Neçə illər bundan əvvəl ANS-də “İç Xəbər” verilişinin aparıcısı olarkən, xalqın psixiologiyasında bir məqamı tutdum. Verilişin əməkdaşları kiminsə qanunsuz eyvan tikməsindən çəkiliş edirdisə, o istiqamətdə şirkətə daxil olan şikayət məktublarının sayı artırdı. Su qıtlığından danışırdıqsa, həmin sahə ilə bağlı müraciətlər artırdı. Ümumiyyətlə, kiminsə dərdi olan problemləri işıqlandıranda adamların səbr kasası dolub-daşırdı.
Xatırlayırsınızsa, bir müddət əvvəl Bakının Nəsimi rayonunda nadir ağacların qırıldığı əraziyə Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun əməkdaşları gəlmişdilər. Azərbaycanın birinci xanımının etirazından və birbaşa müdaxiləsindən sonra ağacların kəsildiyi ərazidə ildırım sürəti ilə yaşıllıq salındı, səkilər rəngləndi, hətta, skamyalar qoyuldu. O hadisədən sonra ölkənin müxtəlif bölgələrində kəsilən ağaclarla bağlı Heydər Əliyev Fonduna məktubların axını çoxaldı. Adamlar ümüd yeri tapmışdılar.
Deməli, xalq axtardığı ümüd işartısının ardınca gedir. Təkcə, ümüd işartısının yox. Biz o vaxtlar intihar hadisələrini efirə çox verərdik. Bir dəfə iki gəncin Qız Qalasının üstündən özlərini ataraq həyatlarına qəsd etməsindən danışmışdıq. Açığı, o barədə cəmi-cümlətanı iki dəqiqə söhbət açmışdıq. Ertəsi gün xəbər gəldi ki, daha iki gənc özlərini Qız Qalasından atıblar. O xəbəri də verdik. Bir həftədən sonra yenə də başqa iki gənc Qız Qalasının üstünə çıxaraq həyatlarına qəsd etdilər. Anladıq ki, intihar xəbərini efirə çox verdikcə, kimlərinsə beyinlərinin alt şüurunda çoxdan gizli saxladıqları, heç kimə demədikləri mənfi və müsbət fikirlər dirçəlir. Və bizim xidmətimiz bundadır ki, o gizlinlərin dirçəlməsinə təkan veririk.
Bir misal çəkim. Neçə aylar bundan əvvəl bir kişi körpünün üstünə çıxaraq intihar edəcəyini bəyan etdi. Həmin kadrlar efirə gedəndən sonra o körpünün üstündə intihar, yaxud intihara cəhd edənlərin sayı artdı. Və xalq arasında o körpü “İntihar körpüsü” adlandırıldı.
Bununla da məlum olur ki, televiziya böyük təsir gücünə malikdir. O, xalqı xeyirxah da edə bilər, kütləvi şəkildə ölümə də sürükləyər. Ona görə də, 1 dəqiqəlik reytinq naminə intihar xəbərlərini efirə verməklə, arxasınca nələrin baş verdiyini düşünmək pis olmazdı. Əlbəttə, düşünülə bilər ki, “intihar informasiyadır və biz onu verməliyik. Biz verməsək, başqa telekanal yayımlayacaq”. Ona görə də burada Milli Televiziya və Radio Yayım Şurasının ölkədəki bütün telekanallara ümumi tövsiyyəsi olmalıdır. Bu heç də azad televiziyanın işinə müdaxilə etmək deyil. Elə məsələlər var ki, onların yayımlanması, sonda acı nəticələrə gətirib çıxarır. O qədər keçid yaşında olan qızlar və oğlanlar bu xəbərlərə qulaq asaraq həyatlarına qəsd ediblər ki. Bir xəbər onların gizli düşüncələrini qəti addım atmaqla reallaşdıra bilər. Həyatlarına son qoymaq bahasına.
Bəs, çıxış yolu nədir? Əslində, intihar xəbərlərini informasiya saytlarının işıqlandırması daha doğru olardı. Çünki, insan psixiologiyasında “xəbəri oxumaq”la, “xəbəri kadrlarla izləmək” ayrı-ayrı nəsnələrdir. Oxucu xəbəri oxuyur, onun haqqında məlumatlı olur, lakin təsvir edə bilmir. Televiziyada isə xəbər həm eşidilir, həm də kadrlarla izlənilir. Bu yerdə tamaşaçı eşitdiyi ilə gördüyünü üst-üstə gətirir, nəticədə arzuolunmaz istəyə can atır, beynin dərin qatında çoxdan qaysaq bağlayan yaranın yeri təzədən açılır. Bu, xüsusilə intihar və vəhşiliyi təbliğ edən xəbərlərə aiddir. “Bacı öz bacısının başını kəsərək qətlə yetirdi” xəbəri bir yeniyetmənin öz ailəsində incik düşdüyü əzizini öldürməyə təkan vermirmi? Verir. Özü də çox verir. Bəli, efirdə kriminal xəbərlər olmalıdır. Amma burda söhbət şişirdilməyən və vəhşiliyə söykənməyən kriminal xəbərlərdən gedir. Məsələn, Rusiyanın “Vesti” proqramında qəzaya düşərək həlak olan sürücü və sərnişinlərin meyidləri yaxından göstərilmir. Uzaqdan, yaxud üstünə mələfə atılan formada nümayiş etdirilir. Azərbaycanın əksər telekanallarında isə avtomobildə sıxılaraq ölən sərnişinin ordan çıxarılması üçün Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının “avtogen” dən necə istifadə etməsi də yaxından çəkilərərk efirə verilir. Bu zaman yaralının, ya ölənin əzilmiş başı, hətta beyninin iliyi, sınmış əzalarını izləyən tamaşaçıda humanizm hisslərinin haradan yaranacağı çox maraqlıdır. Və o da maraqlıdır ki, Milli Televiziya və Radio Şurasının qərarına əsasən axşam saat 23:00-a qədər efirdə qan və intim kadrlarının yayımlanmasına qadağa qoyulduğu halda, nədən belə verilişlər həmin zamana qədər efirdə nümyiş etdirilir? Həmin saatdan sonra intihar və vəhşiliyi təbliğ edən kadrlar nümayiş etdirilsə, telekanallar nəyi itirər ki?! Əgər, bir kanalın reytinqi bir intihar xəbərini verməyəcəyi halda aşağı düşərsə, elə düşsə yaxşıdır. Deməli, həmin kanalın reytinqi tükdən asılı olacaq qədər aciz durumda imiş.


