banner
banner

Hərbİ

Azərbaycan-Türkiyə təlimlərinə Moskva erməni təxribatları ilə cavab verir

Azərbaycan-Türkiyə təlimlərinə Moskva erməni təxribatları ilə cavab verir
Dağlıq Qarabağ münaqişəsi zonasında və Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib, hər iki tərəfdən itkilər var. Ermənilər adəti üzrə Azərbaycanı atəşkəsi pozmaqda, getdikcə daha iriçaplı silahlar və toplardan istifadə eləməkdə suçlasa da, faktlar düşmənin özünün əleyhinədir.
 
Diqqəti ilk növbədə qarşıdurmaların Azərbaycanla Türkiyənin hərbi-hava qüvvələrini birgə keçirdiyi növbəti hərbi təlimlərə təsadüf eləməsi çəkir.
 
Azərbaycanla Türkiyənin vaxtaşırı ortaq güc nümayiş etdirməsi, bütövlükdə Bakı ilə Ankaranın hərbi-strateji sahələrdə əməkdaşlığının getdikcə genişlənməsi isə sözsüz ki, İrəvanla bərabər Moskvanı da həmişə qıcıqlandırıb. Bu xüsusda təmas xəttindəki son konfrontasiyalarda yenə şimal qonşumuzun barmağını axtarmaq üçün əsaslar var.
Belə qənaət hasil olur ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinə Rusiya bu dəfə də erməni təxribatları ilə cavab verməyə çalışıb. Bu ehtimalı gücləndirən amillərdən biri də odur ki, Azərbaycan artıq parlament seçkiləri qədəm qoyub və ən azından qarşıdakı iki ayda atəşkəs rejiminin qorunub saxlanmasında hamıdan çox maraqlı görünür.
 
Bölgənin daim qarşıdurma, müharibə təhdidləri altında yaşaması isə ən çox Kremlə əl verir. Birinci ona görə ki, o halda Qarabağ konfliktinin dinc yollarla həll imkanları daha əlçatmaz olur. İkincisi isə konfrontasiyalar Rusiyanın bölgədə meydan sulaması, regiona hətta yeni hərbi müdaxilələr üçün münbit zəmin yaranmasına xidmət edir.
 
Heç sübhə yox ki, son vaxtlar Rusiyanın Ermənistanda (Gümrüdə), işğal edilmiş Abxaziya və Cənubi Osetiyada öz hərbi mövcudluğunu gücləndirməsi, öz nəzarətində olan ərazilərdə hərbi təlim və manevrlərini intensivləşdirməsi məhz deyilən hədəflərlə bağlıdır.
***
Təsadüfi deyil ki, bütün təmas xətti boyu vəziyyətin gərginləşdiyi, hər iki tərəfdən itkilərlə müşayiət olunan mövqe döyüşlərinin getdiyi, Türkiyə-Azərbaycan birgə təlimlərinin təzəcə başa çatdığı vaxtda Ermənistanda “İldırım-2015" kod adı altında komanda-qərargah təlimləri başlayıb (virtualaz.org). Özü də təlimlərin başlaması qəfil xarakter daşıyıb və erməni əhalisi arasında təşviş yaradıb. Çünki Ermənistanın Azərbaycanla sərhəd rayonlarından əhalinin kütləvi evakuasiyasına hazırlıq başladığından ermənilər irimiqyaslı müharibənin yaxınlaşmasından qorxuya düşüblər.
 
 
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovannisyan əhalini sakitləşdirmək üçün kütləvi evakuasiya hazırlıqlarının hərbi təlimlərin ssenarisinə daxil olduğunu açıqlayıb. Ovanisyan deyib ki, hərbi təlimlər “planlaşdırılmış xarakter” daşıyır və sentaybrın 6-nadək davam edəcək. Onun sözlərinə görə, təlimlərin gedişində bütün dövlət strukturlarının işinin koordinasiya olunması da sınaqdan keçiriləcək. Bununla da dövlət strukturlarının mümkün hərbi əməliyyatlara hazırlığı yüksəldiləcək.
 
Ermənistan Müdafiə Nazirliyi rəsmisinin bildirdiyinə görə bu məqsədlə Tavuş vilayətində müvafiq böyük təlim bazası yaradılacaq, gecələmək üçün xüsusi zonalar ayrılacaq və evakuasiya zonaları müəyyən ediləcək. “Yəni ona hazırlıq görülür ki, müharibə olsa, əhali necə evakuasiya olunacaq”, - deyə Ovanisyan qeyd edib.
 
 
Mətbuat katibinin dediyinə görə, əhalinin kütləvi evakuasiyası Azərbaycanla həmsərhəd digər rayonlarda sınaqdan keçiriləcək, xüsusi ərazilər isə uşaq bağçalarında və istirahət evlərində yerləşəcək. Təlimlərin ssenarisi isə açıqlanmır. Ovanisyan digər detalların da qapalı olduğunu deyib. Digər məlumata görə, İrəvanda prezident Serj Sərkisyan Təhlükəsizlik Şurasının iclasını keçirib və bu iclas da hərbi təlimlər çərçivəsindədir.
***
Ermənistanda başlayan komanda-qərargah təlimlərinin elementlərindən də göründüyü kimi, işğalçı ölkə mümkün irimiqyaslı hərbi əməliyyatların başlaması ehtimalından narahatdır. Eyni zamanda nəzərə alır ki, savaş başlasa, hərbi əməliyyatlar Ermənistan ərazisinə də keçə, ən azından Azərbaycanla sərhəd bölgələri Azərbaycanın uzaqvuran artilleriyasının və reaktiv yaylım atəşi sistemlərinin birbaşa hədəfi ola bilər.
 
 
Əlbəttə ki, Rusiyanın, QRU-nun tam nəzarətində olan Ermənistan heç vaxt özbaşına, yaxud Moskvanın izni olmadan belə miqyaslı təlimlər keçirmir. Azərbaycanla sərhəddəki təlimlər üstəlik, erməni toplumunu müharibə ilə təhdid eləməyə hesablanıb ki, bu da Kremlin Cənubi Qafqazla bağlı cari və perspektiv maraqlarına bütünlüklə cavab verir.
 
Onu da qeyd edək ki, növbəti təlimlər də daxil, son erməni təxribatları Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri, Azərbaycan-Türkiyə hərbi təlimləri və Ermənistan prezidenti Serj Sərksiyanın Xankəndinə gəlişi ilə zaman etibarilə üst-üstə düşüb ki, bu da təsadüfə az oxşayır. Lakin əksər analitiklər bu hadisələr arasında bağlılıq görsə də, rusiyalı siyasi ekspertlər məsələyə ənənəvi olaraq bir qədər fərqli kontekstdən yanaşırlar.
 
 
***
“Azərbaycan-Ermənistan münaqişə zonasında gərginlik permanent xarakter daşıyır və artıq bir ildir ki, davam edir”. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə bunu rusiyalı tanınmış politoloq Vadim Dubnov son günlər təmas xəttində artan hərbi qarşıdurmaları şərh edərkən bildirib.
 
Politoloq son eskalasiya faktları ilə hazırlanan növbəti Əliyev-Sərkisyan görüşü və ya Rusiya xaric işlər nazirinin Bakı səfəri arasında əlaqə görmədiyini deyib: “Analoji vəziyyəti iyulun sonlarında da müşahidə eləmişdik, o zaman isə nə Nyu-York görüşünə hazırlıq gedirdi, nə də Lavrovun Bakı səfəri olmuşdu”.
 
“Kəskinləşmə qrafiklərinə diqqət etsək görərik ki, qarşıdurmalar nə siyasi, nə də idman hadisələri ilə birbaşa asılılıqda deyil” - deyib Dubnov. Onun sözlərinə görə, müharibənin qızışma ehtimalı həmişə var, ancaq əsas odur ki, onu şişirtmək və xüsusi dramatikləşdirmək lazım deyil: “Hələ ki müharibə ehtimalı zəifdir, çünki geniş hərbi əməliyyatlar tərəflərin heç birinin maraqlarına daxil deyil”.
 
***
Lakin bu ilk baxışda elədir. Yaxın tarixin, Gürcüstanın acı təcrübəsi göstərdi ki, bunu birmənalı olaraq Rusiya haqda söyləmək çətindir. Çünki Moskva həmişə “bulanıq suda balıq tutmaq” üçün fürsət axtarıb, belə bir fürsəti tapmadıqda isə onu özü yaratmağa çalışıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.