banner
banner

Vasvası

Vasvası
Yazar: Elçin Hüseynbəyli

Bir tanışım var. Ağıllı, zəkalı adamdı. Hər halda, mən onu elə tanıyıram. Bu yaxınlarda təsadüfən onu gördüm. Səhər çağıydı. Mən, adətim üzrə, gəzməyə çıxmışdım. Tanışım büzüşmüş halda, deyəsən, harasa tələsirdi. Öz-özünə nəsə pıçıldayırdı. Səsi eşidilməsə də, dodaqları tərpənir, almacıqları səyriyirdi. Məni görən kimi qırışığı açıldı. Əvvəlcə hamı kimi hal-əhval tutduq, həyatda olmağımıza şükr elədik. Elə mən:

- Tay nə var, nə yox e? - deyə xəbər almışdım ki, kişinin qanı qaraldı.

- Onu soruşma, biabır olmuşam. İçim özümü yandırır, çölüm özgəni. Lənət olsun belə həyata, - deyə şikayətləndi.

O bu sözləri deyəndən sonra iki dəfə yerə, üç dəfə yana tüpürdü. Hava da küləkli. Az qaldı ki, tüpürcəyi böyrümüzdən ötən xanımın sifətinə yapışa, incəvardan, yan keçdi. Amma qadının qəzəbli baxışları üzümüzdə dondu. Fikirləşdim ki, belə getsə, vəziyyət rusca olacaq, ona görə də:

- Gəl, daldaya keçək, - dedim.

Belə də elədik. Və köhnə tanışım sözünün mustafasını dedi.

- Qardaş, qapı nə üçündü? - deyə gözlərini gözlərimə zilləyib xəbər aldı.

Cavab verdim ki, qapıdı da.

- Düz deyirsən, qapıdı. Bəs onun təyinatı nədi?

- Açıb-örtmək üçün.

- Ay sağ ol. Amma əsas örtməkdir. Qapı örtmək üçündür. Əgər qapı örtmək üçün olmasaydı, onda o dördkünc yarığı açıq saxlayardılar, ağzına qapı qoymazdılar,  qapını qoyurlar ki, örtəsən.

- Məntiqlidir, - dedim.

- Amma bizim evdə bunu başa düşmürlər. “Ay bala, qapını ört” - deyə çığırmaqdan yorulmuşam. Biz də ki, bir çətən külfətik də özün bilirsən. Köhnə gəlin də biznəndi, təzə də. Söz demək olmur...

- Hm...-deyə mızıldandım.

- İndi gələk işığa. İşıq nə üçündür? Söndürmək üçün, qaranlığı işıqlandırandan sonra söndürməlisən. Məsələn elə ayaq yolu: girdin işığı yandır, çıxdın söndür. Mətbəx də elə. Düz demirəm? - yenə də gözlərini üzümə zillədi.

- Hm...

- Amma bizdə belə deyil! Bəs qaz nə üçündür? Yemək bişirmək, çay qaynatmaq üçün. Amma bizdə onu da söndürmürlər. Su da eləcə. Krantı açırlar, amma bağlamırlar. Mən olmuşam İsfəhan darğası, otaq-otaq gəzib işıqları söndürürəm. Soruşanda ki, niyə belə eləyirsiniz? Deyirlər: “Onsuz da yenidən yandıracağıq da. Yandıracağıqsa, niyə söndürməliyik?”

- Hm...

- Bilirsən ki, mən xırdaçı, vasvası adam deyiləm. Amma bu, prinsip məsələsidi. Prinsip!

Burda mən daha dözmədim və dedim:

- Elə bilirsən, təkcə sizdə elədi?

- Sizdə də?!-deyə təəccübləndi.

Gülə-gülə başımı tərpətdim və günün-günorta çağı işıqları yanan parkı göstərdim. Sonra da əlavə elədim:

- Hər yerdə elədi...

O , bir xeyli mən göstərən səmtə baxdı, gülümsədi, sanki nəsə kəşf elədi və tələm-tələsik əlimi sıxıb, məndən aralandı.

Bir xeyli arxasınca baxdım. Tanışım, şələsini yerə qoyub yüngülləşmiş adamlara oxşayırdı. Quş kimi uçurdu...

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: