banner
banner

Gündəm

Atasızlığın rəsmi...

Atasızlığın rəsmi...

Uşağa sakit dayanmağı, ağıllı olmağı, yerdən əyilib nəsə götürməməyi, “tok”un “cızza” olduğunu başa salmağa nə var ki? Beyni ağ vərəq kimidir, nə yazsan, nə desən, o da yaddaşında qalacaq. 

Amma oğulsan, gəl vətənin ana olduğunu hələ bir neçə ildən sonra öyrənəcək şəhidin azyaşlı övladına atasızlığı izah elə...

Çətindir, həm də çox çətin...

 

Bu ona görə çətindir ki, fizioloji olaraq uşağın bu yaşda şəhid, düşmən, torpaq, azadlıq anlayışı olmur. İzlədiyi cizgi filmlərində axı bunlardan bəhs edilmir - baxdığı “Maşa və Medved”dir, eşitdiyi də “Cırtdan” nağılı. Şəhərin mərkəzi küçəsində cizgi film personajlarını görüb, onları həqiqi bilib üstünə qaçıb oynamaq istəyən uşağa atasızlığı necə başa salasan axı? Uşaq haradan bilir axı, əslində, onlar çörək pulu qazanan dayılardır, əmilərdir...

Necə başa salasan ki, təkcə nağıllar “Biri vardı, biri yox”la başlamır. 

Axı gerçəkliyin də bir “Biri vardı, biri yox”u var...

Nağıllardan tam fərqli, tam real...

Axı o Nüsrət Kəsəmənlinin şeirindəki “Atalıydı, analıydı uşaqlar, bizim evdə biri vardı, biri yox”u başa düşəcək yaşda deyil...

Bu gün həm də bir çox uşağın məktəbə qədəm qoyma yaşı idi. Sosial şəbəkələr, küçələr elə rəngarəng görünürdü ki... Məktəbə gedən birincilər, “yeriyən çantalar” o qədər xoş təəssürat bağışlayırdı, adam elə dünyanın bu andaca donub qalmasını istəyirdi ki, bu mənzərə pozulmasın, belə də qalsın. 

Ta ki, Vətən Müharibəsində şəhid olan mayor Səyavuş Kəlbalıyevin oğlu Hümbətin ürəkdağlayan fotosunu görənə qədər. Bu il məktəbə qədəm qoyan Hümbət, ilk öncə atasının məzarını ziyarət edib. Sonra da göz yaşlarını saxlaya bilməyərək yanındakı azyaşlıya sarılıb. Bu, atasızlığın ən kədərli rəsmi idi...

Nə bilim, Hümbət bəlkə də “Biri vardı, biri yox”un gerçəkliyini özü artıq başa düşüb. Amma bu, atasının məzarı başında çəkilən foto kimi o qədər çətindir ki, sözlə ifadə etmək mümkün deyil.  

Bildiyimə görə, müharibə vaxtı Hümbət atasına məktub yazıbmış. Yazıb ki, salam, ata, necəsən? Sənin üçün çox darıxmışam, mənə məktub yaz, səni çox sevirəm!

Axı necə başa salasan ki, məktuba cavab gəlməyəcək, cənnətdə poçt xidməti yoxdur...

Emin Səfərov



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.