banner
banner

Gündəm

Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi

Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi

Azərbaycanda Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.

Cia.az bildirir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Media haqqında” qanuna təklif edilən dəyişikliklər layihəsini təqdim edib.

Bildirilib ki, Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.

Beləliklə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın səlahiyyətlərini bu qurum yerinə yetirəcək. Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr də verilir. Yeni hüquqlar aşağıdakılar olacaq:

- media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;

- dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;

- jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;

- əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;

- audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;

- cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;

- media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;

- nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;

- media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;

- dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;

- dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;

- media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, habelə ictimai rəyin öyrənilməsini təşkil etmək;

- informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyi, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını, dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə bağlı ictimai fikri öyrənmək, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və təkliflər vermək;

- mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək;- media subyektlərinin fəaliyyəti qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;

- Media Reyestrini formalaşdırmaq, aparmaq, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;

- Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;

Yeni quruma əlavə olaraq aşağıdakı vəzifələr şamil olunacaq:

- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

- media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq və bu istiqamətdə tövsiyələr hazırlamaq;

- “Reklam haqqında” qanuna uyğun olaraq sosial reklamlar sifariş vermək;

- fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin aparılması, sorğuların keçirilməsi, hesabatların, rəy və təkliflərin hazırlanması məqsədilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;

- istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;

- səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;

- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;

- strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək.

Şuranın sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediəcəklər. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 (iki) sədr müavini seçəcəklər.

Qeyd edilib ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.

Bu baxımdan, qanun layihəsində vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.

“Media haqqında” qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.

Müzakirələr zamanı deputatlardan Siyavuş Novruzov, Razi Nurullayev, Sevil Mikayılova, Elçin Mirzəbəyli, Sahib Alıyev, Hicran Hüseynova, Azər Allahverənov, Vüqar Rəhimzadə, Rəşad Mahmudov, Bəhruz Məhərrəmov çıxış edib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Baş nazir prezidentin qərarını tənqid etdi

Polşa Baş naziri Donald Tusk Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini Polşanın ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmək qərarına tənqidi reaksiya verib.

Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...

Yasamal və Yeni Yasamal bir vaxtlar paytaxtda nisbətən əlçatan qiymətə torpaq tapılan əsas ərazilərdən biri idi. Son illər isə vəziyyət dəyişib və bəzi elanlarda 4-5 sot torpaq sahəsinin qiyməti 700-800 min manata, hətta daha yüksək rəqəmlərə qədər yüksəlib. Bu artım bazarın real vəziyyətini, yoxsa süni qiymət formalaşmasını müzakirə mövzusuna çevirib.

Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar

Milli Məclisin iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Nikah müqaviləsi son illərdə evlənməyə hazırlaşan cütlüklər arasında daha çox maraq doğuran hüquqi sənədlərdən birinə çevrilib. Bu müqavilə boşanma və ya əmlak bölgüsü zamanı tərəflərin hüquqlarını əvvəlcədən müəyyən etməyə imkan verir. Bəs nikah müqaviləsi hansı hüquqi təminatları yaradır və hansı məsələləri bu sənədlə tənzimləmək mümkün deyil?

Bu sürücülər kəmər taxmaya bilər

Son dövrlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaydaların tətbiqi və nəzarətin gücləndirilməsi fonunda təhlükəsizlik kəmərindən istifadə məsələsi yenidən gündəmə gətirilib. Ümumilikdə avtomobil idarə edərkən və ya sərnişin qismində hərəkət zamanı təhlükəsizlik kəmərinin taxılması məcburi hesab olunur və bu qayda yol-nəqliyyat hadisələrinin ağır nəticələrinin qarşısının alınmasında əsas amillərdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, qanunvericilikdə bəzi hallarda təhlükəsizlik kəmərinin taxılmamasına dair istisnalar da nəzərdə tutulub. Bu istisnaların hansı kateqoriyalara aid olduğu və hansı şərtlər daxilində tətbiq edildiyi isə sürücülər və sərnişinlər arasında tez-tez maraq doğuran məsələlərdəndir.