Bu gün Azərbaycanda futbol mövsümü rəsmən başa çatacaq. Mövsümün son oyunu Azərbaycan Kubokunun final matçı olacaq.
Həlledici qarşılaşmada "Qarabağ"la "Neftçi" qarşılaşacaq. Premyer Liqanın qızıl mükafatçısı ilə 4-cü pillənin sahibi Qəbələ şəhər stadionunda üz-üzə gələcək. Matçın start fiti saat 20.00-da çalınacaq.
Komandalar 19 ildən sonra kubokun finalında üz-üzə gələcək. Belə ki, "Qarabağ"la "Neftçi" bundan əvvəl ilk və son dəfə 1995/96 mövsümünün finalında qarşılaşmışdı. 15 may 1996-cı ildə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda "Neftçi" Yunis Hüseynovun dublu, Vidadi Rzayevin tək qolu sayəsində 3:0 hesablı qələbə qazanmışdı.
Bu "Qarabağ" üçün 7-ci final olacaq. 1993, 2005/06 və 2008/09 mövsümlərində kuboka sahib çıхan Ağdam klubu 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində gümüş medallarla kifayətlənib. "Qarabağ" bu gün qələbə qazansa, kubok sayında "Kəpəz"ə çatacaq.
"Neftçi" isə Azərbaycan Kubokunun mütləq rekordçusudu. Belə ki, "ağ-qaralar" indiyədək 7 dəfə turnirin qalibi olub (1994/95, 1995/96, 1998/99, 2001/02, 2003/04, 2012/13, 2013/14) və 2 dəfə finalda uduzub (2000/01, 2011/12). Ardıcıl 4-cü dəfə finala çıхan "Neftçi" son iki mövsümdə kubokun qalibi adını qazanıb.
"Ağ-qaralar" bu gün kubokun qalibi olsa, daha bir rekorda imza ataraq ardıcıl 3 dəfə finalda qələbə qazanmış ilk komanda olacaq. "Neftçi" bundan əvvəl 1994/95 və 1995/96, 2001/02 və 2003/04 (2002/03 mövsümü keçirilməyib), 2012//13 və 2013/14 mövsümlərində ardıcıl iki dəfə kuboka sahib çıхıb. Bakı klubundan başqa "Kəpəz" (1996/97, 1997/98) və "Xəzər Lənkəran" (2006/07, 2007/08) ardıcıl iki dəfə qalib olub.
Azərbaycan Kuboku
2015/16 mövsümü
Final
3 iyun
20.00 Qarabağ - Neftçi
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov,Rza Məmmədov, Orxan Məmmədov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Ramiz Mustafayev.
Qəbələ şəhər stadionu.
Cia.az


