banner
banner

Sosİal

Monotonluğun dağıdıcı sarsıntısı

Monotonluğun dağıdıcı sarsıntısı
Yazar: Türkan Turan

Xərçəngsiniz. Qısa zamanda kimyaterapiyalara başlanmalıdır....

Səs qulağımda əks-səda verərək təkrarlanırdı. Udquna bilmirdim. Boğazım düyünlənmişdi. Həyəcanlana bilmirdim. Reaksiyasız qalmışdım. Qışqırmalı idim? Bəlkə ağlasam özümə gələrdim?! Hər zaman hər şeyi detalına qədər sual verən mən, bu dəfə aciz idim. Üzümdə elə dəhşətli bir soyuqluq vardı ki, heç bir şey düşünə bilmirdim. Donmuş vəziyyətdə ayağa qalxdım. O otaqdan xəstəxanın dəhlizinə necə çıxdım, dəhlizdən liftə doğru necə getdim bilmirəm. 1 düyməsini basdım. Lift birinci mərtəbəyə çatmışdı, amma mən bunun fərqində deyildim. Ta ki, “Doktor Əliyev təcili əməliyyat otağına” deyilənə qədər. Özümə gələndə 7-ci mərtəbənin rəqəmi yanıb sönməyə başladı. Yenidən 1-ci mərtəbənin düyməsini sıxıb aşağı düşdüm.
Liftdən çıxdım. Bu gün sanki hər kəsin başına hadisə gəlmişdi, çünki izdiham səngimirdi. Ya da mənim süstlüyüm qarşısında mənə elə gəlmişdi. Xəstəxanadan çölə çıxdım. Hava tutqun idi, ara da bir yağış damlaları düşürdü. Elə bu düşüncədə idim, birdən güclü yağış yağmağa başladı. Sanki silkələnib özümə gəldim. Bütün bədənim boşaldı, ətrafa baxdım, dizlərim yerə çökdü. Hönkürərək ağlamağa başladım. Bütün dünya başıma yıxılmışdı. Üstüm palçıq idi. Güclü yağış olduğu üçün ətrafda heç kim gözə dəymirdi. Səsim xırıldayana qədər hönkürməyə davam etdim. Telefonun səsi dinmirdi. Özümdə güc tapıb telefona baxdım , 47 zəng gəlmişdi.
Cəmi 1 illik evli idim. Zəng edən də həyat yoldaşım idi. Telefonu çantaya atdım. Şüursuz idim. baş verənləri dərk etməyə çalışırdım.
Düşünürdüm! Birinci olaraq müalicə yox, ölüm gəlmişdi ağlıma. Çünki özümü dərk edəndən bu xəstəlik haqqında hər kəs qorxaraq dəhşətlə danışırdı. Əksər insanların da bir neçə ay ərzində həyatdan köçdükləri üçün ölümdən başqa ağlıma heç nə gəlmirdi. Özümü güvən içində olan bir gəminin içərisindən, anidən dalğalı dənizə düşmüş kimi hiss edirdim. O dəhşətli dalğalarla necə baş edəcəyimi bilmirdim!
Dünyam dağılmışdı. Hər şey monoton gedən halda anidən dağıdıcı bir sarsıntı daxil olmuş kimi daxil oldu xərçəng həyatıma. Adını belə deməkdən qorxduğum xəstəlik, artıq içimdə, vücudumda idi. Evə gəldim. Şokdan çıxa bilmirdim. Bir müddət heç nə etmədən oturdum. Saat 7 idi. Qapının zəngi çalındı. Açdım. Yoldaşım məni görəndə qorxdu. Ömür boyu üzündən təbəssüm əskik olmayan bir insanın üzünə qəbir soyuqluğunun çökməsi dəhşətdir və bu an o bu dəhşəti yaşayırdı. “Nə olub” deyə sual verdi. Bir başa, soyuqqanlılıqla, sanki bütün günü o acıları mən çəkməyən biri kimi “xərçəngəm” dedim.
Hardasa zarafat qəbul edəcəkdi. Amma üzümdəki dəhşəti görəndə ağlamağa başladı, qucaqladı məni. Dəli kimi idi. Üsyan edirdi. Allaha üzünü çevirmişdi. İndi dərk edirəm ki, Allahla insanın ən gərgin anı məhz özünün və yaxınlarının xərçəngə tutulması xəbərini aldığı andır.
Yoldaşım dayanmırdı, bir kişinin fəryadı mənim üçün ən son görmək istədiyim hadisədir. Onun fəryadı isə mənə bəlkədə ən azı xəstəliyim qədər təsir etmişdi. Qırıb dağıdırdı, dayanmırdı. Ən son olaraq gül qabını güzgüyə vurdu. Mən donmuş vəziyyətdə ona baxırdım. Birdən qırılan güzgünün parçalarından məni görüb özünə gəldi. Dönüb məni qucaqladı. Dəlicəsinə sevgimin üstünə artıq itirmək qorxusu gəldiyi üçün sevgim tüğyan edirdi. Onu qucaqladım. Sanki bu an öləcəkmişəm kimi. .Sanki bir azdan hər şey əlimdən uçub gedəcək kimi…
Bundan sonra yaşayacağım 20-30 ilimi elə həmin gecə yaşayıb bitirəcək kimi hiss edirdim özümü. Bu çox aydın yadımdadır ki, gecə onu necə qucaqlamışdımsa səhərdə eyni formada gözlərimi açmışdım.
Səhər açıldı. Birlikdə getdik həkimə. Həkim dedi, təcili əməliyyat olunmasa yayıla bilər. Qorxduğum başıma gəlmişdi, döşümün biri kəsiləcəkdi.
İndi düşünürəm ki, biz qadınlar eləyik ki, kəsilən zaman birinci ağlımıza şəfa yox, estetik gözəlliyin itəcəyi gəlir. Qüsursuz sinəm və bədənim indi yarımçıq qalacaqdı.
Həyat yoldaşım “nə lazımdırsa dərhal edilsin” deyəndə, mən öz dünyama qapılmışdım. 2 gün ərzində əməliyyat olmalı idim.

Çarəsizlik
Əməliyyat olunmaq üçün Mərkəzi Xəstəxanaya üz tutdum. Qorxurdum. İçimdə dəhşət var idi. Öz ayağımla bədənimin parçasını kəsmək üçün xəstəxanaya gəlmişdim. İndi necə olacaqdım? Doşüm kəsiləndə mən necə yaçayacaqdım? Yarım vəziyyətdə? Əməliyyat otağına daxil olduq. Son dəfə başımı qaldırıb sinəmə baxdım. Ölüyə son dəfə baxar kimi. Ayılandan sonra isə heç nə hiss etmirdim. Bir dəfə başımı aşağı əyib, sinəmə baxdım. Gözlərimi qapadıb, yatdım. Bir müddət sonra xəstəxanadan çıxdım, özümü yarımçıq hiss edirdim. Hər kəsin gözü üstümdə idi sanki. Heç yerə çıxmaq istəmirdim. Düşünürdüm ki, sinəmin aqibətindən hamının xəbəri var. İnsanlardan qaçırdım. Həyat yoldaşımın hər baxışının altında nə düşündüyünü görmək üçün gözümü ondan çəkmirdim. Ən dəhsətlisi bilirsiniz nədir? O mənə xoş sevgi ilə davrananda da, soyuq rəftar edəndə də bu mənə təsir edirdi. Birinci ona görə ki, yazığı gəldiyini düşünürdüm. Soyuq davranan da isə məni istəmədiyini və məcburiyyətdən yanımda qaldığını düşünürdüm. Amma zaman hər şeyi daha aydın göstərəcəkdi.

Saçlarım
Artiq bir müddətdir evdə idik. Günlərimi düşünməklə keçirirdim. Eyni zamanda hər gün xəstəliyimin bir surprizi ilə qarşılaşırdım. Hər səhər ovuc-ovuc saçın yastığın üstündən yığılması başqa hissdir. Kimyaterapiyalar üçün saçlarım kökündən kəsilməli idi. Bu mənə ayrıca dəhşət yaşatmışdı. Başqa vaxt saçımı 1 sm kəsdi deyə saatlarla ustamla dava edirdim, indi isə kökündən gedəcəkdi. Sevdiyim saçlarım artıq yox idi, kəsilmişdi. Baxımlı olduğum hər kəsə məlum idi. Dırnaqlarım, kilom, saçlarım hər zaman qaydasında olurdu. Amma indi vücudum yaralı və yarımçıq idi. Ruhum sarsılmışdı. Qadınlığımı unudurdum artıq. Hər ötən gün bu hiss məni daha da boğurdu.

Ümidsizlik
Bir müddət sonra hər şey hiss etdiyim kimi olmağa başladı. Həyat yoldaşımın soyuqluğu artıq məni üşüdürdü. Dediyim kimi, hər şeyi zaman göstərəcəkdi və göstərdi. Laqeyd münasibət, gizli mesajlaşmalar, diqqətsizlik, evə gec gəlmələr, gələn və anında rədd edilən zənglər.. Az çox artıq məsələ mənə aydın idi. Gözümün qarşısında çox sonralar baş verəcəyini düşündüyüm, amma ilk fürsətdə gördüyüm xəyanət baş verirdi. Başa düşürdüm ki, sevgi dediyim əslində vücud vurğunluğu imiş. Sarsıldım amma susdum. Həmin vaxtlar daha da sərtləşdim. Torpaq kimi, üstümə basıldıqca sərtləşdim. Gözüm heç nəyi görmürdü. Adi uşaqda bilir ki, bu xəstəliyə düçar olanlara stress olmaz. Ailəm yanımda idi. Dəstək olurdu. Müalicələr davam edirdi. Hər həftə kimyaterapiya dəhşəti yasayırdım. Artıq nə düşündüyümü belə bilmirdim. Bir yol var və mən o yolu sonu nə olduğunu bilmədən gedirdim. Ümid bağlayacağım bir şey qalmamışdı. Hər dəfə müayinələrə gedəndə həkimin ağzından çıxan sözün baş hərfini belə səbirsizliklə gözləyirdim. İnsan özünü bilirsiniz nə zaman çarəsiz hiss edir? Həkimin qarşısında çarəsiz xəstəlik zamanı. Ölürsən kimdənsə asılılığın olmur, çarəyə gərək qalmir. Amma ölümlə həkim arasında qalmaq ən dəhşətli hadisədir. Artıq istəmirdim təsəlli edici sözlər. Nə baş verir deyə sual verərkən yalanlar arxasında gizlənən gerçəkləri axtarırdı gözlərim.

Ümid
Bir gün ürəkbulanmalar daha da artdı. Düşünürdüm ki, aldığım kimyaterapiyalardandır. Növbəti analizlərin birində həkim heyrətlənmiş halda otağa daxil oldu. Daha sonra digər həkimləri çağırdı. Analizlərin cavabını məndən alıb çöldə gözləməyimi xahiş etdilər. İçimi qorxu bürümüşdü. Düşünürdüm ki, xəstəliyim yayılmağa başlayıb. Artıq həyatdan əlimi üzmüşdüm. Sadəcə son cavabı gözləyirdim. Daha sonra məni içəri çağırdılar. 2 aylıq hamiləsən dedilər. Bunu mən nə qədər gözləmişdim. İllərlə arzuladığım ən çarəsiz vaxtımda gəldi. Bu qədər baş verənlərdən sonra, bədənimdən, parçamdan, sevgimdən məhrum olduğumu düşündüyüm anda sən demə içimdə yeni bir bədən, sevgi böyüyürmüş. Qaranlıq bir gecənin ardından günəş doğmuşdu həyatıma. Susuz səhrada göl çıxmışdı qarşıma. Həyatımın dönüş nöqtəsi idi. Həkimlər kimyaterapiya ilə hamilə qalmağın çətin olacağını deyirdi. Amma mən qərarlı idim. Əlimi yandırsa da bu günəşin qarşısına tutmamaqda qətiyyətli idim. Həyatda möcüzələrə inanmırdım, ta ki, içimdəki sevgi özünü göstərənə qədər. Artıq daha da məsuliyyətli olmağım vacib idi. Bütün üzüntülərimdən qurtulmaq və yeni bir həyat üçün körpəm var idi. Yaşasam onunla yaşayacaqdım. Həkimlərlə bütün danışıqlardan sonra qərar verildi ki, körpə dünyaya gəlsin. Artıq aldığım nəfəsi belə kontrol edirdim. Çünki körpəm var idi. Mənə stimul verənim…

Doğan günəş və sevgi
Artıq üstündən 2 il keçib. Bütün çətinliklərə rəğmən ayaqdayam. Bir şeyi başa düşdüm ki, həyat hər şeyə rəğmən yaşamağa dəyər. Vücudun parçası getsə də, onu hansısa formada geri gətirmək mümkündür.. Bunu başa düşdüm ki, bütün çətinliklər keçir. Ola bilər ki, quyunun dibində çarəsiz gözləyirik. Amma bir gün o quyuya mütləq bir ip enəcək. İnam vacibdir. Həyat insanların etdikləri pislikləri ciddiyə almayacaq qədər, onlara enerji xərcləməyəcək qədər dəyərlidir. Hər şey olacağına varır. Bunu başa düşdüm ki, necə olur olsun, bütün bağlı qapiların açarı sevgi və inamdır. Həyatda hər şeyi başqa formada geri gətirmək mümkündür. Ola bilər ki, həyat yoldaşımı və bədənimin bir parçasını itirdim. Amma o mənə bütöv halda geri gəldi.
Budur, əlindən tutub, Onkologiyaya üz tutmuşam. Bu gün muayinə vaxtımdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Anormal istilər gəlir — 12:00-dan 16:00-a qədər çölə çıxmayın!

Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər — AÇIQLAMA

Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər?

Pensiyaya çıxan vətəndaşlara VACİB AÇIQLAMA

Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar.