Pendiri getdikcə daha az yeyir, daha çox satırıq...
Süddən hazırlanan məhsullar arasında pendir xüsusi yer tutur. Bu məhsulu insanlar ən qədim vaxtlardan hazırlamağa başlayıblar. Düzdür, kərə yağı və qatıq qədər çox istehlak olunmur, amma dünyada pendir istehsalı az sahələrdən biridir ki, heç bir böhran onun artım dinamikasının qarşısını ala bilmir - son 10 ildə orta hesabla illik 3-5 faiz artım qeydə alınıb.
2019-cu ildə dünya pendir bazarının həcmi 2,3 faiz artaraq 114,1 milyard dollara çatıb. Bunun 24 faizi - 25,9 milyard dolları ABŞ-ın payına düşür.
Qlobal pendir istehsal həcmi isə 2019-cu ildə 2,6 faizdən çox artmaqla 26 milyon tona çatıb. Bunun 7,1 milyon tonu ixrac edilib. Bu zaman orta ixrac qiyməti 1 ton üçün 4532 dollar olub. Ən bahalı pendiri ABŞ alıb - tonu 7560 dollara, ən ucuzunu isə Səudiyyə Ərəbistanı əldə edib - 3362 dollara.
Dünyada ən çox pendir yeyənlər Çexiyada yaşayır. 2019-cu ildə burada adambaşına 64 kq pendir istehlak olunub. Almaniyada bu göstərici 37 kq, Fransada 25 kq təşkil edib.
Pendir istehsalı yüksək səviyyəyə çatmış ölkələrin hər birində sevimli pendir növləri var. ABŞ-da bu, çedder, Fransada kamamber, İtaliyada Parmicano-Recanodur.
Ən keyfiyyətli pendirləri ilə tanınan İsveçrədə bu məhsulun illik istehsalı 190 min ton civarındadır. Bu göstərici ilə onlar heç dünya 20-liyinə də düşmürlər.
Yeni Zelandiyada isə pendir istehsalı adambaşına 75 kq-a çatır. Aydın məsələdir ki, bunun hamısını ölkə əhalisi yeyib çatdıra bilmir. Buna görə də Yeni Zelandiya dünyanın ən böyük pendir ixracatçılarından biridir.

Dünyada ən çox pendir ABŞ-da istehsal olunur. Ölkənin Viskonsin ştatı bu sahədə ən çox ixtisaslaşıb. Burada ildə 1,4 milyon ton pendir istehsal olunur - bu, İtaliyanın istehsalından çoxdur.
Pendir ticarətinə görə ölkələrin sırası fərqlidir. İxrac həcminə görə dünyada birinci yerdə 2 milyard 667 milyon dollarla Niderland gəlir. Ondan sonra 1 milyard 580 milyon dollarla Fransa, 1 milyard 495 milyon dollarla İtaliya, 1 milyard 251 milyon dollarla Yeni Zelandiya, 1 milyard 232 milyon dollarla Danimarkadır. Maraqlıdır ki, Belarus dünyada pendir ixracına görə 6-cı yerdədir - 935 milyon dollar. Müqayisə üçün qeyd edək ki, bu, Azərbaycanın ümumi qeyri-neft ixracından 50 faiz çoxdur.
Azərbaycanın pendir ixrac etmək üçün çalışdığı Səudiyyə Ərəbistanı ən ucuz pendirləri alsa da, 2019-cu ildə bu məhsul üçün 340 milyon dollar xərcləyib.
Yaxın qonşumuz olan Türkiyə 2019-cu ildə 671 min ton 193 növ pendir istehsal edib ki, bunun da 50 min tonu ixraca yönəldilib. Ölkə özünü pendirlə tam təmin edir, Avropadan az miqdarda dünyada tanınmış pendir növləri idxal olunur. 2019-cu ildə bu idxal cəmi 6,9 min ton təşkil edib.
Azərbaycana gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə ərzaq məhsulu kimi pendir istehlakı 2019-cu ildə 57 min 583 ton təşkil edib. Rəsmi statistikada pendir üzrə özünütəminetmə səviyyəsi ayrılıqda göstərilməsə də, süd və süd məhsulları üzrə bu göstərici 86,3 faiz təşkil edir. Maraqlıdır ki, ölkədə adambaşına pendir istehlakı 2015-ci ildə 6,5 kq təşkil etsə də, 2019-cu ildə bu, 5,8 kq-a düşüb. Eyni tendensiya kərə yağında da müşahidə olunur ki, bu da süd məhsullarının qiymətindəki bahalaşmadan, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən irəli gəlir.

İllik pendir istehsalımız son illərdə artım nümayiş etdirir. Belə ki, 2014-cü ildə 47 min 983 ton pendir istehsal edilibsə, 2019-cu ildə bu göstərici 51 min 357 tona çatıb. 2015-ci ildən etibarən Azərbaycan xaricə pendir ixracına başlayıb. 2019-cu ildə ixracın həcmi 2015-ci ildəki 6 tondan 1515 tona qədər artıb. İsthesal və ixrac artdığı dövrdə idxal azalıb. Belə ki, pendir idxalı 2014-cü ildəki 11 min 717 tondan 2019-cu ildə 8 min 726 tona düşüb. Lakin 2020-ci ildə pendir və kəsmiklərin idxalı 9 min 292,35 tona (31 milyon 930,83 min dollar), ixracı isə 2 min 37,37 tona (11 milyon 481,2 min dollar) qədər artıb. Bu o deməkdir ki, xaricdən pendirin 1 tonunu 3436 dollara almışıq. Xaricə isə məhsulu 5635,3 dollara satmışıq. Bu, dünya üzrə orta ixrac qiymətindən xeyli yuxarıdır.
Xaricdən pendir idxalımızın coğrafiyası çox genişdir - Rusiyadan Polşaya, Argentinaya, Uruqvaya, Hindistana, Litvaya, Misirə, Səudiyyə Ərəbistanına qədər. Dünyada pendiri ilə tanınan ölkələrdən - İsveçrə, İtaliya, Niderlanddan idxal çox cüzi həcmlərdədir. İdxalda əsas yerləri Rusiya, Belarus, Polşa, Litva, qismən Türkiyə tutur.
Bütün kənd təsərrüfatı məhsulları kimi, pendir ixracımızda da Rusiyaya fokuslanmışıq. Hətta bu məhsulumuzun yeganə alıcısı Rusiyadır. Məsələn, bu ilin yanvar-martında 416,61 ton pendir ixrac etmşik, hamısı Rusiyaya.

Halbuki bir neçə ildir Azərbaycan istehsalçıları ərəb ölkələrinə kənd təsərrüfatı məhsulları, o cümlədən süd məhsulları, xüsusilə də pendir ixracından danışırlar. Lakin hələ də ortada hansısa ciddi nəticə yoxdur. Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov 2019-cu ildə Qətər və Birləşmiş Ərəb Əmirliklərinə süd məhsulları ixrac etməyə hazırlaşdıqlarını açıqlamışdı: “Yerli süd bazarındakı vəziyyət, məhsulların satışı ilə bağlı problemlər emal müəssisələrini ixrac barədə düşünməyə vadar edib. Söhbət əsasən pendir ixracından gedir. İxrac üçün hazırdlıq görülür və yaxın zamanlarda həyata keçirilməsi planlaşdırılır”. Lakin xarici ticarət statistikasından aydın olur ki, bu plan reallaşmayıb.
S.Eyyubovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda pendir istehsalçıları istehlakçıları cəlb etmək üçün çeşidləri artırmaq məcburiyyətindədirlər: “Adi bir qoyun pendirini ölkədə tapmaq mümkün deyil. Pendir bazarında bu gün aşağı keyfiyyətli, süd yağından istifadə olunmadan istehsal edilən pendirlər həddən artıq çoxdur. Onların qiyməti çox ucuz olduğuna görə istehlakçılar bəh-bəhlə alıb istehlak edirlər. Ancaq süd yağından istifadə edilməklə istehsal olunan yerli məhsulları almırlar və qiymət baxımından bu məhsullara uduzuruq. Ona görə də yerli bazarda sağlam rəqabət mühiti yarada bilmirik. Belə mühit olmadığı üçün istehsalçıların yeni məhsul yaradıb, onun marketinqinə irihəcmli vəsait xərcləmək imkanı da çatmır”.
S.Eyyubov deyir ki, emalçılar yaxşı əlavə dəyər qazandıran məhsulları göndərirlər Rusiya bazarına: “Bu ixrac getdikcə artır. Bu, çox böyük və çıxış asan olan bazardır, Rusiyada bizim yaxşı diasporamız var. Bizim məhsulumuz orada özünə yer tutub. Yəni əlavə tanıtıma ehtiyac duyulmur”.
Assosiasiya sədrinin sözlərinə görə, pendir idxalının azalması da bilavasitə istehlakçıların aşağı qiymətli məhsulları daha çox alması ilə bağlıdır: “Pendir bahalı maldır, idxal olunan məhsulların qiyməti yüksək olur. Buna görə də idxal getdikcə azalır”.
İxrac coğrafiyasının genişləndirilməsi isə uzunmüddətli strateji yanaşma, planlaşma tələb edir: “Bizim emalçıların Yaxın Şərq ölkələrinə çıxışla bağlı planları çoxdur. Amma eyni zamanda problemlər də çoxdur. Süd qiymətləri müntəzəm deyil, yay və qış aylarında fərqli olur ki, bu da emalçılara çox ciddi problemlər yaradır. Bundan əlavə, 2019-2020-ci illərdə Belarus istehsalçıları Yaxın Şərq ölkələrinə ciddi nüfuz etdilər, bu isə bizim üçün rəqabəti xeyli kəskinləşdirdi. Bundan sonra bizim ora daxil olmağımız daha çətin olacaq”.
Sonda onu da bildirək ki, Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində İsrail və İtaliya şirkətləri yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərini istehsal edəcək ferma və müəssisə yaradırlar.


