Özünü hüquq müdafiəçisi hesab edən Butinadan qızışdırıcı mövqe; politoloq: “Rusiya qanunu sevməyən, başqa millətlərə nifrət, qeyri-multikultural davranış nümayiş etdirən ölkəyə çevrilib”
Bir neçə gün öncə Novosibirskdə polis əməkdaşı tərəfindən 19 yaşlı gəncin başından güllələnərək qətlə yetirilməsi cəmiyyətimizdə narahatlıq doğurub.
Xatırladaq ki, Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb. Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev yoldaşına dəstək olmağa çalışıb. Polis güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman əlindəki tapancadan atəş açıb. Vəkil Abdullayev bir müddət xəstəxanada komada vəziyyətində qalıb, mayın 30-da isə dünyasını dəyişib. Hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb.
Azərbaycan səfirliyi qətllə bağlı Rusiya dövlət orqanlarına müraciət edib. "Səfirlik tərəfindən faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Rusiyanın aidiyyəti qurumlarına müraciət olunub", - məlumatda qeyd olunub.
Rusiya Dumasına qarşıdan gələn seçkilərdə namizəd olacaq, özünü hüquq müdafiəşisi hesab edən Mariya Butina isə gəncin həyatına son qoyan polisin həbsdən azad olunmasını və hətta, mükafatlandırılmasını təklif edib. “Yol polisi əməkdaşını müdafiə etmək hər birimizin borcudur. Əgər tabel silahından atəş heç təsadüfən yox, planlı şəkildə açılsaydı belə, polis 100 faiz qanun çərçivəsində xidmət etmiş sayılardı. Onun üzərindən ittihamları götürün və xidmətə görə mükafatlandırın” - deyə, Butina yazıb.
Qeyd edək ki, Mariya Butina ABŞ-da casusluq fəaliyyətinə görə həbsdən azad ediləndən sonra hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olur. Bəzi ekspertlər onun bu çağırışını hazırda həssas olan gəncin yaxınlarını və eləcə də azarbaycanlıları qızışdırmaq, təxribata çəkmək cəhdi kimi qiymətləndirir.

Tural Abbaslı
Mövzu ilə bağlı AĞ Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a danışıb. Partiya sədri qeyd edib ki, baş verən hadisəni birmənalı olaraq, Azərbaycan səfirliyinin, diplomatiyasının Rusiyada iflasının nəticəsi kimi görür: “Kadrlardan da görürük ki, azərbaycanlı gənc acizanə şəkildə dostuna kömək etməyə çalışır. Yəni orada polisə qarşı nəsə bir şiddət göstərmir, polis isə ona qarşı şiddət, təpik, yumruq tətbiq edir. Bu azmış kimi, gənci tabe olmağa çağırmadan birbaşa silahını doldurur. Hətta silahını doldurma anının səsi belə kadrlara düşüb.
Burada problem ondan ibarətdir ki, bu günə qədər Rusiyada olan bütün səfirlərimiz, o cümlədən Polad Bülbüloğlu Rusiyada özlərini qonaq kimi aparır, nəinki azərbaycanlı soydaşlarımızın haqlarının qorunması, müdafiəsi üçün işlər görür. Yəni özlərini Azərbaycanın oradakı nümayəndəsi kimi deyil, SSRİ tərkibində olan Azərbaycanın nümayəndəliyi kimi aparır. Ona görə də Rusiya polisi azərbaycanlılara qarşı bu cür davranır. Gəlin baxaq, Rusiya polisi hər hansı amerikalıya, israilliyə o cür davranardımı? O cür şiddət göstərib, zərərsizləşdirməyə çalışardımı? Əlbəttə ki, yox. Çünki bilir ki, onun arxasında bir dövlət, struktur, səfirlik, diplomatik korpus durur. Amma bilir ki, azərbaycanlı soydaşlarımızın hüquqları qorunmayacaq, onlar hətta səfirliyimizdən öz hüquqi sənədlərini ala bilmirlər. Biz öz soydaşlarımıza dəyər vermədikcə, təbii ki, başqa ölkələrdən bunu gözləməməliyik".
Tural Abbaslı Mariya Butinanın çağırışına da münasibət bildirib: “Mariya Butina unutmasın ki, dünyada milyonlarla rus yaşayır. Sabah onlardan kiminsə başına bu cür faciə gəlsə və həmin ölkə rəsmisi, siyasətçisi desə ki, ”rusu öldürən polisə orden, mükafat verilsin", bunu necə qarşılayar? Amma görürük ki, Estoniyada rus abidələrinə, rus dilinə qarşı olan neqativ mövqelərə görə necə aqressiv münasibət bildirirlər. Bütün bunlar onu göstərir ki, Rusiyada faşizm inkişaf etməyə başlayıb. Bir zamanlar faşizmlə mübarizə aparan və bu yolda milyonlara insanını itirən ölkə bu gün faşistlərin əlində qalıb, irqinə, dininə, milliyyətinə görə qiymət verən ölkəyə çevrilir. Biz Azərbaycan olaraq bu məsələdə qətiyyətli olmalı, baş verən faciəni kifayət qədər qabartmalıyıq ki, Rusiya bir də heç bir başqa ölkənin vətəndaşına qarşı bu cür yanaşmasın".

Qabil Hüseynli
Politoloq Qabil Hüseynli də baş verən faciəni diqqətlə izlədiyini bildirdi: "Polis soyuqqanlılıqla 19 yaşlı azərbaycanlı gəncin başından atəş açaraq, qətlə yetirir. Kadrlardan da görürük ki, gənc heç bir yerə qaçmır, polisə şiddət göstərmir. Rusiya polisi isə xüsusi təyinatlı kimi məşq keçirmiş kimi gəncin ən ölümcül hissəsindən atəş açır. Halbuki polis uzaqbaşı gəncin ayaq hissələrinə atəş açıb, onu yaralaya bilərdi. Hiss olunur ki, atəş açan insani hisslərini itirib, daxili nifrətlə aşıb-daşan vicdansızdır".
Qabil Hüseynli azərbaycanlı gənci qətlə yetirən polis barəsində çıxarılan məhkəmə qərarının da ədalətsiz olduğunu dedi: "Burada ən böyük vicdansızlığı məhkəmə edib. Məhkəmə işini araşdıraraq, həmin polisə yüngül rejimdə bir aylı həbs cəzası verib. Həmin həbs cəzası isə icra ediləcək, ya yox, o da məlum deyil. İnsan qatilinə yüngül rejimdə 24 gün-1 ay həbs cəzası verməyin özü vicdansızlıqdır".
Qabil Hüseynli qeyd edib ki, baş verən faciədən sonra Rusiya cəmiyyətində həmin polisi müdafiə edəcək hərəkat başlayıb və bu hərəkata Dövlət Dumasının müəyyən üzvləri də qoşulub: "Bütün bunlar onu göstərir ki, Rusiya multikulturalizmdən çox-çox uzaqda olan, hətta keçmiş sovet ölkələrinin vətəndaşlarına da qarşı insafsızcasına, qəddarcasına münasibət bəsləyən ölkəyə çevrilməkdədir. Hadisənin üzərindən az qala 5 gün keçib və bu günlər ərzində yəqin ki, öldürülən gəncin valideynləri səs-küy qaldırdıqdan sonra Azərbaycanın Rusiyadakı səfirliyi Rusiyanın müxtəlif orqanlarına müraciət ediblər. Soydaşlarımızın hüquqlarını qorumaq Azərbaycan dövlətinin, onun xaricdə olan bütün strukturlarının birinci dərəcəli borcudur. Amma Rusiyadakı səfirliyimizin hadisəyə çox soyuqqanlı, çox biganə yanaşdığının şahidi olduq. Onsuz da bu səfirlik bu günə qədər bu cür mövqe nümayiş etdirib".
Qabil Hüseynli Mariya Butinanın anlaqsız çağırışına da münasibət bildirib: "Deyərdim ki, bu cür insanlar təfəkkürsüz, müasir sivilizasiyanın tərəflərindən çox uzaqda dayanan insanlardır. Butina deyib ki, “polisin üzərindən ittihamları götürün və xidmətə görə mükafatlandırın”. Polis burada hansı xidməti, vəzifəni yerinə yetirib? Məgər onun vəzifəsi heç bir şiddət göstərməyən adamın alnından atəş açmaqdan ibarətdir? Qanuna əsasən əgər hansısa şəxsin davranışlarında hüquq pozuntusu və sairə olsa, polis ona xəbərdarlıq edib, polis bölməsinə aparmalı, ilkin istintaq işlərinə cəlb etməli, məhkəməyə müraciət edib, həbsini istəməli idi. Amma indi görürük ki, Rusiya qanunu sevməyən, başqa millətlərə nifrət, qeyri-multikultural davranış nümayiş etdirən ölkəyə çevrilib. Bu məsələ ölkədə miqrantlar, mühacirlərlə bağlı verilən yeni qərarda, yeni şərtlərdə də özünü göstərir. Məhz bu qərardan ilhamlanan rus polisi də insanlara qarşı sanki qarşısındakı canlı insan deyilmiş kimi davranır".


