya tərəfi bu məsələlərdə səhvlərə yol verməyəcək” |
- Nikol Paşinyana Moskvadan zəngi xatırlatdınız. Amma ondan qabaq Putin Bakıya, Azərbaycan Prezidentinə telefon açmışdı. Bu fakt sizə nəsə deyirmi?
- Doğrudur. Rusiya sülhməramlıları Azərbaycan ərazilərində yerləşdirilib, burada dislokasiya olunub, fəaliyyət göstərirlər. Bu, Rusiya-Azərbaycan münasibətlərində həm operativ, həm taktiki baxımdan çox vacib məqamlardan biridir. Odur ki, Azərbaycanla daha vacib və daha dərin məsələlər müzakirə olunur. Amma Ermənistan rəhbəri ilə müzakirələrdə əsas məsələ hakimiyyətin müqəddəratıdır, indi o, nə təhər olacaq və Rusiyanın buna münasibəti necə olacaq? Burada bir məsələ də diqqəti özünə cəlb edir ki, Ermənistan Konstitusiya Məhkəməsi artıq Robert Köçəryanın işinə hazırda xitam verməyə hazırlaşır. Bunu hətta Nikol Paşinyan da bildirdi. Mən elə başa düşürəm ki, bu da Moskva-İrəvan arasındakı danışıqların tərkibindən irəli gələn bir nəticədir.
- Konkretləşdirsək, Paşinyan Köçəryanı alver predmetinə çevirib, elə deyilmi? Yəni əlindəki “közır”ı yaman gün üçün əlində saxlamışdı...
- Bəli. Bu gün Ermənistanın daxilində “şıdırğı alver” gedir. Ümumiyyətlə, siyasi aləmdə alverlər həmişə olur. Amma indi Ermənistandakı bu alver mən deyərdim ki, həm də göz görə-görə devalvasiyaya uğrayır. Hər şey qiymətdən düşür və ən əsası da elektoral qüvvənin də bu proseslərə marağı minimal bir səviyyədədir. Yəni bir o qədər də böyük həvəslə, maraqla bunlara yaxınlaşmırlar. Bəli, müşahidə edirlər, ancaq elektoral qüvvənin əlində ola biləcək rıçaqlar, alətlər varmı ki, onlar nəyisə dəyişsinlər, buna inanmıram. Məsələlər daha çox yüksək səviyyədə həll olunacaq. Yəni yuxarıda oturanlar tərəfindən.
- Dediklərinizdən belə qənaət hasil olur ki, Nikol Paşinyanın 7-8 aprel tarixlərində Moskvaya səfər edib, Putindən “xeyir-dua” alacağını gözləmirsiniz...
- Bəlkə də ola bilər. Amma mənə elə gəlir ki, telefon danışığında bir çox məsələlər artıq həllini tapıb. Faktiki olaraq indi həm də pandemiya dövrüdür. Biz görürük ki, siyasi liderlər özləri bir o qədər də səfərlərə, gediş-gəlişə baş qoşmurlar. Bununla da birincisi, özlərini qoruyurlar, digər tərəfdən də əgər qarşı tərəf məsələn, bunu ürəkdən arzulamırsa, onda getməyə lüzum görmürlər. Bir halda ki, telefon danışığı olubsa, deməli, artıq razılığa gəliblər.
- Bəs Azərbaycanın dövlət başçısının Rusiyaya səfəri necə, gözləniləndirmi?
- Mən elə başa düşürəm ki, olacaq, amma bu tezliklə yox.
- Görünən budur ki, Rusiya Ermənistanın “hərbi əsirlər” adlandırdığı terrorçuları xilas edib, qaytarmaq istəyir. Bununla bağlı gözləntiniz necədir?
- Yox, mən elə düşünürəm ki, orada heç bir çalışma nəticə verməyəcək. Niyə? Çünki Azərbaycanın mövqeyi, sözü qətidir. Biz bütün dünyaya bəyan etdik ki, bunlar əsir deyillər, terrorçudurlar, artıq atəşkəs rejimi əldə olunandan sonra orada peyda olublar və onlara heç bir güzəşt olmayacaq. Ümumiyyətlə, dünyada terrorçularla heç kəs danışmır. Biz də bunun tərəfdarıyıq ki, terrorçularla danışığa getmək olmaz, vəssalam. Əgər onların cinayəti varsa, buna görə cavab verməlidirlər.
- Bəs Sədərəyin Kərki, yaxud Qazağın 7 kəndinin azad olunması, Zəngəzur dəhlizinin açılması məsələləri necə...
- Onlar daha çox taktiki məsələlərdir. Hesab edirəm ki, onlarla bağlı Azərbaycan ilk növbədə Moskva ilə danışıqlar aparacaq. Sadəcə, onların nəzərinə çatdıracaqlar ki, söhbət nədən gedir. Yəni Azərbaycan faktiki olaraq burada üstünlüyü, təşəbbüsü əlində saxlamaqla bu məsələrdə də hədəfinə yetişəcək, çatacaq.
“Onlar gözəl başa düşürlər ki, Azərbaycan bu reallıqları köklü surətdə dəyişə bildisə, deməli, Azərbaycanın həm də hələ istifadə olunmayan gücü var” |
- Həm də soruşmaq istəyirdim ki, yuxarıdakı məsələlər terrorçuların azadlığı üçün alver predmetinə çevrilə bilərmi düşmənin əlində?
- Yox, qəti surətdə. Onlar çox israr etsələr də, Azərbaycanın birinci cavab verməyə imkanı var, ikinci də bu məsələni lap prinsipial tərzdə qoruyub-saxlayacaq. Çünki bu məsələ həllini tapıb. Prezident də deyib, bizim ictimai-siyasi təşkilatlarımız da bəyan ediblər ki, terrorçulara güzəşt olmalı deyil.
- Yəqin Ermənistan mediasını izləyirsiniz. Son zamanlar ən absurd iddialara əl atırlar, dezinformasiyalar yayırlar, Azərbaycan tərəfini erməni maşınlarına daş atmaqdan tutmuş, mal-qara oğurlanması ittihamına qədər sərsəm şayiələr yayırlar...
- Onlar özləri üçün siyasi mübarizəni çox düşük tərzdə təsəvvür edirlər. Naira Zoqrabyan parlamentdə məsələ qaldırıb ki, azərbaycanlılar 13 dənə inəyi oğurlayıb. Bu, düşüklükdür, cılızlıqdır, başqa adı yoxdur.
- Bu cür saxta ittihamlar Rusiya hərbçilərinin bölgədəki proseslərə qarışmasına nail olmaq, yaxud sülhməramlıların əhatə dairəsini genişləndirmək üçün düşünülə bilərmi?
- Yox, inanmıram. Rusiya tərəfi də bu məsələlərdə səhvlərə yol verməyəcək. Onlar gözəl başa düşürlər ki, Azərbaycan bu reallıqları köklü surətdə dəyişə bildisə, deməli, Azərbaycanın həm də hələ istifadə olunmayan gücü var. Ona görə də hələ riskə getməyəcəklər ki, Azərbaycanı, ümumiyyətlə, itirməsinlər.
- Sözünüzə qüvvət: Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Arqumenti i Faktı” nəşrinə geniş müsahibəsində “Bizim Azərbaycanla etimada, qarşılıqlı hörmətə əsaslanan gözəl münasibətlərimiz var”, deyib.
- Bəli. Biz görürük ki, Rusiyada daha çox Azərbaycana böyük diqqət, çox böyük maraq var. Digər tərəfdən, Azərbaycan çox işlək bir subyektdir, yəni özünün potensialı var, irəli sürdüyü təşəbbüslər hamısı xeyli sayda səmərə, mənfəət gətirir. Onlar bundan heç vaxt imtina etməyəcəklər, dönməyəcəklər. Çünki hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizi də gündəmdədir, bu, Rusiya üçün çox vacib, taleyüklü məsələdir. Deməli, Azərbaycanla Rusiyanın münasibətlərində taraz vəziyyət, balans qalacaq.
- Bəs Qarabağdakı terrorçuların qalıqları, Laçın dəhlizinə nəzarət məsələsi ilə bağlı düşüncələriniz necədir?
- Bunlar hamısı yavaş-yavaş həllini tapacaq. Yəni bu, paket formasında alına biləcək məsələ deyil. Biz görürük ki, Ermənistan tərəfi nə dərəcədə çalışır, heç nədən divident əldə etmək istəyir. Ancaq bizim təmkinimiz bir çox məsələlərin də həlli deməkdir, onların qışqır-bağırına baxmayaraq. Ermənilər bir o qədər də səmərəli siyasi mübarizə apara bilmirlər, o iqtidarda deyillər.
- Nəhayət, Nikol Paşinyan bu dəfə də hakimiyyətini qoruyub-saxlaya biləcəkmi?
- Onu bilmək olmaz. Gəlin biz tələsməyək, amma hər halda, indi daha üstün görünən Paşinyandır. Çünki görürsünüz, o, öz ətrafını da müəyyən mənada idarə etməyi bacarır.


