Həyatda bir çox səhvləri diqqətsizlik üzündən edirik.
Diqqətsizlik normal həyat tərzini də sürməyə imkan vermir. Belə ki, diqqətsiz adam iş prosesində tez-tez səhvlər edir, şəxsi əşyalarını, pulunu itirir və s. xoşagəlməz situasiyalarla üzləşir.
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, diqqət çox vacibdir. Belə ki, diqqətli insan məntiqli düşünür, düzgün qərar qəbul edir, onunla baş verən hadisələri obyektiv təhlil edə bilir. Gün ərzində diqqətli olmaq əslində çox çətindir. İnsan özünü narahat hiss edir və gərgin olur. Diqqətli olduğuna görə rahatlaşa bilmir. Beyni yorulur. İnsan əsəbiləşəndə, həyəcanlananda, üstəlik stress keçirəndə nadir hallarda diqqətini toplaya bilir. İnsan emosional cəhətdən sakit vəziyyətdə olduqda, əlavə iş görmədikdə ona diqqətini toplamaq daha asan olur.
R.Rzayeva bildirib ki, istənilən sahədə insandan diqqətli olmaq tələb olunur: "Lakin hamı eyni dərəcədə diqqətli ola bilmir. Tək-tük insanlar çox diqqətli olur. Xırdalıqlara da fikir verir və bütün günü diqqətli olmağa adət edib, beyni o qədər də yorulmur. Elə adamlar da var ki, diqqətini cəmləməkdə çətinlik çəkirlər. Onlarda unutqanlıq da müşahidə olunur. Qoyduqları əşyaları tapa bilmir, tapşırıqları yerinə yetirməyi unudur və s".
Psixoloqun bildirdiyinə görə, diqqət bir obyektdən başqa obyektə keçir: "Bir obyektin üzərində diqqəti uzun müddət saxlamaq çox çətindir. Diqqətinizi hansısa bir əşyanın üzərində 2-3 dəqiqə saxlamağa çalışın. Görəcəksiniz ki, bunu etmək dözülməzdir".
Elə anlar olur ki, insana diqqətini toplamaq lazımdır. Amma heç cür bunu edə bilmir. Məsələn, dərsini oxumaq, işini görmək üçün diqqətini toplamalıdır, amma bunu bacarmır. Bu, yorğunluqdan və diqqəti yönəldilən obyektin maraqsızlığından ola bilər. İnsan darıxıdırıcı bir mühazirəyə də qulaq asa bilmir. Əsnəyir və onu yuxu basır.
Müsahibimiz deyir ki, sizə maraqsız görünən bir mövzu üzərində diqqətinizi toplamaq istəyirsinizsə, həmin mövzuda sizin üçün maraqlı olan nəsə tapın.
Adətən nəyinsə fikrini çəkən, hansısa problemlərini, baş verən hadisələri daim düşünən insanlarda diqqət azalmağa başlayır. Bu fikirlər həqiqətən də insana çox əzab verə bilər. Neqativ fikirlər arasında o qədər də əhəmiyyətli olmayanları da var. Amma insan bunları daim düşünüb özünü əsəbləşdirir, stress vəziyyətinə salır. Ona görə də diqqətsizlik, yaddaşsızlıq müşahidə olunmağa başlayır. Bu səbəbdən də diqqətin azaldığını hiss edənlər gün ərzində nə haqda daha çox düşündüyünə fikir verməlidirlər. Daim düşündüyünüz məsələlərin siyahısını tutun. Siyahını yazandan sonra sizə həqiqətən də çox lazım olan məsələləri saxlayıb, əhəmiyyətsiz, qanınızı qaraldan xırda xoşagəlməz hadisələri silin. Bunlarla bağlı neqativ təəssüratları unutmağa və ya başqa xoş hadisələr yaşayaraq onları üstələməyə çalışın.
Psixoloqun dediyinə görə, siyahıdakı məsələləri mimimuma azaldaraq özünüzü lazımsız xaos yaradan fikirlərdən azad edəcəksiniz. Bunu etdikdən sonra lazım olan məqamlarda əsas məsələlərdə diqqətinizi cəmləyə biləcəksiniz. Hər iki həftədən bir insan daha çox nə haqda düşündüyünə fikir verməlidir.
Müsahibimiz bildirib ki, bütün cəhdlərə baxmayaraq, insan diqqətini cəmləməkdə çətinlik çəkirsə, diqqəti müxtəlif məşqlər edərək gücləndirə bilər. Bu məşqlərdən biri tanıdığın insanı dəqiq təsvir etməyə əsaslanır. Bunun üçün tanıdığınız hansısa insanın gözlərinin, qaşının, kirpiklərinin rəngini dəqiqlikə yada salmağa çalışın. Dəqiqliklə üz, burun, gözlərinin quruluşunu təsvir edin.
Digər bir məşğələni yerinə yetirmək üçün kağızda nöqtə çəkin. 10-30 dəqiqə ərzində kənar heç nə haqda düşünmədən həmin nöqtəyə baxın.
Başqa bir məşqi isə mütləq qaranlıq otaqda keçirmək lazımdır. Bunun üçün gözlərinizi bağlayıb özünüzü mağarada təsəvvür edin. Xəyali olaraq həmin mağaradan işıq görünən yerə qədər çıxmağa çalışın. Bu məşqi yerinə yetirmək üçün 10 dəqiqədən bir saata qədər vaxt lazım ola bilər.
İnsanlarda yadda saxlama, informasiyanı qəbul etmə sürəti də fərqlidir. Əgər çox və sürətli yadda saxlamaq tələb olunursa, ağlımız informasiyanı tez yadda saxlamağa çalışır. Yadda saxlamaq üçün vaxt nə qədər azdırsa, insanın diqqəti bir o qədər güclü olur.
Cia.az


