banner
banner

Sosİal

Biz sizə necə inanaq?..

Biz sizə necə inanaq?..
Yazar: Seymur Verdizadə

İnsanı göbələkdən fərqləndirən əsas cəhətlərdən biri odur ki, onun ata-anası var, yerdən çıxmayıb. Yəni, bizim hər birimiz hansısa ailənin üzvü, hansısa nəslin davamçısıyıq. Azərbaycan kimi yenicə inkişaf etməkdə olan ölkələrdə qohumluq əlaqələri mühüm rol oynayır. Biz bir-birimizə dəstək olmaqla ayaqda durur, çətinliklə də olsa, fiziki mövcudluğumuzu davam etdiririk.

Qohumlarım üzləşdikləri problemlərin həlli üçün tez-tez mənə müraciət edirlər. Mən onların problemlərini həll edə bilməsəm də, doğru yol göstərir, lazım olan adamlarla əlaqə yaratmalarını təmin edirəm. Amma nəticə həmişə ürəkaçan olmur. Axı bu, mənim əlimdə deyil...

Yaxın qohumlarımdan biri uzun müddətdir ki, kəskin mədə ağrısından əziyyət çəkir. Həkimə getməyə qorxduğu üçün ömrünü türkəçarə ilə uzatmağa çalışır. Ötən gün səhhəti qəfildən ağırlaşdığı üçün məni arayıb, onu yaxşı bir həkimə aparmağımı xahiş etdi. Dərhal Tibb Universitetində çalışan alim dostumun nömrəsini yığdım. Əvvəl hal-əhval tutduq, zarafatlaşdıq. Amma onu məsələdən agah edəndə, səsinin tonu dəyişdi: “Həyat yoldaşımın səhhətində problem var. Yazıq arvad iki həftədir ağzına bir tikə qoya bilmir. Onu İrana müalicəyə aparıram. Beş-altı gün sonra geri qayıdacağam. Qohumuna de ki, noşpadan-zaddan atıb, başını qatsın. Bakıya qayıdan kimi onun dərdinə əlac edəcəm”.

Azərbaycanda səhiyyə sisteminin çökmək üzrə olduğunu bilirdim. Amma vəziyyətin bu qədər acınacaqlı olduğunu təsəvvür etmirdim. Doğrudan da dəhşətli mənzərədir: iki həftədən bəri canı ilə əlləşən qadın öz həyatını həkim işləyən ərinə etibar etmir...

Hələ bu hamısı deyil. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında təhsil alan gənclərdən biri üç-dörd gün əvvəl sosial şəbəkə vasitəsilə məndən ona ixtisasına uyğun dərslik göndərməyi xahiş etdi. Gənc nəslin qayğısına qalmağı özümə borc bildiyim üçün bu dəfə Bakı Dövlət Universitetində çalışan alim dostumu aradım. Yaxşı alim, ən əsası isə yaxşı adam olduğu üçün Qazaxda oxuyan tələbələri zəruri dərsliklə təmin etməyə razılıq verdi. Əvvəl təşəkkür etdim, sonra isə nə vaxt görüşə biləcəyimizi soruşdum. Cavabı belə oldu: “Oğlum Kastamonu Universitetində oxuyur. Ona baş çəkmək üçün sabah Türkiyəyə gedəcəyəm. Bakıya bir həftə sonra qayıdacağam. Narahat olma, neçə kitab lazımdırsa, hamısını verəcəyəm”.

Universiteti qardaş ölkədə oxuduğum üçün Türkiyənin təhsil sisteminə az-çox bələdəm. Ədalət naminə deyək ki, Bakı Dövlət Universitetində təhsilin səviyyəsi Kastamonu Universiteti ilə müqayisədə bir neçə dəfə yüksəkdir. Amma alim dostum özünə və müəllim həmkarlarına güvənmədiyi üçün oğlunun bir əsrə yaxın yaşı olan BDU-da deyil, Türkiyənin ikinci dərəcəli universitetində oxumasına razı olur.

Həkim və müəllim dostlarım hər fürsətdə giley-güzar edirlər ki, sadə insanlar onlara inanmır. Məncə, burda təəccüblü, qeyri-adi heç nə yoxdur. Əgər canı ilə əlləşən xəstə qadın öz həyatını 40 illik ərinə etibar etmirsə, oğul alim atasının çalışdığı universitetdə təhsil almaq istəmirsə, biz sizə necə inanaq?..



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Anormal istilər gəlir — 12:00-dan 16:00-a qədər çölə çıxmayın!

Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər — AÇIQLAMA

Avropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər?

Pensiyaya çıxan vətəndaşlara VACİB AÇIQLAMA

Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar.