Nazirlər Kabineti hərbi xidmətə qəbul, kursantların hazırlanması və hərbi təhsil müəssisələri ilə bağlı qaydalarda dəyişiklik edib.
Cia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara edilən dəyişikliklərin tətbiqinə uyğunlaşdırma məqsədi daşıyır.
Yeni qərara əsasən, bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul qaydaları yenilənib, təhsil anlayışı genişləndirilib və artıq orta ixtisas təhsili də nəzərə alınacaq. Eyni zamanda, xüsusi təyinatlı orta ixtisas hərbi təhsil müəssisələrini bitirən şəxslər də ayrıca kateqoriya kimi qeyd olunub.
Dəyişikliklərə əsasən, hərbi təhsil müəssisələrinə qəbul zamanı kursantlarla rəsmi bağlaşma imzalanacaq. Bu sənəd eyni hüquqi qüvvəyə malik üç nüsxədə tərtib ediləcək. Əgər namizədin yaşı 18-dən azdırsa, bağlaşma yalnız onun qanuni nümayəndəsinin yazılı razılığı ilə bağlanacaq.
Qərarda kursantların gələcək xidmət öhdəlikləri də dəqiqləşdirilib. Belə ki, hərbi təhsil müəssisəsini bitirən şəxslər zabit kimi azı 10 il, gizir və ya miçman kimi isə minimum 5 il (bəzi hallarda 10 il) xidmət etməlidirlər. Əks halda, onların hazırlanmasına çəkilmiş xərcləri qanunvericiliyə uyğun olaraq ödəmək öhdəliyi yaranacaq.
Bundan əlavə, qaydalara edilən dəyişikliklərə əsasən, kursantın təhsil müəssisəsindən xaric edilməsi də bağlaşmanın ləğvi üçün əsaslardan biri kimi müəyyən edilib.
Eyni qərarla Bakı, Gəncə və Naxçıvan hərbi kolleclərinin nizamnamələrində də dəyişiklik edilib. Belə ki, sənədlərdə yer alan “öz arzusu ilə” ifadəsi “təhsilini davam etdirmək istəmədiyinə görə” sözləri ilə əvəz olunub.
Qərar hərbi xidmət sisteminin daha dəqiq hüquqi tənzimlənməsi, kursantların hüquq və öhdəliklərinin konkretləşdirilməsi və dövlətin hərbi kadr hazırlığına çəkdiyi xərclərin qorunması məqsədi daşıyır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.
Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.