Xəyal Bəşirov: “Amerika kimi bir dövlətin imicinə ciddi zərbədir”
ATƏT Daimi Şurası yanında ABŞ-ın işlər vəkili Kortni Ostrian hər iki tərəfi “mümkün qədər tez” və “qeyd-şərtsiz” Minsk Qrupu həmsədrlərinin himayəsi altında yüksək səviyyədə konkret danışıqlara qayıtmağa çağırıb. Bəyanata əsasən, Vaşinqton “münaqişənin uzunmüddətli siyasi nizamlanması haqqında danışıqlar aparmaqda tərəflərə kömək etməyə çalışır”.
Ermənistan-Azərbaycan sərhədində son hadisələr bütün həll edilməmiş problemlərin həllini əhatə edən, Ermənistan və Azərbaycan arasında barışığa və münasibətlərin normallaşmasına gətirib çıxara biləcək hərtərəfli sazişin əhəmiyyətini göstərir. “Biz Ermənistanı və Azərbaycanı həmsədrlərin təkliflərinə baxmaq və tərəflərin prioritetlərini əks etdirən strukturlu gündəlik üzrə birgə qərarlar qəbul etmək üçün mümkün qədər tez həmsədrlərlə əməkdaşlığa çağırırıq”, - deyə Ostrianın bəyanatında bildirilir.
ABŞ tərəfləri bütün hərbi əsirlərin və saxlanılan şəxslərin qısa zamanda qaytarılması; döyüş zonasının minalardan effektiv şəkildə təmizlənməsi üçün zəruri olan bütün məlumatların mübadiləsi və beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa girişinə olan məhdudiyyətlərin aradan qaldırılması yolu ilə atəşkəs rejimini möhkəmləndirməyə çağırır.
Vaşinqton həmçinin Bakını “mübahisəli” ərazilərdən çıxmağa çağırıb: “Mübahisəli ərazilərdə hərbi yerdəyişmələr həddindən artıq təxribat xarakteri daşıyır. Biz Azərbaycandan bütün qüvvələrin çıxarılmasını gözləyirik və hər iki tərəfi dərhal ortaq beynəlxalq sərhədlərinin demarkasiyası barədə danışıqlara başlamağa çağırırıq. ”Minsk Qrupunun, həmsədrlərin və sədrin şəxsi nümayəndəsinin qarşılıqlı fəaliyyəti, o cümlədən onların bütün regiona tam və maneəsiz çıxışı gərginliyi azaltmağa və gələcəkdə şiddətin qarşısını almağa kömək edəcək", - deyə Ostrianın bəyanatında bildirilir.
Bəyanatın ruhuna diqqət etdikdə, əslində Azərbaycana qarşı yönəldiyi aydın olar. Əvvəla, o səbəbdən ki, Azərbaycan həm müharibədən əvvəlki 29 ildə, həm də müharibə zamanı Minsk Qrupunun fəaliyyətini, yumşaq desək, qənaətbəxş hesab etmir. ABŞ nümayəndəsi isə bizim qarşımızda Minsk Qrupunun (zatən, ermənilər MQ ilə yenidən danışıqlar başlamasına, xüsusilə gorbagor olmuş status məsələsini gündəmə gətirmək istəyirlər) fəaliyyətinin bərpasını, həm də “qeydsiz-şərtsiz” tələbi qoyur. İkincisi, ABŞ nümayəndəsi “mübahisəli” dediyi ərazidən Azərbaycanın geri çəkilməsini istəyir ki, bu da ən azı hüquqi baxımdan yanlışdır. “Mübahisəli” olan sərhəd məsələsində Ermənistanın tərəfini tutmaqdır. Üçüncüsü, Qarabağa daxil olmaqda əngəllərin aradan qaldırılması çağırışı da Bakıya qarşı əsassız ittihamdır. Bakı humanitar təşkilatların deyil, hər cür təxribatçı ünsürlərin ərazilərimizə girməsinə qarşıdır. Nəhayət, hərbi əsirlərin qaytarılması çağırışı da Bakını yersiz yerə suçlamaq cəhdidir. Çünki Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanda saxlanılanlar hərbi əsirlər deyil, ölkəmizə qarşı terrora cəhd etmiş hərbçilərdir. Beləliklə, ABŞ nümayəndəsinin az qala ultimatum kimi çağırışı rədd edilməlidir...
Xəyal Bəşirov
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bunları dedi: “Bunu Azərbaycana qarşı ultimatum kimi qələmə vermək olar. Amma bu bəyanat üzərindən çıxış etsək, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşavirinin ölkə başçısına zəngi, həmin zəngdəki danışığın məzmunu, eyni zamanda Blinkenin Prezident İlham Əliyevə zəngi zamanı gedən söhbətlər, ən sonda Birləşmiş Ştatların yeni prezidenti Co Baydenin 28 May münasibətilə rəsmi Bakıya təbriki çox sualların cavabıdır. Amma bu təbrikdə ziddiyyətli məqamlar da olmamış deyil. Tam fərqli fikirlər ortaya çıxır. Ölkəmizə qarşı haqsız tələblər ortalığa qoyulub. Ermənistanla bağlı ümumi məsələlərə toxunulur. Bir sözlə, işğalçı ölkəyə qarşı heç bir tələb qoyulmayıb. Düşünürəm ki, Amerikanın səlahiyyətli olan heç bir şəxsinin bu cür bəyanatlar səsləndirməyə haqqı yoxdur. 30 ilə yaxın müddətdə Amerikanın özü Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həll olunması üçün aparılan danışıqlarda iştirak edib. Eyni zamanda ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir ki, qurumun qətnaməsi qəbul olunub və orada Amerika da iştirak edib. Amma həmin qətnamənin icrası üçün heç bir real addımlar atmayıb. Bunu Azərbaycan Ordusu 44 gün ərzində dövlət və xalqın həmrəyliyi, Ali Baş Komandanın rəhbərliyi ilə birlikdə həyata keçirib. Bu da ermənilərlə yanaşı onların havadarlarında da qıcıq yaradır”.
Ekspert fikirlərinə bu cür davam etdi: “Amma bunu Amerikanın dövlət siyasəti kimi qəbul etmək olmaz. Sadəcə, orada ermənipərəst qüvvələr çoxdur. Xüsusilə, bu çoxluq özünü Konqres və Senatda göstərir. Bunlar da dövlət administrasiyasına müəyyən təsirlər göstərirlər. Ən azından haqsız bəyanatların səslənməsinə nail olmaq istəyirlər. Amma bu cür bəyanatlar bəyanatdan o tərəfə keçməyəcək. Sadəcə, dünya erməniliyinə stimul vermək istəyirlər. Bəyanatda səsləndirilənlərin reallığı əks etdirmədiyi göz önündədir. ATƏT-in Minsk Qrupunun mövcudluğundan söz açırlar. Hər iki tərəfin qurumdan istifadə etməsinə çağırış var. Amma 30 ilə yaxın müddətdə münaqişənin həllinə nail olmayan etinasız bir Minsk Qrupu gördük. İndi də əgər belə obyektiv mövqedən çıxış etdiklərini göstərmək istəyirlərsə, minalanmış ərazilərin xəritələri ermənilərdən tələb olunsun. Eyni zamanda mübahisəli ərazilərdən ermənilər çıxarılmalıdır. ABŞ nümayəndəsi əslində bu fikirləri ilə bir daha ermənipərəst mövqeyini ortalığa qoyur. Amerika və dünya bilir ki, 10 noyabr tarixli bəyanat imzalanıb. Bu bəyanata cənab İlham Əliyevlə yanaşı Rusiya prezidenti Vladimir Putin və kapitulyasiya aktını qəbul edən Ermənistanın baş naziri Nikol Paşinyan da imza atıb. Bu da beynəlxalq hüquqi sənəd sayılır. Ümid edirik ki, 10 noyabr tarixli sənəd tam şəkildə həyata keçiriləcək. Bu cür açıqlamalar, sadəcə, qərəzdən doğur. Əslində belə bəyanatlar keçmiş sayılan münaqişənin həllindən sonrakı proseslərin gedişinə maneə yaradır. Bu cür şəxslər yenidən münaqişənin həllinə nail olmaq istəyirlər. Çox yanlış addımlardır. Beynəlxalq hüququn bütün prinsiplərinə ziddir. Eyni zamanda Amerika kimi bir dövlətin imicinə ciddi zərbədir”.


