Xuraman Hüseynzadə
Bir məclisdəydik. Sağ tərəfimdə əyləşmiş gənc xanım koftasının yaxasını bir az açıb çiyinlərindən aşağı sürüşdürdü. Sonra telefonunu ofisianta verib dedi: “Şəkilimi çək, amma elə çək ki, stolun üstündə nə varsa, hamısı düşsün, feysdə paylaşacam”.
Gözlənildiyi kimi, yan-yörəmizdə əyləşən adamlar xanımın bu hərəkətinə ironiya ilə yanaşdılar. Biri o birinə baxıb başını buladı, digəri qımışdı və sair. Yəqin ki, o xanım həmin fotonu “feys”də paylaşdı. Və yəqin ki, dostları “like” elədi, “super”, “əla”, “gözəlsən” kimi bol klişeli şərhlər yazdılar. Bu, görünən tərəfdir. Görünməyən tərəf isə...
Həmin xanım özünü gülüş hədəfinə çevirdi.
Texnolojinin yenilikləri müsbət tərəfi ilə yanaşı belə fəsadları ilə də özünü göstərir.
Bu mövzuda-“yeməyini virtualda yox, realda paylaş” kimi subliminal mesajlı karikaturalar var. Hamısı düşündürücüdür. Amma onları da paylaşanda nəticə çıxarmırlar. Əksinə, ilk “like” elələrindən gəlir... Bu da başqa bir faciədir.
Bir də görüsən, kimsə manqalı çəkdi həyətin ortasına. Manqal yerini rahatlamağa imkan tapmamış şəkili sosial şəbəkədə olur. Budur, odunlar yığılır-bir foto. Manqal qalanır-bir foto. Şişə çəkilmiş ət öz növbəsini çox gözləməli olmur. Növbəti “like”lar köz üstündə tüstülənən ət tikələrinə gəlir. Manqal yelpiklənir-növbəti foto. Artıq kabab bişib. Kababın dişə çəkilməsi prosesi gedir. Və nəhayət... Boşqabdakı sür-sümük adamın kabab fotosessiyasının “happy end”lə bitdiyini göstərir...
Adamlar bu cür görməmişliklə nə demək istəyirlər, görəsən? Dost siyahımda kifayət qədər ziyalı, intellektual adamlar var ki, onlar evində nə yediyini bu cür görməmişcəsinə nümayiş etdirmir. Bunca problemi olan, ailə-məişət qayğısı ilə yüklənən adamların xoşbəxtliyi görməmişlikdə tapmasına ad vermək olmur.
Tanıdığım biri vardı, tez-tez süfrə arxasında sür-sümüklə, bulaşıq salfetlərlə fotosessiya etdirirdi. Sonra məlum oldu ki, həmin adam olduqca çətinliklə dolanırmış. O paylaşdıqları özü haqda informasiyaları alt-üst etməkçünmüş. İşləyib pul qazanmaqdansa mazoxistcəsinə xoşbəxtlik imitasiyası ilə məşğulmuş.
Nə isə...


