banner
banner

Sosİal

Çal-çağırlı soyqırım…

Çal-çağırlı soyqırım…
Avqustun 8-də Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq sarayında keçirilən toy mərasimində 88 nəfər qidadan zəhərlənib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən jurnalistlərə verilən məlumata görə, zəhərlənən şəxslərdən 15-i uşaqdır. Müraciət edənlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər. Onlara müvafiq tibbi yardım göstərilib. Xəstəxanada isə 31 nəfər palatalarda müayinə edilir.
 
“Ərzaqların saxlanması və hazırlanmasında kobud qayda pozuntusuna yer verilib”

Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bu barədə açıqlamasında bildirib ki, aparılan araşdırmalar zamanı şadlıq sarayında ərzaqların saxlanması və hazırlanmasında kobud qayda pozuntusuna yer verilib: "Hadisə də elə bu səbəbdən baş verib. Elə məhz buna görə də şadlıq sarayı bağlanıb”. 
 
İ. Abdullayevin sözlərinə görə, şadlıq sarayında gigiyena qaydalarına riayət edilməyə tam başlandıqdan və Gigiyena Mərkəzi tərəfindən dezinfeksiya tədbirləri həyata keçirildikdən sonra bərpası yenidən həyata keçirilə bilər. Hadisə ilə əlaqədar Binəqədi Gigiyena İdarəsi artıq Binəqədi prokurorluğuna müraciət edib. Hadisəyə hüquqi qiymət prokurorluğun hadisədə “inzibati”, yaxud “cinayət” nöqsanı olduğunu dəqiqləşdirdikdən sonra məlum olacaq. "Ancaq şadlıq sarayı bütün bu tədbirlər bitənədək bağlı qalacaq" - deyə şöbə müdiri əlavə edib.
 
Dövlət standartları
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 746-2012 “Şadlıq saraylarının təsnifatı və ümumi qaydalar” dövlət standartına dəyişiklik edilib. Komitədən “APA-Economics”ə verilən məlumata görə, dəyişikliyə əsasən mətbəxdə qabların yuyulması iki üsulla - əl və qabyuyan maşınlar vasitəsilə aparılmalıdır. Qablar əl ilə yuyularkən müəssisə iri mətbəx qazanları və avadanlıqların yuyulması üçün üç bölümlü, şüşə qablar və mətbəx dəstlərinin yuyulması üçün iki bölümlü vannalarla təmin olunmalıdır. Təmiz mətbəx qabları və avadanlıqların alt hissəsi döşəmədən ən azı 50-70 sm hündürdə olan rəflərdə, təmiz mətbəx dəstləri zalda xüsusi şkaflarda, təmiz boşqablar isə bağlı şkaflarda və ya rəflərdə saxlanmalıdır. Onların məcməyidə səpələnmiş vəziyyətdə saxlanmasına icazə verilmir.
 
Standarta digər dəyişiklik hazırlanan yeməklərin realizasiyası və saxlanması ilə bağlıdır. Belə ki, “İsveç masası” xidmət növündə təqdim olunan marmitdə, sobada qızdırılan qablarda olan isti yeməklər ən çoxu üç saat ərzində, soyudulmuş hazır soyuq yeməklər isə bir saat ərzində realizə edilməlidir və realizasiya zamanı isti yeməklərin temperaturu 750C-dən aşağı, soyuq yeməklər və içkilərin temperaturu isə 140C-dən yuxarı olmamalıdır. Həmçinin, salatların inqrediyentləri qatışdırılmamış vəziyyətdə 2-6 dərəcədə 6 saatdan çox saxlanılmamalıdır, qatışdırıldıqdan sonra dərhal stola verilməlidir. 
 
Yeməklərin istehsalı zamanı istifadə olunan ərzaq xammallarında və ərzaq məhsullarında insan sağlamlığına potensial təhlükəli olan kimyəvi və bioloji maddələr normativ-hüquqi sənədlərdə müəyyən edilmiş normadan artıq olmamalıdır. Tətbiq edilən digər dəyişikliyə əsasən, ictimai iaşə müəssisələrində  kulinariya məhsulları hazırlanarkən baytarlıq ştampı (möhürü) və şəhadətnaməsi olmayan bütün növ kənd təsərrüfatı heyvanlarının ətindən, quş əti və quş yumurtasından, ördək və qaz yumurtalarından, hermetikliyi pozulmuş, şişmiş konservlərdən, anbar zərərvericiləri ilə yoluxmuş qarabaşaq, un, düyü, quru meyvələrdən, qurdlu və əzilmiş təzə göbələklərdən, istifadə müddəti başa çatmış və ya başa çatmaq üzrə olan, xüsusilə tez xarab olan məhsullardan və s. istifadə etmək qadağandır.
 
Dəyişikliklər sentyabrın 1-dən tətbiq olunacaq
 
Həmçinin, məhsulların soyuducuda saxlanılması zamanı müəyyən qaydalara riayət olunmalıdır. Belə ki, yeni qaydalara əsasən ətin saxlandığı soyuducu kameralar asan yuyula bilən gigiyenik örtüklü rəflərlə təmin olunmalıdır. Soyudulmuş ət cəmdəkləri, yarımcəmdəklər və dörddə bir cəmdəklər bir-birinə, döşəməyə və divara toxunmamaq şərti ilə qarmaqlardan asılmış vəziyyətdə, həmçinin, xama, kəsmik, mayonez və s. ağartı məhsulları ağzı qapaqla yaxşı bağlanan qablarda, kolbasalar isə qarmaqlardan asılmış vəziyyətdə saxlanmalıdır.
 
Personalın şəxsi gigiyenik qaydalarına da dəyişiklik edilib. Belə ki, personal üst geyimlərini və şəxsi əşyalarını qarderobda saxlamalı, işə başlamazdan əvvəl əllərini təmiz yumalı, təmiz xalat və əlcək geyinməli, başlarını örtməli və saçlarını diqqətlə örtüyün altına yığmalıdır. Həmçinin əllərində irinli sızanaqlar, kəsiyi, yanığı olan, yuxarı nəfəs yolları epidemiyalı xəstələr bu sahələrdə işə buraxılmamalıdır. Dəyişikliklər sentyabrın 1-dən tətbiq olunacaq.
 
“Azərbaycan istehlakçıları təqribi zəhərlənmənin qurbanlarıdırlar”
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bizim Yol”a açıqlamasında bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasında Azərbaycandakı zəhərlənmələr 250 dəfə az göstərilir. Ümumiyyətlə Azərbaycanda zəhərlənmələrin qeydə alınması proseduru istehlakçının zərərinədir: “Səbəbi budur ki, hər bir şeyə, o cümlədən istifadə etdiyimiz telefona Səhiyyə Nazirliyi sertifikat verir. Mən hələ görməmişəm ki, kütləvi istehsal malının adı çəkilsin. Mütləq və mütləq istehlakçı, saxlayan günahkardır. Malın adı çəkilməz. 20 ildə bir dəfə də olsun görməmişəm ki, zəhərlənən adama kütləvi istehlak malının zavodu və ya firması kompensasiya versin. Səbəb də odur ki, hər bir şeyə Səhiyyə Nazirliyi gigiyenik sertifikat verir. Əgər zəhərlənmədə malın adı çəkilərsə, onda istehsalçı şirkət Səhiyyə Nazirliyinin verdiyi sertifikatı gətirib masanın üstünə qoyar. Nə qədər zəhərlənmənin qeydiyyatını aparan orqanla sertifikat verən orqan bir əldədir, Azərbaycan istehlakçıları təqribi zəhərlənmənin qurbanlarıdırlar”.
 
“Səhiyyə Nazirliyi ölüm statistikasını gizlədir”

E.Hüseynov qeyd edir ki, ABŞ əhalisinin sayı 318 milyon nəfərdir və bir ildə 76 milyon qida zəhərlənməsi baş verir: “Hər 100 min əhaliyə 26 min zəhərlənmə düşür. Və burda 5000 ölüm hadisəsi qeydə alınır. Azərbaycanda isə ölümün statistikası ildə 1 nəfər göstərilir. Fransanın əhalisi 63 milyon 937 min nəfərdir. Bir ildə 750 min zəhərlənmə qeydə alınıb. Hər 100 min nəfərə 1210 nəfər zəhərlənmə düşür və 400 ölüm qeydə alınır. Azərbaycanda isə ölüm təxminən 1-2 nəfərdən yuxarı qalxmır. Səhiyyə Nazirliyi ölüm statistikasını gizlədir. Bunun da səbəbi qeyd etdiyim kimi zəhərlənmənin statistikasının aparılmaması və o xəstənin qəbul olunması prosedurunun aparılmamasıdır. İnsan zəhərlənən kimi Azad İstehlakçılar Birliyinə müraciət etmir, səhiyyə orqanına müraciət edir. Səhiyyə orqanına gələn insanın isə çatan kimi mədəsi yuyulur. Artıq material, sübut itdi. Bundan sonra kim sübut edə bilər ki, şəxs nədən zəhərlənmişdi? Əlbəttə bu sahədə böyük problemlər yaşanır. Buradakı ciddi məsələlərdən biri istehlakçı hüquqlarının zəif olması, qanunvericiliyin zəif olmasıdır”.
 
6 ayda 331 qida zəhərlənməsi
 
“Azərbaycanda qida zəhərlənmələrinin sayında əhəmiyyətli azalma var. Belə ki, bu ilin 6 ayı ərzində ölkə ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Halbuki keçən ilin müvafiq dövründə 521 hadisə baş vermişdi. Beləliklə, bu, 2015-ci ilin ilk yarımilində qida zəhərlənməsi hadisələrinin ötən ilin yanvar-iyun aylarına nisbətən 36,5 faiz azaldığını göstərir”. 
 
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda o da bildirilir ki, qida zəhərlənməsi hadisələrindən bu ilin birinci yarısında 418 nəfər zərər çəkib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 577 nəfər olub. Beləliklə, zərəçəkənlərin də sayında 27,7% azalma var.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.