banner
banner

Hərbİ

Müdafiə naziri Baltikyanı ölkələrə niyə getmişdi?

Müdafiə naziri Baltikyanı ölkələrə niyə getmişdi?

Rusiyanın müstəqil ölkələri hədələməsi ilə Litva və Latviyaya edilən səfərin bir vaxta düşməsinə MN aydınlıq gətirdi

Ötən həftə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Baltikyanı ölkələrə - Litva və Latviyaya səfərləri diqqət çəkdi. Bir tərəfdən bu səfərin NATO-nun iki ölkəsini əhatə etməsi marağa səbəb oldusa, digər tərəfdən Rusiyadan Baltikyanı ölkələrə ünvanlanmış hədə, təhdid bəyanatları ilə eyni vaxta təsadüf etməsi müzakirələrə səbəb oldu.


Xatırladaq ki, elə ötən həftə yayılan xəbərlərə görə, “Vahid Rusiya” Partiyasının üzvü olan bir neçə deputatın baş prokuror Yuri Çaykaya göndərdiyi müraciətdə 1991-ci ildə SSRİ Dövlət Şurası yaradılmasının qeyri-konstitusion olduğu bildirilib. Müraciətdə həmin Dövlət Şurasının qərarı əsasında Baltikyanı ölkələrin (Litva, Latviya və Estoniya) müstəqilliyinin tanınmasının əsassız olduğu vurğulandı və buna etiraz edildi. Hətta o da məlum oldu ki, Rusiyanın Baş Prokurorluğu SSRİ Dövlət Şurasının Baltikyanı respublikaların müstəqilliyinin tanınmasına dair qərarının “vətənə xəyanət” kimi qiymətləndirilməsinə dair müraciəti əsasında araşdırma başladıb. 

Üstəlik, qalmaqallı bəyanatları ilə daim diqqət çəkən V.Jirinovski postsovet ölkələrinin ordularının ləğv olunmasının zəruriliyini iddia etdi. Onun fikrincə, sovetlərin bayrağı altından çıxan ölkələrin müstəqilliyi “qanunsuz” olduğu üçün orduları da “qanunsuz olaraq yaradılıb”. Bu iddiaların fonunda Azərbaycan müdafiə nazirinin Baltikyanıya səfər etməsi təbii ki, fərqli yanaşmaları ortaya çıxarır. Qeyd edək ki, Z.Həsənov Litva səfərində Litva Hərbi Məktəbini ziyarət edib,  NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub.  Nazir iyulun 8-dən Latviya prezidenti vəzifələrinin icrasına başlayacaq hazırkı müdafiə naziri cənab Raymonds Veyonis ilə görüşüb. Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirilib. “Bizim ikitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz mövcuddur. 
 
Müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi qarşılıqlı surətdə silahlı qüvvələrimizin möhkəmlənməsinə kömək edəcəkdir” - deyə general-polkovnik Z.Həsənov bildirib. Cənab R.Veyonis öz növbəsində Latviyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.  Sonra Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu, Azərbaycanla Latviya arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə Latviya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube iştirak edib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif  Dərgahlı nazirin səfərinin Rusiyanın son hədələri ilə əlaqədar olması barədə iddialara cavabında “Yeni Müsavat”a bunları bildirdi: “Müdafiə nazirinin Baltikyanı ölkələrə səfərləri qabaqcadan planlaşdırılmışdı. Bu planlaşdırma xeyli əvvəl olub. Keçirilən görüşlər, məqsəd və məramla bağlı da ətraflı məlumatlar yaymışıq”.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.