Yanan binanın sakinlərindən prezidentə yeni müraciət
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanmış 16 mərtəbəli binanın zərərçəkən sakinləri ölkə Prezidentinə müraciət ediblər. Sakinlər adından musavat.com-a göndərilən müraciətdə bildirilir ki, onlar dəymiş ziyanın aradan qaldırılması ilə bağlı verilmiş rəsmi sərəncamın bəzi məmurlar tərəfindən yerinə yetirilməməsindən narazı qaldıqlarını və sənəddə nəzərdə tutulduğu kimi ev əşyaları ilə təmin olunmalarını istəyiblər.
“Hazırda mənzillər təmir olunub, mebellə təchiz olunub. Amma soyuducu, kondisioner, televizor, paltaryuyan maşın verilməyib və həmin əşyaların verilməsindən də imtina olunur. Halbuki mənzillər yanarkən həmin əşyalar da sıradan çıxıb”.
Sakinlər deyirlər ki, Binəqədi Rayon İcra Hakimiyyətində baş nazirin birinci müavini Abid Şərifovun sədrliyi ilə keçirilmiş iclasda sakinlərin suallarına cavab olaraq ev əşyalarının onlara ayrılmış 20 min manat mənəvi təzminatla alınacağı bildirilib. Sakinlər isə etiraz olaraq deyiblər ki, həmin 20 min manat kompensasiyanı paltarlarına, yeməyə və sağlamlıq problemlərinə xərcləyiblər.
Müraciətdə həmçinin dövlət başçısı İlham Əliyevdən yanan binadakı evlərin ev əşyaları ilə tam təmin olunması və onlara əlavə problemlər yaradılmaması xahiş olunub.
Müraciəti olduğu kimi təqdim edirik:
“Cənab Prezident! Hadisədən dərhal sonra bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Lakin Sizin verdiyiniz tapşırıqları yerinə yetirməkdən boyun qaçıraraq, 15 avqust 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində Abid Şərifovun sədrliyi ilə keçirilən iclas zamanı bina sakinlərinin sualına cavab olaraq bildirildi ki, kondisioner, televizor, soyuducu, yorğan-döşək və s. ev əşyaları bizə mənəvi təzminat kimi ödənilmiş 20 min manatla alınmalıdır.
O pul sakinlərə verildikdə mənəvi təzminat olduğunu bildirdiklərinə görə sakinlər həmin pulu ailə üzvlərinin yeməyinə, geyiminə, sağlamlığına və s. xərcləyiblər.
Cənab prezident, sakinlərin bəzilərinin yanmış binadan götürdüyü müəyyən əşyalar var ki, onlar da su və güclü zəhərli tüstü nəticəsində tam yararsız hala düşüb.
Hörmətli prezident, xahiş edirik, bizim ev və məişət əşyaları ilə təmin olunmağımıza kömək edəsiniz".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.