banner
banner

Sosİal

Hər min uşaqdan 52-si beş yaşına çatmır…

Hər min uşaqdan 52-si beş yaşına çatmır…
Dünya Səhiyyə Təşkilatının və UNİCEF-in yenicə açıqlanmış hesabatına görə, 1990-cı illərdən bəri bütün dünya üzrə uşaq ölümlərinin sayı 50 faiz azalıb. Hesabatda deyilir ki, 25 il əvvəl 5 yaşından aşağı uşaqlar arasında ölüm hallarının sayı 12, 7 milyon idisə, bu il bu rəqəmin 6 milyondan az olacağı gözlənilir.
Ermənistanda hər min nəfərə 18, Gürcüstanda 15, Azərbaycanda isə 52 uşaq ölümü qeydə alınıb. Azərbaycanda da 1990-cı illə müqayisədə hər min nəfərə düşən uşaq ölümü hallarının sayı yarıbayarı azalaraq 105-dən 52-yə düşüb, lakin bu, Cənubi Qafqazda ən pis göstəricidir. Azərbaycanın reytinq cədvəlindəki yeri 32-dirsə, Ermənistan (Qazaxıstan da) 14, Gürcüstan isə 12-ci yerdədir. Ermənistanda indi hər min nəfərə 18, Gürcüstanda isə 15 uşaq ölümü qeydə alınıb. Azərbaycandan fərqli olaraq Gürcüstan və Ermənistan 2015-ci il üçün BMT-nin hədəfini vura bilib.
Azərbaycanın minillik hədəfə 2030-cu ildə çatacağı gözlənilir. Bu hədəf hər 1000 doğuşdan 32 və daha az ölüm deməkdir.
 
Uşaq ölümlərinə görə keçmiş sovet respublikalarından yalnız Tacikistan (72), Türkmənistan (95) və Özbəkistan (80) Azərbaycandan irəlidədir. Neftlə zəngin Anqolada 5 yaşından aşağı hər min uşaqdan 254-ü dünyasını dəyişir. Bu, planet üzrə ən pis göstəricidir. Azərbaycan və Türkmənistan kimi Anqolaya da neft sərvətləri kömək edə bilməyib. Bu, planet üzrə ən pis göstəricidir. 
 
Uşaq ölümünün ən az baş verdiyi ölkələr Şimali və Qərbi Avropadadır. Bunlar Lüksemburq, İslandiya, Finlandiya və Norveçdir. Bu ölkələrdə hər min uşaqdan ölənlərin sayı 3-dən azdır.
Rusiyada 5 yaşından aşağı olanlar arasında hər min nəfərə 11 uşaq ölümü düşür. Bütün dünyada uşaq ölümlərinin sayı azalsa da, BMT-nin uşaq ölümünün ixtisarı hədəfi yerinə yetirilməyib. Bu hədəf 1990-2015-ci illər arasında uşaq ölümlərinin 3-də iki qədər azalmasını nəzərdə tuturdu. Hesabatda deyilir ki, hazırda hər gün 5 yaşdan kiçik olan 16 min uşaq dünyasını dəyişir.
Hesabatda 5 yaşdan balaca uşaqların ölüm səbəbləri kimi erkən doğuş, hamiləlik və ya doğuşdan sonra meydana çıxan fəsadlar, həyat üçün təhlükəli virusların yaranması göstərilir. Ölüm faktının yarısı isə kifayət qədər qidalanmamaqdan olur.
 
Hesabatda qeyd edilir ki, uşaq ölümlərinin 45 faizi dünyaya gəldikləri ilk 28 gündə baş tutur. 1 milyona yaxın uşaq isə dünyaya ilk göz açdığı gün ölür.
 
UNİSEF-in icraçı direktor köməkçisi Gita Rao Qupta qeyd edib ki, 2000-ci ildən bəri 5 yaşdan kiçik uşaqların ölümü bir çox ölkədə azalsa da, amma hələ çox uşaq qarşısı alınması mümkün olan səbəblərdən yenə də ölür.
 
Hesabata görə, ən çox uşaq ölümü Cənubi Afrika və Cənubi Asiyada müşahidə edilir. Məsələn, Anqolada doğulan hər 1000 uşaqdan 157-si ölür. Almaniyada isə bu rəqəm hər 1000 uşağa 4 nəfərdir. Ümumi olaraq hesabatda 81 yoxsul ölkədən 24-də uşaq ölümlərində azalmalara nail olunduğu qeyd edilib. Bu ölkələr arasında Efiopiya, Banqladeş, Kamboca və Uqanda kimi əhalisi çox və yoxsul ölkələr yer alır.
 
Nazir Quliyev: "Standartlar fərqlidir" 

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev Bizimyol.info-ya açıqlamasında bildirdi ki, hesabatda ilkin məsələ standartlarla bağlıdır. Azərbaycanda Dünya Səhiyyə Təşkilatının standartları qəbul olunmayıb: "Çünki Azərbaycanda yalnız uşağın dünyaya gəlməsi və ondan sonra 48 saat qalsa, bundan sonrası ölüm sayılır. Ümumdünya Səhiyyə Təşkilatında bu müddət çox qısadır. Bu baxımdan fərqlər var. BMT-nin 2005-2015-ci illərdə dünyada uşaq ölümlərinin azalması ilə bağlı fəaliyyət planı vardı. Cənubi Qafqaz dedikdə biz bir məsələyə də diqqət etməliyik ki, Ermənistan, ya Gürcüstan əhalisinin sayı demək olar ki, bizim əhalinin yarısı qədərdir. Doğuş nə qədər çox olursa, təbii olaraq ona paralel ölüm də çox olur. Burda adambaşına düşən saya baxmaq lazımdır. Ola bilsin ki, Azərbaycanda 100 uşaq dünyaya gəlir və burda 5 ölüm faktı varsa, Gürcüstanda 30 uşaq dünyaya gəlir və bir ölüm faktı qeyd alınır. Burda artıq uşaq ölümünün sayının çox olduğunu demək olmur".
 
N.Quliyev deyir ki, beynəlxalq standartlar, uşaq hüquqları baxımından narahatçılıq doğuran məsələ Azərbaycanda qohum nikahlarının olması, vaxtında insanların tibbi xidmətlərə maraqlı olmaması, hamiləlik vaxtı qadınların həkimlərə müraciət etməməsi, doğuşdan sonra uşaqları peyvəndə aparmamasıdır: "Bir çox hallarda insanlar bunlara maraqlı deyillər. Ancaq təcrübələr göstərir ki, xüsusən uşaqlar ana bətnində olarkən və dünyaya gələrkən onların tibbi xidmətlərə çıxışı çox önəmlidir".
 
Adil Qeybulla:  "Bu cür müqayisənin əleyhinəyəm"

Həkim Adil Qeybulla isə deyir ki, ilk növbədə Azərbaycanda əhalinin artımı çoxdur. İkinci, Azərbaycan sayı Ermənistan əhalisi ilə müqayisə oluna bilməz: "Digər tərəfdən ölkə əhalisinin böyük bir qismi məburi köçkün vəziyyətindədir. Bütün bunlar səhiyyənin bu məsələyə bir sistem şəklində nəzarətinin qarşısını alır. Eyni zamanda mentalitetə bağlı məsələlər də var. Siz diqqət etsəniz görərsiniz ki, bizim hamilə qadınlar həkimə yalnız doğuş yaxınlaşan zaman müraciət edirlər. Böyük əksəriyyəti hamiləlik vaxtı heç bir dəfə də olsun ultrasəs müayinəsindən keçmir. Yəni təcrübə göstərir ki, bu cür hamiləliklərin böyük əksəriyyəti patoloji keçir. Normal fizioloji parametrlərlə keçən hamiləliyə çox az rast gəlinir. Bütün bunlar hamısı doğuş vaxtı çox ciddi risk yaradır. Xəstələr də vaxtında müraciət etmədikdə bu risk dah da artır. Çünki təzyiqi yüksək olan, böyrək problemi, infeksiyaları və başqa xəstəlikləri olan xəstələrin birdən-birə hamilə qalması, həkim nəzarətindən uzaq olması hamiləlik vaxtı müəyyən fəsadları yetişdirir və potensial fəsadlar isə doğuş vaxtı reallaşır".
 
A.Qeybulla bunun nəticəsinin uşaq və ana ölümlərinin sayının artmasına gətirib çıxardığını deyir. Bununla belə o, hesabatda təqdim olunan müqayisənin əleyhinə olduğunu bildirir: "Hesab edirəm ki, adambaşına düşən, əhali sayının nisbəti və s. faktorlar nəzərə alınsa daha yaxşı olar".
 
Səhiyyə Nazirliyi başqa rəqəmlər təqdim edir 

Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir ki, ötən il "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında" 2014-2020-ci illəri əhatə edən dövlət proqramı qəbul edilib. Ötən il doğum göstəricisi əhalinin hər min nəfərinə 18,3, ölüm isə 5,8 təşkil edib. Təbii artım 12,5 olub ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir: "Ötən il uşaqların 90 faizi müayinə edilib. Tibbi müayinədən keçirilmiş uşaqların 3,4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyatına götürülüb, 5,1 faizi isə müalicə tədbirlərinə cəlb edilib. Bu ildən diridoğulmanın beynəlxalq meyarlarının tətbiqinə başlanılıb".
 
Nazirlikdən qeyd ediblər ki, ötən il körpə ölümü göstəricisi 10,2 promilli olub. Halbuki bu rəqəm 2009-cu ildə 11,3 promilli idi. Ana ölümü əmsalı isə hər 1000 diri doğulmaya qarşı 14,5-ə bərabər olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.