Paytaxt Bakı sanki 2000-ci ildə həyata qayıtdı. Səliqəsizlik, zövqsüzlük hakim olan şəhər yavaş-yavaş illər keçdikcə dəyişdi. Müasir Bakı indi keçmişə boylanan tarixi qoruyub saxlamaqla göz oxşayır. Yəni müasirlik öz yerində, arxitektur binalar, tarixi abidələrimiz də, öz yerində. Bunları qeyd edən zaman məgər Bakının meri Hacıbala Abutalıbova da pay düşmür. Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibovun 71 yaşı tamam olur.
…İlk baxışda bir az qəribə, amma həm də hətta ən əsəbi vaxtlarında belə yüksək əhval-ruhiyyə yaratmağa qadir olan adamdır. O, Bakıya İcra başçısı təyin olunanda paytaxt əsl baş kənd idi.
İtlərin süləndiyi, pinti budkalar, hətta yüksək statuslu binaların ətrafında qoyun-quzu otaranlar, yel əsəndə yengələrlə birlikdə oynayan sellafon paketlər Bakının üzünü qara edirdi. Demək olar ki, hər bir məhəllənin öz atüstü bazarı var idi.
Bakının təhvil-təslim vaxtını xatırlayırıq. Əslndə o, Bakını təhvil yox, təslim halında almışdı. Səliqəsizlik, qaydasızlıq və zövqsüzlük qarşısında əllərini qaldırmış təslim şəhər. Sözün düzü inandırıcı deyildi ki, qısa müddətdə Bakını dəyişmək, təmizəmək, normal bir şəhərə çevirmək olar.
Əlbəttə, iradə dövlət başçısının idi. O məhz Heydər Əliyevin tapıntısı oldu. O - Hacıbala Abutalıbov. O bacardı və etdi. Becit yeriş tərzinə malik, bəzən adamda bu saat təng-nəfəs olacağı təəssüratı yaradan, əslində isə elə təkcə ürək dolusu yox, ciyər dolusu da danışdığına görə belə görünən bu adam işi ilə nəfəs aldığından belə təsir bağışlayır. Hacıbala müəllim tezliklə Bakının hər kvartalının abadlaşdırılması üçün mübarizəyə başladı.
On minlərlə budkanın yığışdırılması ilə sosial partlayış olacağını və belə bir təhlükə qarşısında Hacıbala müəllimin geri çəkiləcəyini güman edənlər yanıldılar. İradə və idarə məharəti göz qabağında idi. O zaman ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondu gördüyü işlərə görə məhz onu “İlin Adamı” elan etdi. Amma iş başında olan bu adamın təşkil olunmuş mərasimə mükafatı almaq üçün gəlməyə belə macalı olmadı.
Hacıbala müəllim adi məmur, quru inzibati vahid deyil. O ziyalıdır, professordur. Azərbaycan ədəbiyyatını, tarixini, fəlsəfəsini əla bilir. Onunla hər söhbət, eyni zamanda mühazirədir və hər mühazirə “içinizdən şeytanı qovun!” hökmü ilə bitir. O bilir ki, bu gün əkdiyi xeyirxah əməllər sabah cücərəcək və o bəhrəni görənlər alqış deyəcək, rəhmət oxuyacaq.
Hacıbala müəllim itkini ağır keçirir. Heydər Əliyevin vəfatı zamanı düşdüyü görkəm bizdən ötrü dərdin abidəsinin, şəxsi və ictimai bədbəxtliyin görünüşü idi. Amma onu bu vəziyyətdən elə iş, zəhmət çıxardı. Onu sevənlər də var, söyənlər də. Amma onları birləşdirən bir qənaət mütləqdir: Adam işləyir də. O, Bakının tikilməsində Baş icraçı kimi əlindən gələni edib və edir. Ona görə də Bakının daşından bir tük əskik olmasına belə dözə bilmir.
Biz 2003-cü ilin daşqalaqlı günlərini, Şəhər Başçısının narahat görkəmini, əzablı üz cizgilərini yaxşı xatırlayırıq. Yeri gəlmişkən o günlər artıq arxada qalıb, Müxalifətin ən şıltaq, sözəbaxmayan təbəqəsi belə başa düşür ki, qanunlar hamı üçün birdir, icazəsiz olmaz! Ara-sıra baş verən anlaşılmazlıqlara isə hətta Vaşinqtonda belə rast gəlmək mümkündür…
Bakı isə artıq çoxdan Azərbaycanın Baş Kəndi deyil, Baş Şəhəridir. Bakı Prezidentin zövqü və rəhbərliyi altında tikilir, qurulur, dünyanın ən gözəl və müasir şəhəri adına böyüyür. Paytaxtın İcra Başçısı və ya Baş İcraçısı isə səliqə və ideal tabeçiliklə ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlmək üçün çalışır…
Bu gün Bakımızın icra başçısının, alimimizin, dostumuzun, xeyirxah və yumşaq, eyni zamanda prinsipial və müdrik ağsaqqalımızın yaşı tamam olur. Öz aramızdı, amma vaxt doğrudan da çox tez keçdi. Başı işə qarışdığından. Adama daha nə lazımdır ki… Başın da işə qarışır, yaşın da. Yaşa da bundan sonra!
Cia.az


