“Peşəkar orduya keçməyimiz qaçılmazdır” - Hərbi ekspert
Rusiya ordusunun yarısı müqaviləli xidmətçilərdən ibarətdir. “İnterfaks” Agentliyinin məlumatına görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov açıqlama verib. N.Pankov deyib ki, hazırda Rusiya ordusunda müqavilə əsasında 300 minə yaxın sıravi və ya çavuş rütbəsində qulluq edir, 300 min nəfər isə zabitdir. Bu isə ümumilikdə Rusiya ordusunun yarısını təşkil edir.
Keçmiş sovet respublikalarında bu günə qədər ordu və digər silahlı birləşmələr əsasən çağırışçılardan formalaşdırılır, yalnız az miqdarda müddətdən artıq xidmət edən qulluqçular olub. Ancaq son illərdə postsovet respublikaları ordularında böyük ölçüdə müqaviləli orduya keçid prosesi baş verir. İki il əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, rus ordusu bütövlükdə olmasa da, mühüm bir hissəsini müqaviləli hərbi qulluqçu sisteminə keçirəcək.
Hərbi ekspertlərə görə, çağırışçılarla müqayisədə müqaviləli hərbçilər daha hazırlıqlı və effektiv olur. Doğrudur, müqaviləli xidmət daha çox pul tələb etsə də, ekspertlərə görə, keyfiyyət baxımından müqaviləli ordu daha üstündür. Azərbaycanda da son illərdə müqavilə ilə qulluqçuların cəlb olunması prosesi gedir. Artıq bir çox təsərrüfat işlərinə müqavilə ilə mülki şəxslər cəlb olunub. Eyni zamanda orduda, xüsusən də cəbhədə xüsusi peşəkarlıq tələb edən istiqamətlərə müqaviləli ordunun cəlb olunması, yəni qismən də olsa peşəkar orduya keçid müşahidə olunur.
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, dünyanın əksər ölkələri tədricən müqaviləli ordu sisteminə keçir və bu da səbəbsiz deyil. Ekspertin fikrincə, yaxın dövrdə Azərbaycanın da bu sistemə keçməsi labüddür:“Çünki bu model artıq özünü doğrultmuş bir sistem olduğuna görə indi hamı bu haqda ciddi düşünür. Bizim şimal qonşumuz olan Rusiya Silahlı Qüvvələri (SQ) də artıq 50 faiz müqaviləli xidmətə keçib. Nəzərə alsaq ki, ruslar özlərini keçmiş SSRİ-nin hüquqi varisi hesab edirlər və indi keçmiş sovet respublikalarının hamısı müstəqil dövlətlərdir, öz SQ-si mövcuddur, bu müqaviləli ordu məsələsi günü-gündən aktuallaşır. Azərbaycan SQ də bu məsələdə müəyyən addımlar atıb və bu tendensiya get-gedə daha da genişlənəcək. Qanunvericilik bazası hələ ki tam imkan verməsə də, bu, yaxın illərdə baş verəcəkdir”.
Artıq bu istiqamətdə müəyyən işlərin görüldüyünü xatırladan Ü.Cəfərov bir sıra hərbi hissələrin peşəkarlardan formalaşdırıldığını deyir: “Bizim Milli Məclisdəki deputatlar deyirlər ki, Azərbaycan Qarabağ münaqişəsinə görə Ermənistanla müharibə vəziyyətindədir, ona görə müqaviləli ordu sistemini tətbiq etmək olmaz. Əslində isə bu istiqamətdə son vaxtlar xüsusən də Müdafiə Nazirliyində xeyli müsbət işlər görülüb və bu işlər davam etdirilir. Əsgər və zabitlərin sırf peşəkar olmaları üçün lazım olan addımlar atılır və hesab edirəm ki, bir müddət sonra biz tamam başqa mənzərənin şahidi olacağıq. Ölkəmizdə artıq elə hərbi hissələr var ki, onlarda ancaq müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçular və zabit heyəti xidmət edirlər. Bunun özü artıq müqaviləli və keyfiyyətcə yeni ordu modelidir”.//Musavat
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.