“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, köhnə maşınların qiymətinin bahalaşması ilk baxışda paradoksal görünə bilər: “Normalda istismar müddəti bitmiş, texniki cəhətdən köhnəlmiş avtomobillərin ucuzlaşması gözlənilir. Amma son illərdə Azərbaycan bazarında əks tendensiya müşahidə olunur. 15-25 illik avtomobillərin belə qiyməti yüksəlir. Bu prosesin arxasında isə bir neçə ciddi səbəb dayanır. Utilizasiya proqramının tətbiqi bazarda psixoloji effekt yaradıb. İnsanlar düşünür ki, köhnə avtomobil belə dövlət tərəfindən müəyyən məbləğə qəbul edilirsə, deməli onun müəyyən dəyəri var. Bu da avtomobil sahiblərinin qiymətləri aşağı salmaq istəməməsinə səbəb olur. Sabah utilizasiya üçün verilən kompensasiya artırılsa, bu, bazarda köhnə avtomobillərin qiymətinə dərhal təsir edəcək. Satıcı düşünəcək ki, maşını utilizasiyaya versəm müəyyən pul alacağam, deməli bazarda bundan aşağı qiymətə satmağa dəyməz.
Natiq Ələsgərov vurğulayıb ki, başqa mühüm faktor isə yeni avtomobillərin qiymətinin artmasıdır: “Son illər logistika xərclərinin yüksəlməsi, valyuta dəyişiklikləri və idxal xərcləri səbəbindən yeni avtomobillər xeyli bahalaşıb. Nəticədə vətəndaşların böyük hissəsi yeni maşın almaq imkanından uzaqlaşır və üz tutur ikinci əl bazarına. Tələb artdıqca isə qiymətlər də qalxır. Hətta 20 ildən çox yaşı olan avtomobillər belə bazarda alıcı tapır. Digər mühüm səbəb maliyyə alətlərinin məhdud olmasıdır. Azərbaycanda avtomobil kreditləri yüksək faizlə verilir və bir çox vətəndaş bu şərtlərlə yeni maşın ala bilmir. Bu halda insanlar daha ucuz variant kimi köhnə avtomobillərə üstünlük verir. Tələb artdığı üçün köhnə maşın bazarı “ölü bazar” olmaq əvəzinə əksinə canlanır və qiymətlər süni şəkildə yüksəlir”.
Natiq Ələsgərov deyib ki, əgər hökumət utilizasiya proqramı üzrə ödənişləri artırsa, bu iki istiqamətdə təsir göstərə bilər: “Birincisi, bəzi avtomobil sahibləri köhnə maşınlarını bazarda satmaq əvəzinə birbaşa utilizasiyaya verə bilərlər. Bu isə bazarda köhnə avtomobillərin sayını azalda bilər. İkincisi isə tam əks təsirdir: satıcılar düşünə bilər ki, avtomobilin “utilizasiya qiyməti” artıq yüksəkdir və bazarda da qiyməti aşağı salmaq olmaz. Bu halda qiymətlər daha da arta bilər. Digər əsas məsələ bazar qiymətləri deyil, yol təhlükəsizliyidir. Azərbaycanda avtomobil parkının böyük hissəsi 15-20 ildən çox yaşı olan maşınlardan ibarətdir. Bu avtomobillərin texniki vəziyyəti çox vaxt qənaətbəxş olmur və qəzaların riskini artırır. Ona görə də utilizasiya proqramı yalnız maliyyə təşviqi ilə məhdudlaşmamalı, həm də köhnə və təhlükəli avtomobillərin mərhələli şəkildə dövriyyədən çıxarılması ilə müşayiət olunmalıdır”.
Natiq Ələsgərov bildirib ki, köhnə avtomobillərin bahalaşmasının əsas səbəbləri sırasında yeni avtomobillərin qiymətinin artması; ikinci əl bazarına tələbin yüksəlməsi; utilizasiya proqramının psixoloji təsiri; kredit imkanlarının məhdudluğudur: “Bu səbəblər aradan qalxmayınca köhnə avtomobillərin ucuzlaşacağını gözləmək çətindir. Əksinə, utilizasiya mexanizmi genişləndikcə və yeni maşınlar bahalaşdıqca ikinci əl bazarında qiymət artımı davam edə bilər”.
Musavat.com


