banner
banner

Hərbİ

Bir il öncəki “3 günlük müharibə”nin əsas dərsi

Bir il öncəki “3 günlük müharibə”nin əsas dərsi

Azərbaycan ərazilərinin işğalda qalması regiona getdikcə daha böyük risklər vəd edir; Qərbin işğalçı Ermənistana yönəlik “məxməri inqilab” planlarının Qarabağla bağlı pərdəarxası; ABŞ-la Rusiyanın birgə hərəkətə keçməsinin vaxtı çatmadımı? 

Bu günlər həm də Ermənistan-Azərbaycan təmas xəttində ötən il baş vermiş və “üç günlük müharibə” kimi yadda qalan hərbi eskalasiyanın ildönümü kimi anılır. O zaman “3 günlük” müharibə və onun motivləri ilə bağlı ən müxtəlif versiyalar səslənmişdi. Ortada hətta belə bir iddia da var idi ki, vəziyyətin gərginləşməsində ABŞ da maraqlı ola bilərdi, çünki cəbhədəki lokal hərbi uğursuzluq Ermənistanda daxili ictimai-siyasi durumu qarışdırmaqla “rəngli inqilab”a rəvac verməli, ardınca isə Ermənistanın Rusiyadan qopmasını təmin eləməli idi.

Bununla belə, əsas şübhələr Rusiyanın üzərində qaldı. Aparıcı motiv də bu idi ki, ABŞ uzaqda, Rusiya isə lap yaxındadır və onun Qarabağ kartı ilə manipulyasiya imkanları indiki kimi, o vaxt da ciddi olub. Rəsmi Moskva, prezident Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyanın avqust Soçi görüşünü təşkil edib gərginliyi aradan qaldırmaqla əslində bu qənaəti möhkəmlətdi.

***
“3 günlük müharibə”nin ən böyük dərsi isə sözsüz ki, bu idi: status-kvonun, Qarabağ probleminin həllinin illərlə uzanması yolverilməzdir və bu, münaqişə tərəfləri ilə yanaşı, vasitəçi dövlətlər, region, qlobal təhlükəsizlik sistemi üçün böyük təhlükə kəsb edir. Odur ki, bir an öncə məsələni on illərdir qaldığı yerdən irəli aparmaq zərurəti var.
 
Bu missiya isə ilk növbədə konfliktin həllinə töhfə vermək imkanı olan güclərin, öncəliklə Rusiya və ABŞ-ın üzərinə düşür. İranın nüvə proqramı ilə bağlı uğurlu formatda əməkdaşlıq edən Moskva və Vaşinqton siyasi iradə göstərərsə, Dağlıq Qarabağ problemi ətrafında da konsensusun əldə olunması mümkündür. 
 
 
Doğrudur, son vaxtlar Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ətrafında 7 rayonun boşaldılması söhbətləri intensivləşib. Optimistlərin nəzərincə, Rusiya Azərbaycanı Avrasiya layihələrinə həvəsləndirmək, onu Qərbə yaxınlaşdırmaqdan çəkindirmək variantını gündəmə gətirə bilər. 
 
Lakin hələ ki bu, sırf ekspertlərin və bəzi rusiyalı deputatların dilindən səslənən ehtimallar, xoş məram nümunələridir, rəsmi şəkildə isə Kreml bu haqda yeni heç nə söyləməyib - əgər son olaraq xarici işlər naziri Sergey Lavrovun Elmar Məmmədyarovla Moskva görüşündə söylədiyi “Qarabağ danışıqlarını intensivləşdirməyin vaxtı çatıb” sözləri nəzərə alınmazsa.
***
Münaqişənin həllində irəliləyiş sözsüz ki, həm də Ermənistanda demokratik, Qarabağ klanına bağlı olmayan bir qüvvənin iqtidara gəlməsindən keçir. Əslində ötən ilin “3 günlük” müharibəsində Qərbin Ermənistanda “məxməri inqilab”la bağlı güddüyü deyilən, son zamanlar təzədən qayıdılan hədəf (İrəvanda kütləvi itaətsizlik aksiyaları) elə buna hesablanıb.    
 
“Lakin bu dəfə Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasında təkcə Amerika yox, Rusiya faktoru da işə düşəcək”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 
 
 
Son günlərin aktual mövzusu olan Ermənistanda hakimiyyət dəyişikliyinin artıq yaxın olmasını bildirən politoloq bir çox başqa məqamlara da toxunub: “Ermənistan müxalifəti dəfələrlə bəyan edib ki, onların bir məqsədi var, o da Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılmasıdır. Hətta bununla bağlı konkret faktlar irəli sürülüb. Düzdür, bu faktlar hələ açıqlanmasa da, hazırkı hakimiyyət artıq hədəfdədir. Ancaq bu dəfə Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasında təkcə Amerika yox, Rusiya faktoru da işə düşəcək.
 
 Moskva Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaqla Ermənistan -Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinə yeni ab-hava gətirmək istəyir. Rusiya belə hesab edir ki, Dağlıq Qarabağ hüdudlarından kənarda 7 rayonun Azərbaycana qaytarılması Ermənistan ətrafında yaradılmış blokadanı aradan götürməklə yanaşı, Türkiyə ilə sərhədlərin açılmasına, diplomatik münasibətlərin yaranmasına və Ermənistanın normal inkişafına şərait  yarada bilər. Üstəlik, Rusiya bu məsələdə Azərbaycan və Türkiyə ilə bəzi strateji niyyətlərini də həyata keçirə bilər. Son günlər Rusiyada bu barədə səslənən fikirlər əslində doğrudur. Ermənistanda hakimiyyət dəyişikliyi sözün əsl mənasında Cənubi Qafqazda münasibətlərin inkişafında yenilənməyə və xeyli dəyişikliklərə səbəb olacaq. Bu nöqteyi-nəzərdən də Sərkisyanın getməsi artıq kifayət qədər real görünür”.
 
Politoloqun sözlərinə görə, qərbyönlü birinin Ermənistanda hakimiyyətə gəlməsi ilə bağlı rus mətbuatında dolaşan məlumatlar əslində məqsədyönlü şəkildə dövriyyəyə buraxılıb: “Bu, Moskva tərəfindən bilərəkdən edilir. Çünki bunun arxasında da bəlli məqsədlər var. Hazırkı geosiyasi şəraitdə Sərkisyanın getməsi Moskvaya sərf edir. Çox güman ki, Kremldə bu məsələ ilə bağlı işlər gedir və hətta Moskvanın bu istiqamətdə bir deyil, bir neçə variantı işə salması istisna deyil”.
 
***
Rusiyada Sərkisyanla bağlı hansı ssenarinin cızılmasından asılı olmayaraq, bir şey bu gün kimi aydındır: Azərbaycan ərazilərinin, Dağlıq Qarabağın işğalda qalmaqda davam eləməsi təkcə münaqişə tərəflərinə deyil, ümumən regiona, Qərbin və Rusiyanın burdakı köklü maraqlarına getdikcə daha böyük təhlükələr və risklər vəd edir. ABŞ-la Rusiyanın hərəkətə keçməsinin vaxtı həm də bu səbəbə  çatıb.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.