banner
banner

Gündəm

Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır

Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır

Bu gün dövlətə xəyanət ittihamı ilə üz-üzə qalan Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, ölkə xaricində də şəbəkə qurub. Və bu şəbəkə zaman-zaman Azərbaycana qarşı ən ağlasığmaz planlarda yer alıb. İndi isə həmin imperiyanın xarici qolu olan Ukrayna xətti ifşa olunmaqdadır.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ukraynanın separatçıların nəzarətində olan Donetsk bölgəsinə milyonlarla dollar sərmayə yatırması vaxtilə Azərbaycan diplomatiyası üçün biabırçı böhrana çevrilmişdi. Ukrayna Təhlükəsizlik Xidmətinin ifşa etdiyi bu fakt nəticəsində Kiyev rəsmi Bakıya nota göndərmişdi.

Dövlətimizin beynəlxalq nüfuzunu sarsıdan bu olayda Ramiz Mehdiyev nə etdi?

O, dövlətin maraqlarını deyil, öz biznes şərikini müdafiə etdi! Prezident Administrasiyasında keçirdiyi qapalı müşavirədə günahı Elton Məmmədovda yox, Azərbaycan səfirində və korrupsiya idarəsində axtardı. Bir neçə gün sonra həmin səfir geri çağırıldı. Çox keçmədi ki, Mehdiyevin ən sadiq kadrı, ona “ağsaqqalım, dostum, sirdaşım” deməkdən yorulmayan, “Ramiz Mehdiyevin kitabları hər kəsin masaüstü kitab olmalıdır” deyən Elmira Axundova Ukraynaya səfir təyin olundu. Aydın idi ki, bu, diplomatik təyinat yox, “səfir alveri” idi. Elmira Axundovanın nə diplomatik təcrübəsi vardı, nə xarici siyasət biliyi, nə də beynəlxalq imici. Bu məsələni qaldıranlara isə qeyri-adekvat cavablar verilirdi.

Mətbuatda yayılan məlumatlara görə, Axundova bu postu külli miqdarda rüşvət qarşılığında əldə etmişdi. Heç kim bu iddianı təkzib etmədi.

Demokrat.az-ın yazdığına görə, o zaman Mehdiyevin Ukraynaya “yola saldığı” səfirin əlinə xüsusi tapşırıqlar verilib. Kiyev vilayətinin Makarov qəsəbəsində Ramiz Mehdiyevin nəhəng donuz ferması və kolbasa zavodu fəaliyyət göstərir. Bəli, Azərbaycan xalqına “elm”, “mənəviyyat”, “əxlaq” dərsi keçən Ramiz Mehdiyev əslində “donuz biznesi” ilə məşğul imiş. İroniya ondadır ki, Qarabağda erməni separatçılarının başçılarının qurduğu biznesi Ukraynanın separatçılar tərəfindən işğal olunmuş torpaqlarında Mehdiyev təkrarlayıb! Zavodun məhsulları Ukraynadan Azərbaycan bazarına da idxal olunub. Bu müəssisəyə tez-tez baş çəkən isə onun oğlu, general Teymur Mehdiyev olub. Beləcə, Elmira Axundovanın “ağsaqqalı” “kolbasa mafiyası”nın “matriarxı”na çevrilib.

44 günlük Vətən müharibəsindən sonra Elmira Axundovanın Ukraynada sərgilədiyi mövqe xəyanətin diplomatik forması kimi açıq şəkildə görünürdü. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu canı-qanı bahasına torpaqları azad edərkən, Elmira Axundova Kiyevdə oturub dövlətin qələbəsinə kölgə salırdı. 2020-ci ilin noyabrında, Ermənistan kapitulyasiya aktına imza atandan az sonra Axundova Ukraynanın “Svoboda Slova” televerilişinə qatılaraq, Türkiyənin rolunu danıb, Rusiyaya minnətdarlıq bildirib. Bəli, Ramiz Mehdiyevin səfiri, Azərbaycan Ordusunun və Prezident İlham Əliyevin adını çəkmədən, “bizə Türkiyə kömək etmədi” deyə açıqlama vermişdi. Halbuki hər kəs qələbənin qazanılmasında İlham Əliyev, ordu və xalq birliyindən danışırdı.Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb olunması ilə o günlərdə baş verənlərin alt qatı daha aydın sezilir. Elmira Axundovanın səfir olaraq danışıqları Azərbaycana qarşı təkcə diplomatik rüsvayçılıq deyildi, ideoloji xəyanət idi.

Həmin çıxışda səfirin mövqeyi ilə Mehdiyevin illərlə gizlətmədiyi anti-Türkiyə, antimilli xətt üst-üstə düşürdü. Ona görə də Elmira Axundova istintaqa cəlb edilməlidir. Bu gün ortada olan məlumatlar Elmira Axundovanın da istintaqa cəlb edilməsini labüd edir. O, təkcə Mehdiyevin təyin etdiyi səfir olmayıb, onun xarici şəbəkəsinin açar fiqurlarından biri kimi fəaliyyət göstərib. Axundova Ukraynada Mehdiyevin maraqlarını qoruyub. Bu faktlar hüquq-mühafizə orqanları üçün artıq prosessual hərəkətlərin başlanması üçün kifayət qədər əsas verir. Axundovanın istintaqa cəlbi ilə Ramiz Mehdiyevin xarici əlaqələri ifşa oluna bilər.

Bütün bunların fonunda Ramiz Mehdiyevin oğlu, general Teymur Mehdiyevin hələ də nazir müavini postunda saxlanılması ciddi suallar doğurur. Atası dövlətə xəyanət, çirkli pulların yuyulması və səlahiyyətdən sui-istifadə ittihamı ilə istintaq altındadırsa, oğlu necə olur ki, dövlətin yüksək postunda fəaliyyətini davam etdirir?

Bu, təkcə etik məsələ deyil, həm də dövlət idarəçiliyinin prinsipiallığına zərbədir. Ramiz Mehdiyevin sisteminin qalıqları hələ də vəzifə kreslolarında əyləşibsə, bu, o deməkdir ki, “xəyanət şəbəkəsi” tam ləğv olunmayıb. Dövlətin maraqları naminə bu zəncirin hər halqası, istər Mehdiyev, istər Axundova, istərsə də onun ailə üzvləri tam hüquqi məsuliyyətə cəlb edilməlidir.

Ramiz Mehdiyev bu gün ev dustaqlığında olsa da, onun illərlə formalaşdırdığı gizli sistem hələ də siyasi və iqtisadi müstəvilərdə izlərini saxlayır. Dövlətin uzun illər susduğu bu xəyanət şəbəkəsinin ifşası Azərbaycan üçün təkcə bir istintaq işi deyil, həm də milli təhlükəsizliyin bərpası prosesidir.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu şirkət Adnan Əhmədzadədən rəsmən alındı

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Oilmar Shipping and Chartering DMCC” şirkətindəki bütün səhmlərini rəsmən itirib.

Ramiz Mehdiyevin kitablarını onlar yazırdılar - Professor

“Ramiz Mehdiyevin nağıl kitablarını yazan, təbliğat və təşviqatçıları - əslində, elmi və intellektual mühitin üzərinə kölgə salan bir zümrə idi. Onlar akademik tənqid və fikir plüralizmi yerinə, şəxsi mifikləşdirilmiş obraz yaratmaqla məşğul idilər. Bu çevrənin əsas məqsədi “Ramiz məktəbi” adlı süni bir ideoloji konstruksiyanı formalaşdırmaq, onu “elmi ənənə” kimi təqdim etmək idi”.

“Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olub, fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır”

"Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin üzvləri bütün nazirlik və komitələri əhatə edib. Emin Əmrullayev Ramiz Mehdiyevin oğluna aid olan "Şərq-Qərb” nəşriyyatına 40 milyon manata yaxın vəsait köçürüb. Emin Əmrullayevin şəriki Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olmaqla, uzun müddət "Kaspi” liseyini idarə edib.

Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır? - Açıqlama

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifələrini icra ediən gəlini Nigar Mehdiyeva işə çıxmır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİ

Uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir.