banner
banner

Sosİal

“Qoğal”da “striptiz”

“Qoğal”da “striptiz”
Yazar: Raminə Eyvazqızı

Uşaqlığımız rus xalq nağılının “Qoğal”ı ilə keçib. Bəlkə də SSRİ dövründə olmasaydıq heç bu nağıl əzbərə çevrilməzdi. Özü də “qoğal”. Bizim tərcüməçilərimizin daha bir yalnışı. Rus xalqının mətbəxində heç qoğal adlı hansısa bir bişinti məhsulu varmı? Yaxşı ki, rus ermənidən oğurluq etməkdə zəifdi. Yoxsa, qoğal da rusun mətbəx nümunəsi olardı. Rusun “kolobok”u çox sadə dəyirmi olan çörək məhsuludu. Bizim qoğal isə elə “zülm”lə bişirilir, ortaya çıxır ki. Amma etiraf edək ki, “Qoğal” onilliklər keçsə də, uşaqların ilk nağılı kimi aktuallığını itirməyib. Milli uşaq ədəbiyyatımızın bülletenə çıxdığı bir vaxtada lap qiymətli olub. Hələ tamaşaya da qoyulur.

Məktəblərə teatr biletləri satılır. Dəstəkləyirik. Ən azı uşaqlarda teatra getmək vərdişi formalaşdırılır. Valideyndə, müəllimlərdə özbaşına həvəs olsa belə, uşaqları bir yerə yığmaq mümkün deyil. Teatr bileti məktəbə gələndə isə hamı alır, teatr səhnəsi də boş qalmır, tamaşaçısı da bol olur.

Ötən gün Gənc Tamaşaçılar Teatrında oğlumun hesabına “Qoğal” tamaşa-müzikla baxdım. Açığı, bu sadə nağıldan necə yeni “dad”da “Qoğal” çıxacağını düşünürdüm. Qoğaldı da, heç kəsin yeyə bilmədiyini hiyləgər tülkü mədəsinə ötürür. Amma sağolsunlar, elə “yeniliklər” yaratmışdılar ki. Tamaşanın ssenarisi Pərvin, quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi nömrələrinin tərtibatçısı İradə Muradovadır.

Tamaşa –müzikl haqqında fikirlərimi Gənc Tamaşaçılar Teatrının qapısından başlamaq istəyirəm. Qapı ağzında dayanan bələdçi xanım uşaq və valideynləri elə kobudluqla qarşılayır ki, elə bil gecə yuxusunu qarışdırıb. Teatr zalının soyuq olmasını, uşaqların qalın üst geyimlə tamaşanı izləməsini isə problem hesab etmirəm. Təki teatr olsun, zalı isitmək, aktyor, rejissor işi deyil. Əsas odur, səhnə oyunu tamaşaçını “isitsin”. Gələk, “Qoğal”a. Bəli, tamaşanın səhnə tərtibatı, aktyorların geyimi maraqlı idi. Amma di gəl ki… İnanın, bu təəssüratlar tək məninki deyil. Ən əvvəl qeyd edim ki, bu “Qoğal” bildiyimiz nağıl deyildi. Sözsüz, səhnələşdirilən məhsul improvizasiyaya məruz qalır. Bu “Qoğal”ın xəmirini ssenarist yaxşı yoğursa da, musiqi tərtibatı yaman günə qoymuşdu. Bildiyimiz nağılda, Qoğalı ilk əvvəl dovşan yemək istəyir, burada isə tamaşanın sonunda dovşan girov götürülmüş Qoğalı xilas edir. Tülkü Qoğalı yemir. O, Qoğalı Ayı və Canavarla birgə yaxalayır, girov saxlayıb Nənə və Babadan əvəzində toyuq, oküz, qoyun almaq istəyir. Təbii haldı, bu heyvanlar ət yeyir axı. Dovşan bu planı pozur, Qoğalı ailəsinə təhvil verir. Nağılın sonluğunun dəyişdirilməsini hardasa normal qəbul etmək olar. Səhnədən uşaqların ailə, valideyn sözünə baxmalı olduğunun mesaj verilməsi də alqışlanasıdır. Amma həqiqətən tamaşada məni qıcıqlandıran məsələlər də vardı. Bu müziklda türkiyəli müğənni Tarkanın, Halil Sezainin və digər əcnəbi müğənnilərin “böyük” mahnısından istifadə olunmasıdır. Hələ Tülkünün Halil Sezainin “Üsyan” mahnısını oxumasına heç bir məna vermədim. Çox uğursuz “tapıntı”dır, təəssüf ki, rejissor buna göz yumub. Əzizlərim, yaradıcılıq bu ola bilməz. Nəhayət, əsas tənqidi məqam. Tülkü obrazının rolu boyunca Türkiyə türkcəsində danışması, qoğala “kokal” deməsi lap ağını çıxarıb. Uşaqlar üçün bu sadə, məzəli ola bilər. Şəxsən mən uşaqlarıma türkcədə sözlər işlətməyi qadağan etmişəm. Onları da qınamalı deyil. Uşaq verilişlərindən kasad olan tv kanallarının ucbatından onlar da. Türkiyə kanallarındakı proqramlara baxmalı olurlar. İstər-istəməz dilimizə təsiri olur. İndi mən övladıma necə başa salım ki, teatr səhnəsində zarafat edirdilər, səhv edirdilər. Yaxud, nağılın Tülküsü Türkiyədən gəlməyib.

Tamaşada pis rəy formalaşdıran əsas səhnə vardı. Bu da Tülkünün “Usyan” mahnısını səsləndirən zaman özünü səhnədə yox, elə bil gecə klubunda hiss etməsi idi. Düzü, həmin aktrisanın (Günel Məmmədova) ümumi oyunu zəif deyildi, amma yellənən kresloda striptizsayağı hərəkətləri (sadəcə soyunma yox idi), lazımsız əl, qol, ayaq oynatmaları, oriyental rəqsi, şələquyruğunu əcaib şəkildə sığallaması davranışını həddini aşma kimi dəyərləndirdim. Çünki başqa bir tamaşada bu səhnə mümkündü, amma uşaq teatrında belə lazımsız hərəkətlərin heç yeri yox idi. Baxmayaraq ki, kişi tamaşaçılar üçün belə səhnələr lap maraqlıydı. Amma qadınlar yaman hirslənmişdilər.

Bir məsələ də diqqətimi çəkdi. Uşaq tamaşaçıların nəzarətçilər tərəfindən sıxışdırılması. Uşaqların mahnı səslənəndə oynaması, bərkdən gülməsi, səhnədə olanlara reaksiya verməsi təbii deyilmi? Nəzarətçilər nədənsə uşaqlara tez-tez “sakit” deyirdilər.

Yəqin ki, hörmətli teatr kollektivi iradlardan sonra məndən inciməz. Əməyinizə, sənətinizə hörmətim sonsuzdur. Amma elə “Qoğal”bişirin ki, yeyəndə ağzımız acı olmasın..



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Anormal istilər gəlir — 12:00-dan 16:00-a qədər çölə çıxmayın!

Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər — AÇIQLAMA

Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər?

Pensiyaya çıxan vətəndaşlara VACİB AÇIQLAMA

Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar.