Müdafiə Nazirliyi Şınıx bölgəsindən gələn xəbərə reaksiya verdi
Nazim Məmmədov: “Hərbçilər burada da bir neçə post qurub, eyni zamanda müxtəlif yerli vəzifə sahibləri gölün ətrafında müxtəlif iaşə obyektləri tikiblər”
Əslən Gədəbəydən olan keçmiş deputat, iqtisadçı ekspert Nazim Məmmədovun doğma bölgəsindəki bir yas mərasimində iştirakı zamanı yerli sakinlər ondan üzləşdikləri problemlərlə bağlı yardım istəyiblər. Onların iddiasına görə, Ermənistanla sərhəd bölgəsində xidmət aparan hərbçilər Şınıxda sərhəd zolağının minalandığını əsas gətirərək yerli əhalinin əkin - biçənəyindən istifadəni məhdudlaşdırır.
Məqsəd də camaatın pay torpaqlarını başqa rayonlardan gələn qoyun sürüsü sahiblərinə pulla verməkdir. Eyni zamanda sakinlər keçmiş deputatlarına gileyləniblər ki, əsas dolanışıqları əkinçilik və heyvandarlıq olsa da, torpaqlardan istifadə edə bilməmələri səbəbindən aran rayonlarından 2 manat 50 qəpiyə və 3 manata ot bağlaması alırlar ki, son nəticədə də qazanmaq əvəzinə xərcə düşürlər, buna görə də həm dolanışıqlarını, həm məşğulluqlarını itirmiş olurlar.
Nazim Məmmədov moderator.az-a açıqlamasında bildirdi ki, sakinlərin problemlərini dinləməklə kifayətlənməyib və həm hərbçilərlə bağlı məsələni araşdıracağını, lazımi qurumlara çatdıracağını, həm də əhalinin aztəminatlı hissəsinin ehtiyaclarını nəzərə alaraq əkinçiliklə məşğul olan sakinlərin pulsuz toxumla təminatını öz üzərinə götürüb: “Onlara bildirdim ki, bu il cənab prezident tərəfindən ”Kənd təsərrüfatı ili" elan olunub və iri fermer təsərrüfatlarının yaradılmasıyla bağlı müvafiq sərəncam imzalanıb. Mən sakinlərə birləşərək iri fermer təsərrüfatı yaratmalarını təklif etdim və Sahibkarlığa Kömək Milli Fonduna da onların adından xahiş edərək lazımı vəsaitlərin yönəldilməsinə çalışacağıma söz verdim. Eyni zamanda onlara gücüm çatdığı qədər pulsuz toxum almağı da boynuma götürdüm. Məqsədim də əhalini torpağa daha da bağlamaq və onların dolanışığının təmin edilməsinə yardım etməkdir. Bu camaatın başqa məşğuliyyəti yoxdur. Torpaq olmasa, əkin-biçinlə məşğul olmaq imkanı əllərindən alınsa, dolanışıqları acınacaqlı vəziyyətə düşəcək, bu isə çoxsaylı fəsadlara səbəb ola bilər".
Bu kimi halların yerli sakinlərlə hərbçilər arasında xoşagəlməz hadisələrə səbəb olmaması üçün təbii ki, operativ müdaxilə zərurəti var. Müdafiə Nazirliyinin məsələ ilə əlaqədar mövqeyini öyrənmək üçün mətbuat xidmətinin rəisi Vaqif Dərgahlıya müraciət etdik.
Xidmət rəisi “Yeni Müsavat”a bildirdi ki, bu barədə yayılan məlumatlarla tanışdır, ancaq vəziyyətin yazıldığı kimi olduğuna inanmır: “Maraqlıdır, Nazim Məmmədov kənd sakinləri ilə görüşdüyü halda, hərbçilərlə niyə görüşməyib? Əgər kəndlilərin narazılığı varsa, gedib hərbi qulluqçularla da görüşə bilərdi və vəziyyəti daha da aydınlaşdırardı. Ancaq əslində belə bir problem yoxdur. Əgər doğrudan da belə bir problem varsa, rəsmi qaydada müraciət etmək olar. Yəni məsələyə birtərəfli qaydada yanaşmaq düzgün deyil”.
Müdafiə Nazirliyinin mövqeyi ilə əlaqədar hazırda Gədəbəydə olan N.Məmmədovla təkrar əlaqə saxladıq. Dedi ki, hərbçilərlə də görüş planlaşdırır: “Ancaq Başkənd gölünün ətrafında yerli və şəhərdən gələn qonaqların dincəlməsi üçün boş ərazi qalmayıb. Hərbçilər burada da bir neçə post qurub, eyni zamanda müxtəlif yerli vəzifə sahibləri gölün ətrafında müxtəlif iaşə obyektləri tikiblər. Hamısı da qanunsuzdur, çünki bu torpaqların və gölün hüquqi statusu müəyyən olunmayıb. Yerli əhali ilə söhbətlərdən belə məlum olur ki, bu şəraiti də hərbçilər yaradır. Ancaq mən də şəxsən bir neçə il əvvəl 2010-cu ildə Başkənd gölünün çəpərlənməsinin qarşısını ancaq hörmətli Nəcməddin Sadıqova zəng etməklə ala bildim. Bir neçə il burada normal münasibət mövcud idi, heç vaxt bu qədər pərakəndəlik olmamışdı. Görünür, Bakıda çimərlikləri zəbt etmək kimi pis nümunələr Gədəbəyə də gəlib çatıb”.
P.S. Nazim Məmmədov yazı çapa hazırlanarkən təkrar bizimlkə əlaqə saxlayıb bildirdi ki, hərbi hissə komandiri ona telefon açıb və görüşmək istədiyini söyləyib: “Sadəcə axşam saatları olduğu üçün görüş bir gün sonraya təyin olundu. Komandirin telefon danışığından anladığım sadəcə kənd sakinləri bu barədə danışarkən məsələləri bir az şişirdiblər. Əslində əkinsahələri və biçənəklər məsələsində hərbçilərlə kəndlilər arasında elə bir ciddi problem yoxdur. Hər halda komandirlə görüşümüzün nəticəsi barədə sakinlərə və mətbuata əlavə məlumat veriəlcək”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.