Xaçmaz rayon Palıdlı kəndi ayağa qalxıb. Çünki illərdir rayonda qazın verilməsi ilə bağlı bütün sistem qaydasında olsa da, indi əhali mavi yanacaq üzünə həsrət qalıb.
Əhalinin şikayəti, Azəriqaz İstehsalat Birliyinin Xaçmaz rayon Qaz İstismar İdarəsinin rəis müavini Mənsur Novruzovdandır. Beləki, Mənsur Novruzov illərdir tamamilə öz səlahiyətinə aldığı bu kəndi qazsız qoyub. Öz vəzifəsindən suistifadə edən Novruzov, illərdir əhaliyə söz verir, ancaq bütün sözlər deyildiyi kimi də qalır.
Qaz borularının qənimi
Sakinlər deyir ki, qazın kəsilməsinə görə, Palıdlıda gündəlik yemək-içmək hazırlamaq elektrik enerjisinin ümidinə qalıb. Problem həm də odur ki, onsuzda gündəlik elektrik enerjisi sıxıntısı yaşanan Palıdlıda işıqlar tez-tez sönür. Belə məlum olur ki, qəsəbədə qaz olmadığı üçün elektrik enerjisi yüklənir və bu da ayrı bir problem yaradır. Digər bir problem isə odur ki, qəsəbədə qazın illərdir verilməməsidir. Əhali bildirir ki, ötən əsrin 90-cı illərin əvvələrində kəndə qaz xətlərinin çəkilişinə başlanılsa da sonradan proses dayandırılıb: "Yay aylarını birtəhər keçiririk, qışda problem artır. Yanacaq kimi odundan istifadə edirik, lakin bu, meşələrə böyük ziyan dəyir. Bu illər ərzində problemlərinin həlli üçün müraciət etmədiyimiz yer, döymədiyimiz qapı qalmayıb. Hər dəfə yerli qurumlar tərəfindən onlara söz verilir, lakin əməl olunmur. Bir ara çəkməyə başladılar. Sonradan məlum oldu ki, borular Mənsur Novruzov tərəfindən satılıb. Cinayət işi açıldı. Sonradan məsələ ört-basdır edildi".
Sakinlər bildirir ki, elektrik enerjisinin borcunu ödəyə bilmirlər. Çünki bütün işlərini demək olar ki, elektrik vasitəsi ilə həyata keçirirlər: “Bir ara işığa pul ödəyib çatdıra bilmədik. Başladıq odun yandırmağa. Amma istənilən halda mümkün deyil. Çünki qazsız olmaz. Burdan Rusiya ilə həmsərhəddik. Onların belə qazı var. Azərbaycan qazlaşdırır oranı da. Amma özümüzdə yoxdur. Dəfələrlə şikayət etmişik. Mənsur müəllimin başı özünə qarışıb. Öz evində qaz var. Xüsusi, hətta bir başa evinə çəkdirib. Amma əhalini qazsız qoyub. Mənsur Novruzovun məqsədi bizi bu ölkəyə düşmən etməkdir. Nə edək? İndi burdan keçib gedib, Rusiyada yaşayaq?”
Bəs Mənsur Novruzov kimdir?
Mənsur Novruzov Azəriqaz İstehsalat Birliyinin Xaçmaz rayon Qaz İstismar İdarəsinin rəis müavinidir. İdarənin rəisi olmadığı üçün, M. Novruzov rəisin bütün səlahiyyətlərini həyata keçirir. Kənd Təsərrüfatı İnstitutunun “Baytarlıq” ixtisasını bitirib. Çox maraqlıdır ki, Baytarlığı bitirən şəxs bu vəzifəni necə “icra” edir?!
Kiçik bir araşdırma zamanı məlum oldu ki, Mənsur Novruzov Kənddən at oynadır.
Məlumat üçün bildirək ki, Palıdlı kəndi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin nəzarətindədir. Kənd sərhəddə yerləşdiyi üçün, bura Elçin Quliyevin öhdəliyinə verilib.
Novruzov isə kənddə söz sahibi olmaq üçün, özbaşınalığını davam etdirmək üçün vəzifəli şəxslərin adından istifadə edir. Bu az deyilmiş kimi, M. Novruzov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, İlham Əliyevlə dost olduğunu, arxasında adıkeçən şəxslərin dayandığını, bu vasitə ilə rayonda özünə imic formalaşdırdığı da gələn məlumatlar arasındadır.
Məlumat üçün bildirək ki, M.Novruzovun digər qardaşı da, ixtisasca Baytar olmağına baxmayaraq, Qubada Qaz İstismar İdarəsinin Qəza Xidmətinin rəisi vəzifəsində çalışır.
Qardaşların ixtisasca baytar olub, Qaz İdarəsində işləmələri olduqca ziddiyyətlidir.
Maraqlı olan isə budur ki, ölkənin önəmli şəxslərinin adından istifadə edərək, rayonda at oynadan Mənsur Novruzov barəsində nə üçün ölçü götürülmür. Qaz istismarına gəldikdə isə, M.Novruzov qazın verilməsi üçün əhalidən pul tələb edir.
“Ardı-arası kəsilməyən fırıldaq”
“Azəriqaz” rəhbərliyinin ölkədə sürətli qazlaşdırma siyasəti həyata keçirildiyinə dair hesabatlar var. Amma bu hesabatların Xaçmaz üçün keçərli olmadığı göz önündədir. Belə ki, həmin sənədləşmədə, Xaçmazla bağlı saxtalaşdırılma aparılmasıdan açıq-aydındır.
Məsələ burasındadır ki, əsas şərt kimi təbii qazın yaşayış məntəqəsinə daxil olması göstərilir. Bu halda yaşayış məntəqəsinin tam qazlaşdırılıb-qazlaşdırılmaması nəzərə alınmır. Tutaq ki, min evin olduğu bir qəsəbədə cəmi bir neçə evə qaz çəkilsə də, yaşayış məntəqəsi qazlaşdırılmış hesab olunur. Elə Novruzov da, bu üsuldan məharətlə istifadə edir.
Sakinlər bildirir ki, bu günə qədər qazsızlıqdan və Mənsur Novruzovdan ARDNŞ-ə onlarla məktub yazıblar. Amma çox maraqlıdır ki, o qədər məktubdan sadəcə 1-2-ə cavab gəlib. Sonradan məlum olub ki, məktubların qarşısını Mənsur Novruzov alıb.
Bir müddət əvvəl ARDNŞ rəhbəri Rövnəq Abdullayev Azərbaycanın düşmən ölkə olan Ermənistana qaz verə biləcəyinin mümkünlüyünü açıqlamışdı. Əhali bildirir ki, hələ o vaxtdan bunu eşidəndə toy-bayram etmişdilər: “Rövnəq Abdullayevin ”Ermənistana qaz verməyə hazırıq" sözlərini eşidəndə bizim də ümidlərimiz artdı. Ondan xahiş edirik ki, Ermənistana qaz çəkəndə bir xətt də bizə, Palıdlı kəndlərinə ayırsın. Bizi baytarın ümidinə buraxmasın”.
“Yaşıl bağın, mavi qazı”
Sakinlər bildirir ki, kənddə Mənsur Novruzova məxsus “Yaşıl Bağ” adlı restoran var. Kənlilərin qazı olmadığı halda, ilin bütün günlərində burada qaz olur: “Restoranda həmişə qaz olur. Kəndin içində yerləşən restoranda nə üçün qaz var, bizim evimizdə yoxdur? Nə olsun ki, ora Novruzovundur? İndi bizim evimizdə də qaz olması üçün, ARDNŞ-ə işləməyimiz lazımdır? Mənsur Novruzovun qazla təmin etdiyi restoranı əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Kəndin içində, əhalinin gözü önündə min oyundan çıxırlar. Burdan sözümüz Rövnəq Abdullayevədir, bizim nə günahımız var ki, baytarı gətirib bizim başımıza qoyub? Məyər bu ölkənin ADNA-nı bitirən bir kadrı yoxdur? Qazla bağlı ixtisas sahibi bir gənci yoxdur? Azərbaycan özümüzü demirəm, qonşu ölkələrə belə qaz verdiyi halda nə üçün, bizim kəndin qazına Novruzov qənim kəsilib?
Mövzunu davam etdirəcəyik!
Cia.az


